28 may 2020 15:50
1047

Ağalar Vəliyev: Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ oldu

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci ilin 28 may günü hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa  edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May tarixini  Respublika Günü olaraq hər il təntənə ilə qeyd edir.

Ümummilli liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, Cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Təsadüfi deyil ki, Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi məhz ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq dövlət səviyyəsində geniş qeyd olunmuşdur.

Bu gün hər bir ölkə vətəndaşı 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin böyük təntənə ilə qeyd olunduğunu sonsuz qürur  hissi ilə xatırlayır. Cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalandı və bu əlamətdar tarixi hadisə münasibətilə 2018-ci il respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirildi.

Artıq bu qürurlu tariximiz bir əsri geridə qoyub. O cümlədən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, o dövrdə öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində olsa belə şərəflə yerinə yetirmişdir.

Lakin əfsuslar olsun ki, müstəqilliyə gedən yol heç də rəvan olmamış, Cümhuriyyət yaranmamışdan öncə xalqımızın taleyində dəhşətli faciələr baş vermişdir. Tarixin müxtəlif mərhələlərində mifik və bədnam "böyük Ermənistan" ideyasını gerçəkləşdirməyə çalışan erməni millətçiləri bolşevik silahlı dəstələri ilə birgə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

Azərbaycanda mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri daha böyük məqsədlər güdür, Azərbaycan torpaqlarını bütünlüklə işğal etmək istəyirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin bu planlarını pozmuşdu.

May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya Aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı.

Bəyannamədə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqları təmin edilmiş, həmçinin ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq qadınlara seçki hüququ verilmiş, suveren, demokratik, hüquqi dövlət yaradılması niyyəti bəyan edilmişdi.

İstiqlal Bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda demokratiya prinsiplərinə əsaslanan parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentarizmin formalaşdırılmasını, daxili və xarici siyasət kursunu, eyni zamanda, vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirmişdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilmiş, Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumətin tərkibi müəyyən olunmuş, dövlət hakimiyyəti strukturları yaradılmışdı. 23 aylıq fəaliyyəti dövründə beş dəfə formalaşdırılan Cümhuriyyət Hökumətinin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmışdır. Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi və s. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindəndir.

Şərqin ilk parlament respublikası olmaqla yanaşı, Cümhuriyyət Parlamentinin ilyarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunvericilik aktları və qərarları milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və təhsil  sahələrində sürətli irəliləyişə imkan vermiş, Azərbaycan dövlətçiliyi, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Gənc Cümhuriyyət Hökumətinin mühüm xidmətlərindən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik vandallarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini araşdıraraq ona hüquqi qiymət vermək, dünyanı məlumatlandırmaq olmuşdur. Təsadüfi deyil ki, 31 mart tarixi iki dəfə – 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatdırılmasına imkan verməmişdir.

Fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdı.

Ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamında qeyd olunduğu kimi, "Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı."

Respublikamız SSRİ-nin tərkibində olduğu dövrdə də bir çox dövlətçilik atributlarını saxlaya bilmiş, iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirmiş, müstəqillik hissləri xalqımızı heç vaxt tərk etməmişdir. Ümummilli lider Heydər Əliyev xalqımızın dövlətçilik ənənələrinin yaşadılması və inkişafı istiqamətində çox böyük işlər görmüş, XX əsrin sonlarında itirilmiş müstəqilliyin yenidən bərpa olunmasında və qorunub möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmişdir.

Əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına Ermənistan adında dövlət yaradan ermənilər əsrin sonunda öz çirkin niyyətlərinə qayıtdılar. Lakin Heydər Əliyev amili, onun siyasi fəhmi, gücü və qüdrəti erməni millətçilərini belə təxribatlardan çəkindirirdi. Ulu Öndərin keçmiş SSRİ-nin siyasi elitasında bütün vəzifələrdən uzaqlaşdırılmasından dərhal sonra erməni separatçıları Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Dağlıq Qarabağ məsələsini qaldırdılar və Azərbaycana  qarşı hərbi təcavüzə  başladılar. Azərbaycan xalqı 1990-cı ilin qanlı 20 Yanvar faciəsini, 1992-ci ildə əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımını yaşadı. Məhz belə bir şəraitdə, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edə bilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən ulu öndər Heydər Əliyev hələ Sovet dövründə - 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını muxtar respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə yenidən respublikaya rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev nadir və dərin dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi.

Beləliklə, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu. Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərinə, onun ənənələrinin yaşadılmasına daim yüksək önəm vermiş, Cümhuriyyətin fəaliyyəti barədə respublikada çoxsaylı elmi konfranslar təşkil olunmuş, arxiv materialları öyrənilərək AXC tarixinə dair dəyərli əsərlər nəşr edilmiş, əhali arasında onun müstəqil, demokratik dövlət quruculuğu ilə bağlı gördüyü işlər geniş təbliğ olunmuş, Cümhuriyyətə abidə ucadılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir. Ulu Öndərin təşəbbüsü ilə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətin 80 illiyi münasibətilə Milli Məclis tərəfindən amnistiya elan edilmişdir.

Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində deyirdi: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi... Xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur."

Xüsusi qeyd olunmalıdır ki, 1918-ci ilin mart soyqırımı barədə əsl həqiqətlər yalnız ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində üzə çıxarılaraq özünün siyasi-hüquqi qiymətini almışdır. Məhz 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.

Artıq həmin Fərmanın imzalanmasından 22 il ötür. Bu müddət ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.

Son illərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır.

2007-ci ildə Qubada aşkar olunmuş kütləvi insan məzarlığı və dövlət başçısının tapşırığı ilə orada yaradılmış Soyqırımı Memorial Kompleksi ermənilərin qanlı izlərini, onların əsl simasını, vəhşiliklərini, cinayətkar əməllərini bütün dünyaya çatdırmaq, soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək baxımından çox böyük tarixi məna daşıyır.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin yanvarında imzaladığı "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamı erməni-bolşevik silahlı dəstələrinin 1918-ci  ilin mart-aprel aylarında  azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında müstəsna əhəmiyyətə malikdir. Soyqırımının 100-cü ildönümü ilə bağlı minlərlə soydaşımız Qubada Soyqırımı Memorial Kompleksinə yürüş etmiş, respublika elmi konfransı keçirilmiş, foto və kitab sərgisi açılmış, digər tədbirlər təşkil olunmuşdur.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin axıra qədər həyata keçirə bilmədiyi işlər onun varisi kimi müasir  müstəqil Azərbaycan Respublikası tərəfindən davam etdirilmiş və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılmışdır. Ölkənin iqtisadiyyatı güclənmiş, qüdrətli ordu, demokratik dövlət təsisatları yaradılmış, qanunun aliliyi, insan hüquqları, siyasi plüralizm, söz və mətbuat azadlığı təmin edilmiş, müasir hüquq sistemi, üçpilləli məhkəmə hakimiyyəti bərqərar olunmuş, vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

Xalq Cümhuriyyətinin varisi olaraq ümummilli lider Heydər Əliyev tərəfindən qurulan və möhkəmləndirilən müstəqil, demokratik Azərbaycan Respublikası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövrünü yaşayır.

2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edən möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına həsr olunmuş iclasında demişdir: "Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq."

Bu ənənələri uğurla inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin dünyada iqtisadi və maliyyə böhranlarının, təhlükələrin və təlatümlərin hökm sürməsinə baxmayaraq sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, dünyada nüfuzunun artması, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, kosmik kluba daxil olması, respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi müstəqilliyimizin bəhrəsidir.

Prezident İlham Əliyev "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim" söyləməklə yeganə düzgün yol olan Ulu Öndərin yolu ilə gedən ölkəmizin müstəqillik tarixinin bundan sonra da yeni, parlaq səhifələrinin yazılacağına əminliyini ifadə etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 28 May - Respublika Günü münasibətilə paylaşımda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq.”

Ağalar Vəliyev,

Milli Məclisin deputatı