13 dekabr 2019 19:50
1009

Almaniya ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Mədəniyyət naziri Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Nazir Azərbaycan və Almaniya arasında, bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişaf etdiyini bildirərək indiyədək görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr haqqında məlumat verən nazir Almaniya tərəfini birgə əməkdaşlıqda fəal olmağa dəvət edib. Ə.Qarayev müasir incəsənət, teatr, musiqi sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsinin bu əməkdaşlığa əhəmiyyətli təsirini diqqətə çatdırıb.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Volfqanq Maniq Almaniya-Azərbaycan mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq əməkdaşlıq müqaviləsinin imzalanmasını təklif edib. Diplomat bu əməkdaşlığın Almaniya və Azərbaycan arasında hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyindən əminliyini bildirib.

Görüşdə qeyd olunan təkliflər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.