24 iyun 2019 10:39
479

Aidənin sənət dünyası

Deyirlər ki, incəsənət adamları, xüsusilə yaradıcı insanlar digər insanlardan bir addım öndə dururlar. Ona görə ki, onların incə duyğuları dünyaya fərqli baxışları, yaradan, tikən əlləri var. Bu incəliklər zərif bir qadın dünyasında birləşəndə isə o zaman göz önündə sehirli-sirli bir tablo dayanır.

Belə sənət sahibləri Naxçıvan Muxtar Respublikasında az deyil. Belə insanlardan biri də dekorativ-tətbiqi sənət nümunələri ilə tanınan Culfa şəhər sakini İbrahimova Aidə Vahid qızıdır. O, 1986-cı ildə Culfa şəhərində dünyaya göz açıb. 2003-cü ildə Culfa şəhər 2 nömrəli tam orta məktəbini bitirib. Onlarla əl işi muxtar respublikamızda təşkil olunmuş sərgilərin bəzəyinə çevrilib. Oxucularımızı Aidənin sənət dünyası ilə tanış etmək üçün onunla işlədiyi müəssisədə - Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində görüşdük.

- Necə oldu ki, bu sənəti sevib-seçdiniz?

- Mənim müəllimim anamdır. Çünki sənət yolum evdən, ailədən başlayıb. Anam Mətanət xanım evdar qadın olduğundan boş vaxtlarında parça üzərində müxtəlif rəngli saplarla, muncuqlarla tikmələr, toxumalar aparardı. Onun əl işlərinin sorağı yaxın-uzaq kəndlərimizdən gələrdi. Bunun əsas səbəbi anamın parça üzərində rəngli saplarla saldığı incə və zərif naxışlar idi. Onun hər bir əl işi göz oxşayırdı. Onun muncuqlarla hazırladıqları əl işləri və milli geyimlərimizə vurduğu naxışlar məni bu sənətə ürəkdən bağladı. Mən artıq birinci sinfə gedəndə müxtəlif rəngli kağız və kartonlardan gül, çiçək və uşaq oyuncaqları hazırlamağı bacarırdım. Toxuculuğa isə həvəsim daha çox idi. Həyatda gördüyüm, bəyəndiyim naxışları əsərimə gətirir, ona gözəllik donu geyindirirdim. Mən artıq 14-15 yaşlarımda bu sənətə mükəmməl yiyələnmişdim. Möminə xatın, Gülüstan, Yusif Küseyir oğlu kimi möhtəşəm abidələrimizdəki həndəsi naxışlar mənim əsərlərimdə xüsusi yer tutur.

- İlk sənət əsəriniz nə vaxt və harda nümayiş olunub?

- Orta məktəbdə oxuduğum illərdə-2003-cü ildə Naxçıvan şəhərində Əcəmi seyrangahında Novruz bayramı münasibətilə təşkil olunmuş sərgidə “Silah üzərində bayraq” adlı əl işim Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqətini cəlb etmişdir. Mən bu tədbiri Naxçıvan televiziyasından izləyirdim. Mavi ekranda əl işimin bəyənildiyini görəndə çox sevindim. Sonrakı illərdə Novruz şənliyi ilə əlaqədar keçirilən sərgidə “Naxçıvanın rəmzləri, atributları, milli geyimləri və tarixi abidələri” adlı əl işim də muxtar dövlətimizin rəhbəri tərəfindən yüksək qiymətləndirildi. 2010-cu ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq göstərişi ilə Culfa şəhərində əl işlərinin nümayişi və satışı ilə bağlı “Sərgi-satış mağazası” açıldı. Bundan sonrakı illərdə rayonumuzu layiqincə təmsil etmişəm. Bilirsiniz ki, hər bir xalqın milli dəyərləri onun özünün təsdiq imkanı və  pasportudur. Bizim malik olduğumuz milli dəyərlərin kökündə ilk növbədə Vətənə qırılmaz tellərlə bağlılıq, yüksək milli-mədəni irs və adət-ənənələr dayanır. Xalqımız həmişə öz milli dəyərlərinə sadiq olmuşdur. Bu dekorativ-tətbiqi sənət nümunələri təkcə bədii-estetik zövqün daşıyıcısı deyil, həm də bu sənətlə məşğul olan qadınlarımızın naxışlarda yaşatdığı milli dəyərlərdir. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə qadınlar arasında keçirilən “Milli dəyərlərimiz: Vətənpərvərlik” mövzusunda keçirilən ikinci muxtar respublika rəsm və əl işləri müsabiqəsində kvillinq üslubunda işləyib hazırladığım “Azərbaycan ulu öndərin imzası ilə” adlı əl işim birinci yerə layiq görülmüşdür. Bundan sonrakı illərdə də bir neçə əl işim muxtar respublikamızda qadınların əl işlərindən ibarət təşkil olunan sərgilərdə diqqəti cəlb edib. Ən böyük sevinc hissini isə 2015-ci ilin mart tarixində yaşamışam. Həmin il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Rəşadətli əməyə görə” döş nişanı ilə təltif olunmuşam. Mənim kiçik əməyimə verilən bu yüksək qiymətə görə dövlətimizə minnətdaram.

Onu da qeyd edim ki, dekorativ-tətbiqi sənətlə yanaşı, həm də, teatr yaradıcılığı sahəsi üzrə də məşğulam. Rayon Mədəniyyət Şöbəsinin tabeliyində fəaliyyət göstərən Culfa şəhər klubunda “Haçadağ pantomim dərnəyi”nə rəhbərlik edirəm. Yetirmələrimlə birlikdə kiçik səhnəciklər hazırlayırıq. Vətənpərvərlik mövzusunda hazırladığımız səhnəciklər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bu il yetirmələrim üçün də uğurlu oldu. Aprelin 27-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı gənclər festivalı”nda bizim təqdim etdiyimiz “Kitabların tozunu alaq” adlı səhnəciyimiz birinci yerə layiq görüldü. Dövlətimizin bu qiyməti bizi daha da ruhlandırır və gələcəyə səsləyir. Bundan başqa muxtar respublikamızda ənənə şəklini alan festivallarda da həvəslə iştirak edirəm. Bu il iyunun 1-2-də Naxçıvanda keçirilən “Göycə” festivalında göycədən hazırladığım bir neçə sənət əsəri festival iştirakçıları və turistlər tərəfindən maraqla qarşılanmışdır.

- Siz Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “El sənəti nümunələri” dərnəyinə rəhbərlik edirsiniz. Bu sənətin sirlərini dərnək üzvlərinə necə öyrədirsiniz?

- Milli dəyərlərimizi yaşatmaq və təbliğ etmək mənim ən ümdə arzularımdan biridir. İstəyirəm ki, bu sənətin davamçıları daha çox olsun. Əvvəl Culfa Rayon Mədəniyyət Şöbəsində, Mədəniyyət Evində “Bacarıqlı əllər” dərnəyinə rəhbərlik etmişəm. Görmüşəm ki, qızlarımız bu sənətə xüsusi maraq göstərir. Rayonumuzun müxtəlif kəndlərindən-Gülüstan, Dizə, hətta Ərəfsə və Boyəhməd kəndindən gələnlər də olub. Hazırda  Uşaq Yaradıcılıq Mərkəzində bu fəaliyyətimi davam etdirirəm, yetirmələrim çoxdur. Onlardan Səma İbrahimli, Bədi Yusifova, İnci Nağıyeva, Kəmalə İsmayılova və Nurşən Hüseynli və başqaları artıq bu sahədə ustalaşıb. Rayonumuzda,  eləcə də muxtar respublikamızda təşkil olunan sərgilərdə onların da əsərləri maraqla qarşılanır. Hazırda 10-dan çox dərnək üzvlərim var. Onlara şüşə üzərində mənzərə yaratmaq, milli personajlarımızı əks etdirən oyuncaqlar hazırlamağı öyrədirəm. İnsan elə çalışmalıdır ki, öz işi və yetirmələri ilə yadda qalsın. Mən yetirmələrimlə fəxr edirəm.

- Həyatda ən böyük arzunuz, istəyiniz?

- Hər ömrün öz rəngi, öz gözəlliyi var. Həyat insana o zaman şirin görünür ki, onun biliyindən, fəaliyyətindən, yaratdıqlarından xalq, Vətən faydalansın. Mənim də ən böyük arzum, istəyim milli dəyərlərimizdən biri olan bu sənət növünü yaşatmaq, onu gələcək nəsillərə ərməğan etməkdir. Mən təkcə toxuculuqla məşğul olmuram. Bu sahədə çoxlu kitablar oxuyuram, araşdırmalar aparıram. Mənim geniş layihələrim var. Milli geyimlərimizi, tikmələrimizi dərindən öyrənmək və daha geniş auditoriyaya çıxarmaq niyyətindəyəm. Bundan başqa xalçaçılıq və xəttatlıq sənətini öyrənmək və onu gənc nəslə aşılamaq fikrindəyəm. Mən bu gücü, hünəri dövlətimizin qadınlara göstərdiyi sonsuz diqqət və qayğıdan alıram. İstəyirəm ki, öz əsərlərimlə muxtar respublikamızı və doğma Azərbaycanımızı beynəlxaq sərgilərdə təmsil edim. Axı, biz yüksək mədəniyyətə, milli kökə bağlı olan bir xalqıq.

Müsahibim danışdıqca yadıma ata-babalarımızın bir kəlamı düşürdü: “Hər kəsin səadəti, uğuru onun inamından, amalından və məsləkindən başlayır”. Biz də bu yolda Aidə xanıma  uğurlar arzulayırıq.

Rövşən Hüseynov