04 dekabr 2019 14:04
1937

Almaniyalı heyət TTSİ-nin Qobustan Regional Təlim Mərkəzində - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində Almaniyanın Rheinmetall Electronics GmbH şirkətinin Beynəlxalq satış üzrə direktoru Marius Vanslebenin rəhbərlik etdiyi nümayəndə heyəti və Alman-Azərbaycan Xarici Ticarət Palatasının İcraçı direktoru Tobias Baumann ilə görüş keçirilib.

Görüşdə Qobustan regional təlim mərkəzində tədris olunan proqramlar və mövcud imkanlar barədə məlumat verilib, eləcə də avtomat, yarımavtomat, əl ilə qövs qaynağı və sualtı qaynaq üzrə peşə kurslarının vacibliyinə toxunulub. Həmçinin, dağılan və dağılmayan müayinə metodları üzrə inspektorların və qaynaq mühəndislərinin hazırlanması prioritet məsələlər kimi vurğulanıb.

Daha sonra qonaqlara təlim mərkəzinin qarşısında duran vəzifələr və xarici şirkətlərin tələbləri barədə ilkin surətdə məlumat verilib, Qobustan regional təlim mərkəzində BP, “SOCAR Polymer” MMC, “BosShelf” MMC, “AzFen” BM və digər şirkətlər ilə tərəfdaşlıq çərçivəsində xarici ölkələrin aparıcı təlim və peşə təhsili qurumlarının metodikası əsasında texniklərin hazırlanmasının aktuallığı qeyd edilib. Eyni zamanda, təlim mərkəzinin sinif otaqlarında, laboratoriyalarında və emalatxanalarında qurulmuş simulyatorların iş prinsipləri, mövcud standartlar, əyani vəsaitlər, Qaynaq sexində görülən işlər, əməyin təhlükəsizliyi rejimi, istifadə olunan avadanlıqlar və materiallar qonaqların nəzərinə çatdırılıb.

Sonda Rheinmetall Electronics GmbH şirkətinin nümayəndə heyəti və Alman-Azərbaycan Xarici Ticarət Palatasının İcraçı direktoru Tobias Baumann Qobustan regional təlim mərkəzində tanışlıq üçün yaradılan şəraitə görə rəhbərliyə öz minnətdarlığını bildirib.

Orxan Vahidoğlu, “İki sahil”