21 iyun 2019 16:30
2755

Ağdaşın Hapıtlı kəndində görüş - FOTO

Yeni Azərbaycan Pariyası (YAP) Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov iyunun 21-də rayonun Hapıtlı kəndinin sakinləri ilə  görüşüb.

Son illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən söhbət açan C.Osmanov bildirib ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı, ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Son günlər ərzində imzalanan Fərman və sərəncamlara diqqət çəkən Cavid Osmanov qeyd edib ki, qəbul olunan bu sənədlərin hər biri sosial yönümlüdür və cənab Prezidentimizin ölkə vətəndaşlarının sosial rifah halının daim yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərin bariz göstəricisidir.

Azərbaycanın hər bir bölgəsi kimi, Ağdaş rayonunun da son illərdə bu inkişafdan yararlandığını və bunun rayonun gündəlik həyatında da hiss olunduğunu qeyd edən Milli Məclisin deputatı ölkədə kənd yollarının çəkilməsindən, Hapıtlı kəndinin də bu uğurlu layihədən yararlanmasından söhbət açıb.

C.Osmanov son dövrlərdə antiazərbaycan dairələrin və ermənipərəst qüvvələrin ölkəmizə qarşı iyrənc kampaniyalar aparmaq niyyətində olduqları haqqında da görüş iştirakçılarına məlumat verib.

Görüşdə çıxış edənlərdən Həsrət Cavadov,  Cəlalə Babayeva, Əhməd Salehov, Səxavət Əsədova, Həmzə Yusubov və Allahverdi Ağamoğlanov bildiriblər ki, ölkəmiz son dövrlər sürətli inkişaf mərhələsinə qədəm qoyub və   insanların sabitlik, əmin-amanlıq şəraitində yaşaması, dövlət tərəfindən bütün problemlərin zamanında həll edilməsi onların ürəyincədir. Ölkə başçısının problemli kreditlərlə bağlı imzaladığı Fərmanın isə kənd sakinlərinə böyük sevinc hissləri yaşatdığını xüsusi qeyd ediblər.

Sonda Cavid Osmanov seçiciləri maraqlandıran sualları cavablandırıb, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edib.

Orxan Vahidoğlu, «İki sahil»