05 noyabr 2020 18:02
1825

Ali Baş Komandanımız informasiya müharibəsinin də qalibidir

Tarixi əhəmiyyətə malik müsahibələrində  qılıncdan iti olan, sağlam məntiqə əsaslanan sözün qüdrətini hazırcavablığı, məntiqli düşüncəsi ilə bildirən Prezident İlham Əliyev bu sahədə də rəqiblərini arxada qoyur 

Sentyabrın 27-dən etibarən  Ermənistanın təxribatları nəticəsində başlanan İkinci  Dağlıq Qarabağ müharibəsi, Azərbaycanın Milli Ordusunun  torpaqlarımızın işğaldan azad olunması üçün göstərdiyi mücadilə, qazandığı uğurlar beynəlxalq ictimaiyyətin maraqla izlədiyi və dünya siyasətinin ən aktual mövzusu kimi  gündəmdədir. Döyüş bölgəsində baş verənləri, əsl həqiqətləri öyrənmək üçün Azərbaycana və Ermənistana səfər edən, müsahibələrini öz ölkələrinin maraqları və  tərəflərə olan münasibətləri baxımından  formalaşdıran xarici KİV-lərin təmsilçilərinin suallarını  cavablandıran, Dağlıq Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyev siyasi hazırlığı, məntiqli  düşüncəsi, hədəfə istiqamətlənmiş açıqlamaları ilə də diqqət çəkir. Dağlıq Qarabağ münaqişəsi fonunda  regionun dünya siyasətindəki  geosiyasi əhəmiyyəti, yeri və rolunu təhlil edən, həqiqəti əks etdirən tarixi hadisələri xronoloji ardıcıllıqla xatırladan, zəngin bilik və təcrübəsi ilə    müsahiblərini heyrətləndirən ,  ölkəmizə qərəzli münasibətini  sətiraltı sualları ilə bildirənləri sərrast cavabları ilə susduran Prezident İlham Əliyev qüdrətli bir ölkənin başçısı olduğunu da təsdiqləyir. Dövlət başçımızla  həmsöhbət olmaqdan  məmnun olduqlarını bildirən xarici jurnalistlərin qənaəti belədir: Dayaz düşüncəli, hadisələri təhliletmə bacarığından,  siyasət, dövlətçilik haqqında  ən sadə  biliklərdən məhrum Ermənistanın baş naziri Nikol  Paşinyanı üstələyən Prezident İlham Əliyev dünya siyasətçiləri, həmkarları arasında nüfuzu ilə   fərqlənən liderlərdəndir.

Dünya ictimaiyyətinin maraqla izlədiyi müsahibələrində bütünlükdə regionda yaranan mövcud vəziyyətə,  baş verən hadisələrə aydınlıq gətirən  Prezident İlham Əliyev sualları dünyanın ən gərgin geopolitik  bölgəsi olan Cənubi Qafqaza yönələn  maraqlar baxımından cavablandırmaqla, region dövlətlərinin tarixinə də nəzər salır, hadisələri dünya siyasətinə təsiri aspektindən dəyərləndirir, problemləri yaradan  səbəbləri  nəticələrə sağlam düşüncə ilə qiymət verməklə təhlil edir.

ABŞ-ın «Fox News» televiziya kanalının müxbirinin sözlərini xatırlayaq: « Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfərrüatı ilə və səlis izah edirsiniz.» Prezident İlham Əliyevin natiqlik qabiliyyətini, malik olduğu informasiya bolluğundan istifadə edərək  beynəlxalq ictimai fikri düzgün istiqamətləndirmək bacarığına  heyranlıq  ifadə olunan belə  dəyərləndirmələr   çox olmaqla, gündəlik  müşahidə  olunan həqiqətlərdəndir.

Ölkəmizə fərqli münasibətdə olan dövlətlərin KİV-lərinə müsahibə vermək,  qarşı tərəfin suallarını cavablandırmaq həm də  ölkələr arasındakı əlaqələrə aydınlıq gətirir.  Sualları cavablandırmaq üçün isə jurnalistin təmsil etdiyi dövlətin daxili və xarici  siyasəti, iqtisadiyyatı, coğrafiyası, dünyanın siyasi müstəvisindəki mövqeyi, nüfuzu,  bir sözlə, ən kiçik detallar barədə zəngin informasiyaya malik olmalısan. Ölkəmizə gəlişinin məqsəd və məramından asılı olmayaraq  xarici jurnalistlərin suallarına təmkinlə, səbirlə,  xalqımıza məxsus qonaqpərvərliklə  Azərbaycan xalqının maraqları, dövlətçilik mövqeyi, ölkəmizin region üçün əhəmiyyəti, dünya siyasətinə təsiri baxımından  münasibət bildirən Prezident İlham Əliyev  informasiya müharibəsində də qalib olduğunu  göstərdi.  Fransanın və Almaniyanın televiziya kanallarına müsahibələrində  təkcə Azərbaycanın deyil, ölkəmizə dost, qardaş dövlətlər haqqında məlumatları  faktlara, arqumentlərə əsaslanaraq açıqlayan Prezident İlham Əliyev  Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığından,  «Bir millət, iki dövlət »  aforizminin əbədiliyindən daha ətraflı bəhs edərək bildirdi ki, tarixi kökləri  eyni mənbədən qaynaqlanan bu iki dövlətin dünya siyasətinə  təsir imkanları artmaqdadır. Fransız, yaponiyalı, amerikalı jurnalistlərin cəbhədə baş verənlərdən əlavə  Türkiyə –Azərbaycan münasibətləri ilə bağlı  suallarının çoxluğu, nələri isə  öyrənmək bəhanəsi ilə  verilən  sualların sonradan  başqa tərzdə təkrarlanması bu «marağı» aydın göstərdi. «Qüdrətli» Ermənistanın «yenilməz ordu mifi» nin  boş xəyal olması ilə barışmaq istəməyən dövlətlərin maraqlarını qoruyan, işğalçını dəstəkləyənlərin əsas məqsədi   cəbhədə  uğurlu əks- əməliyyat keçirən Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq, Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstəyini «hərbiləşdirməyə» çalışmaq cəhdidir. Türkiyənin «SİHA»larından, «F-16»larından təşvişə düşənlər dolayısı ilə Azərbaycanın Ermənistan üzərindəki hərbi üstünlüyünü başqa istiqamətə yönəltməyə çalışanlar, peşə məsuliyyətlərini başqalarının maraqlarına qurban verənlər sağlam  düşüncənin, həqiqətin qarşısında  susmağa məcbur oldular.

«Fiqaro»nun jurnalistinin qərəzli sualını «Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə  hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu , Rusiyadır. Lakin biz Ermənistandan fərqli olaraq,  Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz,  həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq» sözləri ilə cavablandıran Prezident İlham Əliyev «ermənilərin öz müqəddəratını təyinetmə hüququ»,  döyüşlərə üçüncü ölkənin cəlbi, sülhməramlıların yerləşdirilməsi kimi ictimai fikrin yayındırılmasına yönələn sualları da beynəlxalq hüquq və ədalət prinsipləri baxımından cavablandırır, hədəfləri açıq –aydın izah edir. Bildirir ki, bölgədə ikinci  Ermənistan dövlətinin yaradılmasına  imkan verilməyəcək.  Azərbaycanın  torpaqlarımızı işğaldan azad etmək qüdrətinə malik güclü ordusu var,  üçüncü tərəfin müdaxiləsinə  ehtiyac yoxdur. Beynəlxalq səviyyədə qadağan olunmuş, insan həyatı üçün təhlükəli raket və bombalardan istifadə etməklə  Gəncədə, Tərtərdə, Bərdədə çoxlu mülki əhalinin ölümü ilə nəticələnən terror aktları törədən faşist  təfəkkürlü  Ermənistandan fərqli olaraq Azərbaycan dinc sakinlərə atəş açmır. Prezident İlham Əliyevin «Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır» sözləri  miskin, başqalarından yardım dilənən Ermənistana, onun  regionu daim gərginlikdə saxlamaq niyyətində olan havadarlarına  son mesajdır.  

Almaniyanın «ARD» televiziya kanalının müxbirinin «Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?» kimi  ikibaşlı sualına  Prezident İlham Əliyev elə   almansayağı dəqiqliklə cavab verir.  «Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır» söyləyən dövlət başçımızın bu cür ətraflı, başqa sözlə deyilsə,  «on iki»ni hədəfə alan  sözlərindən heyrətlənən jurnalistin bir anlıq susması həqiqət qarşısında acizlik idi.

Prezident İlham Əliyev bütün müsahibələrində  Dağlıq Qarabağın tarixi ilə bağlı həqiqətləri, ermənilərin bu bölgəyə XIX əsrin əvvəlində  gəldiyini  tarixi faktlarla diqqətə çatdırır.  İşğal etdikləri ərazilərdə Azərbaycanın mili-mənəvi dəyərlərini məhv edən, abidələrini dağıdan,  yaşayış məntəqələrimizin adlarını özününküləşdirən erməni vandallarından fərqli olaraq Azərbaycanda hələ də  erməni kilsəsi qorunur. Ölkəmizdə xeyli erməni yaşayır.

Azərbaycanda guya demokratiyanın tələblərinin pozulduğunu bəhanə edərək ölkəmizlə bağlı  yalan məlumatları tirajlamağa   çalışanlara da  dövlət başçımızın Avropada dinc nümayişçilərə, o cümlədən Fransada  «sarı jilet»lilərə, mühacirlərə göstərilən təzyiq və təhdidləri, işgəncələri nümunə gətirməklə bildirir. Cavab sərt və  birmənalıdır: «Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur.»

Göründüyü kimi, söz ifadə etmək bacarığından sağlam məntiqin, liderlik fəlsəfəsindən yararlanaraq bu dəyərləri gündəlik iş prinsipinə çevirmək istəkləri olan yerdə  yalanların və  böhtanların adı, mahiyyəti, təsir  imkanları   dəyişilməzdir: Feyk informasiyalar. Müdriklərin bir hikmətli  kəlamını xatırladaq: «Ağıllı insan həqiqəti hər yerdə deyir. Müdrik isə  həqiqəti zamanında və yerində söyləyir.» Cənab İlham Əliyev bu dəyərə layiq olduğunu « Qarabağ Azərbaycandır!» sözləri ilə  təsdiq edib.

Xuraman İsmayılqızı, «İki sahil»