28 yanvar 2020 18:54
1714

Anar Məmmədov: Dövlətimə və xalqıma vicdanla xidmət edəcəyəm

Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatı fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Yanvarın 27-də 96 saylı Goranboy-Naftalan seçki dairəsinin əhatə etdiyi Goranlı, Qazançı, Qaradağlı və Şadılı kəndlərində YAP-ın deputatlığa namizədi Anar Məmmədovun seçicilərlə görüşləri keçirilib.

YAP Goranboy rayon təşkilatının sədr müavini Gündüz Hacıyev çıxış edərək Anar Məmmədov barədə ətraflı məlumat verib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində qazanılan uğurlardan danışaraq qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Goranboy rayonunda da bir sıra layihələr uğurla həyata keçirilir. Vurğulayıb ki, rayonun kəndlərində abadlıq-quruculuq işləri sürətlə davam etdirilir, yol infrastrukturunun yenilənməsi sahəsində xeyli işlər görülüb.

Namizəd Anar Məmmədov görüşlərdə bildirib ki, gənclər Azərbaycanın ictimai-siyasi həyatında daim fəallıqları ilə seçilirlər: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük sosial proqramlar həyata keçirilir. Gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gun onların səsi yüksək tribunalardan gəlir. Əziz seçicilər, çalışacağam ki, sizin etimadınızı hər zaman doğruldum. Sizi əmin edirəm ki, dövlətimə və xalqıma vicdanla xidmət edəcəyəm”.

Çıxış edən aprel döyüşlərinin iştirakçısı İlham Əliyev, şəhid atası Məhyəddin Məmmədov, Qarabağ əlili İlqar İsmayılov, Sadılı kənd tam orta məktəbinin direktoru Ürfət Əmiraslanov, kənd ağsaqqalı Zirəddin Mehtiyev, şəhid qardaşı Müşviq Cabbarov və başqaları seçiciləri fevralın 9-da seçki məntəqələrinə gələrək Anar Məmmədova səs verməyə çağırıblar.

Cavid Əkbərov, “İki sahil”