10 iyun 2019 16:47
348

Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 11-ci sinif şagirdləri arasında Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş Nəsimi şeir müsabiqəsi keçirilib.

Heydər Əliyev Mərkəzinin foyesində Nəsimiyə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi, məktəblilərin ifasında müxtəlif səhnəcik və kompozisiyalar təşkil edilmişdi.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov bildirib ki, 2019-cu ildə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur: “Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar Nəsimi zəngin irs qoyub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq millimənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib. 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsidir. Prezident İlham Əliyev 2018-ci il 15 noyabr tarixdə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı 2019-cu il 11 yanvar tarixdə imzaladığı Sərəncamla 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilib.”

Daha sonra müsabiqə iştirakçıları tərəfindən Nəsiminin qəzəlləri səsləndirilib və iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Müsabiqədə ilk üç yeri tutan qaliblərə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanları təqdim olunub.

Sonda xatirə şəkili çəkdirilib.

Orxan Vahidoğlu, “İki sahil”