07 avqust 2019 15:02
1242

Angelina Coli: Dünyanın daha güclü qadınlara ehtiyacı var

Məşhur amerikalı aktrisa, BMT-nin qaçqınlar üzrə xüsusi elçisi Angelina Coli bildirib ki, müasir dövrdə dünyanın daha güclü qadınlara ehtiyacı var. Bəşər tarixinin başlanğıcından zərif cinsin nümayəndələrinin daim əzildiyi və qadın toplumunun öz taleyi ilə barışdığını diqqətə çatdıran xanım Coli vurğulayıb ki, bu ürəksıxıcı mənzərəyə son qoyulmalıdır.

AZƏRTAC xəbər verir ki, aktrisa Elle Magazine nəşrinə yazdığı essedə qeyd edib: “İşimlə bağlı dünyanın bir çox ölkələrinə səyahət etmişəm və elə yerlər olub ki, düşünmüşəm: bu ölkənin vətəndaşı olsaydım inanclarıma və qadın olduğuma görə həbsxanaya düşə, yaxud psixi vəziyyətim pisləşə bilərdi. Qadın hüquqlarının müdafiəçiləri bütün dünyada siyasi baxışlarına görə təqiblərə məruz qalırlar və özlərini müdafiə etmək üçün daha güclü olmaq məcburiyyətindədirlər. Dünyaya nəzər saldıqda bir sual meydana çıxır; nədən zərif cinsin nümayəndələrini ikinci planda saxlamaq üçün bu qədər böyük səylər göstərilir?”

Angelina Coli əlavə edib ki, məhz təqib və təhqirlərdən cana doymuş qadınlar güclü olmaq istəyirlər. Onlar köhnə qaydaları rədd edir, özü və ailəsi üçün daha xoşbəxt günlərə işıq salan yeni həyata can atırlar. Onun sözlərinə görə, zalımlara təslim olmayan qadınlar tez-tez öz ailə üzvləri və ya cəmiyyət tərəfindən cəzalanmaq riski ilə üzləşirlər. “Biz bu cür vəziyyətə dözə bilmərik və dünyanın güclü qadınlara ehtiyacı var”, -deyə Coli vurğulayıb.

BMT-nin qaçqınlar üzrə xüsusi elçisi vəzifəsini daşıyan aktrisa dünyanın ən gərgin nöqtələrində - silahlı münaqişə zonalarında insanların vəziyyəti ilə tanış olub. Suriya və Pakistanda rastlaşdığı humanitar böhranı təsvir edən aktrisa yazır: “Pakistandakı əfqan düşərgəsində “Taliban”ın hakimiyyəti dövründə qaçqın düşmüş bir ata ilə söhbət etdim. Qızlarını məktəbə göndərdiyi üçün onu çox pis döymüşdülər və qara ciyərini itirdiyindən gözlərinin ağı saralmışdı. Dünyanın vicdanlı adamları məhz bu cür hallara qarşı mübarizə aparmalıdırlar”.