09 iyul 2020 17:18
1007

Antimilli təfəkkürlü “Milli Şura”nı ermənilərlə birləşdirən ortaq “dəyər”

Yazımıza belə bir sualla başlamaq istərdik- adında milli sözü olan hər şeyə milli demək olarmı?- əlbəttə ki, yox. Məlum həqiqətdir ki,  millilik milli xüsusiyyət daşıma, milli səciyyədə olma anlamını özündə ehtiva edir.  Çox təəssüf ki,  2013-cü ildə respublikamızdakı prezident seçkiləri ərəfəsində Azərbaycanın əleyhdarı olan bəzi xarici qüvvələrin sifarişi və tapşırığı ilə yaradılan dağıdıcı müxalifətdən ibarət “Milli Şura” adlı antimilli təşkilat haqqında bunları demək mümkün deyil.  Çünki “5-ci kolon”un tipik nümunələrindən olan “Milli Şura”da təmsil olunanların siyahısından bəlli olur ki, bu qurumun adındakı “milli” sözündən Azərbaycan əleyhinə gizli niyyətlərin həyata keçirilməsi üçün bir çətir kimi istifadə edilib.

 Bu gün bu antimilli  şurada toplaşan bu məxluqatlar hələ ötən əsrin 90-cı illərinin əvvəllərində “Millət yoludur, haqq yoludur tutduğumuz yol” deyiminin arxasında maskalanaraq respublikanın idarəçiliyindəki boşluqdan istifadə edib çevriliş yolu ilə hakimiyyəti zəbt edib milləti yaman günə qoyaraq ölkəni uçuruma yuvarlatdılar. Həmin maskalanmış siyasətin nəticəsində iş o yerə çatdı ki, Azərbaycan bir neçə yerə parçalanmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Küçədən,  çayxanadan hamam müdirliyindən, daha haralardan gələn bu ac həriflər əllərinə düşən təsadüfi fürsəti fövtə vermir, ondan  hər cür istifadə edərək ölkəni acgözlüklə  talan edir, sərvətlərini talayır, ən dəhşətlisi isə ölkədə müharibə gedə-gedə gizli yollarla ermənilərə dizel, benzin yanacağı satırdılar. Erməni tankları da həmin yanacaqla Qarabağı viran edir, kəndləri, qəsəbələri dağıdırdı. Qarabağdakı soydaşlarımız satqın və xəyanətkarların satdığı yanacaqla dolu erməni tanklarının tırtılları altında əzilib xıncım-xıncım olurdular.

 Bunlar həqiqətdir. Əvvəla, yaşlı insanlar, bizim nəslin nümayəndələri o dövrün canlı şahidləyirik.  İkincisi, Azərbaycanımızın çox da uzaq olmayan həmin tarixini özündə dolğunluqla əks etdirən sənədlər, kinoxronikalar, çoxlu sayda faktlar vardır. Axı real faktlar da tarixin canlı şahidləridir. Belə faktlara diqqət edəndə istər-istəməz adamın tükləri biz-biz olur. Məsələn, 1992-1993-cü illərdə AXC-Müsavat iqtidarı dövründə o zamankı dövlət başçısı Əbülfəz Elçibəy hakimiyyət qurumlarının rəhbərliyi ilə keçirdiyi  fövqəladə iclasda hökumətin bəzi qurumlarının Ermənistana benzin satdığından danışır. O,  Azərbaycan tankının, döyüş maşınlarının, helikopterlərinin yanacağını oğurlayıb Ermənistana satan dövlət adamlarını ittiham edir: “Siz Ermənistana Gürcütsan vasitəsi ilə benzin satrısınız. Amma Azərbaycan vətəndaşlarının isə benzinə ehtiyacı var.”

Həmin fövqəladə iclasda  Əbülfəz Elçibəy deyir ki, ölkə talanır, sərvətləri oğurlanır, ermənilərə gizli yollarla yanacaq satılır. Bununla yanaşı, o zamankı dövlət katibi, bu gün dağıdıcı müxalifətin başbilənlərindən olan Əli Kərimli də çıxış edərək  ölkənin talan olduğunu, rüşvətxorluğun baş alıb getdiyini, dövlət əmlakının, hökumət avtomobillərinin qanunsuz yollarla özəlləşdirilildiyini və bütün bu kimi cinayət əməllərində yüksək vəzifəli dövlət məmurlarının iştirakı olduğunu qeyd edir. 

Birillik hakimiyyətləri dövründə Azərbaycanı məhv olmaq təhlükəsi ilə üzə-üzə qoyan, bu gün “Milli Şura” adlı antimilli qurumda cəmləşən həmin satqın  ünsürlər bu gün də “müxalifət” maskası altında öz xəyanətkar əməllərini davam etdirirlər. Əslində isə onlar  iqtidara qarşı deyil, Azərbaycan dövlətinə, dövlətçiliyimizə qarşı müxalifətçilik edirlər. Belə olmasaydı bu xəyanətkarlar dünya  bazarlarında neftin qiymətinin aşağı düşməsinə sevinməzdilər. Əsl rəzalətdir. Pandemiya ilə əlaqədar olaraq dünya bazarlarında Azərbayan neftinin qiymətinin aşağı düşməsinə sevinənlər ölkə başçısın dediyi kimi, bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura: “Özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və ölkə böyük problemlərlə üzləşəcək; Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir; Neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər; Bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır, Neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracaq. Son illər ərzində yaradılmış böyük iqtisadi-maliyyə potensialı istənilən böhranla bacarmağa imkan verir.”

Anladınızmı, başa düşdünüzmü ey milli ruhu qısırlaşmış satqın, xəyanətkar, milli maraq və mənafelərimizə düşmən kəsilən “sapı özümüzdən olan baltalar”?..

Əslində anti-Azərbaycan dairələrin əlində oyuncaq olan bu satqın zümrəni göynədən, kürklərinə birə salan Azərbaycanın uğurları, ölkənin sözün həqiqi mənasında yeni mərhələyə qədəm qoymasıdır. Son illərdə dövlətimizin başçısı tərəfindən Nazirlər Kabineti, Prezident Administrasiyası, mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə-hüquq sistemində aparılan struktur və kadr islahatları ölkənin ictimai-siyasi, iqtisadi inkişafına yeni implus verib. Dövlət başçısının söylədiyi kimi, mütərəqqi islahatların dərinləşməsi parlamentdən də yan keçə bilməzdi. Məhz buna görə də ölkəmizdə ilk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında müəyyənləşdi. Parlament rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olundular. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin birinci iclasındakı nitqində bildirdi ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri parlamentin rəhbərliyində və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar. Parlament seçkilərindən sonra yeni tərkibdə formalaşan Milli Məclisin rəhbərliyinə müxalifət nümayəndəsinin seçilməsi də Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı islahatların bundan sonra da davam etdiriləcəyinin göstəricisidir.

Bü gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da  artması, ictimai-siyasi həyatın bütün sahələrində reallaşdırılan islahatların dərinləşməsi, siyasi partiyalar arasında sivil və etimadlı münasibətlər sisteminin formalaşması prosesinin sürətlənməsi, cəmiyyətdə siyasi rəqiblik anlayışına yeni baxışın ortaya qoyulması, cari ilin fevral ayında baş tutan parlament  seçkiləri ilə siyasi sistemin təşəkkülü üçün mühüm addımların atılması, ölkəmizdə ilk dəfə olaraq parlament rəhbərliyinin çoxpartiyalılıq prinsipi əsasında müəyyənləşməsi marginallaşaraq özlərini cəmiyyətdən təcrid edən dağıdıcı müxalifətçiləri, onların “Milli Şura”sını vahiməyə salır.

 Digər yandan xalq-iqtidar birliyinin güclənməsi, bütövlükdə demokratik inkişaf baxımından çox uğurlu proseslərin baş verməsi,  iqtidarla siyasi əxlaqı və mədəniyyəti əxz etmiş, konstruktiv, milli ideallara sadiq müaxilifət arasında dialoqun yeni mərhələsinin başlanması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyat üçün müraciət edən partiya rəhbərliyi arasında görüşlər keçirilməsi, partiyaların qeydə alınması, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bütün sosial layihələrin icrasının uğurla davam etdirilməsi, COVID-19-a qarşı mübarizədə əldə olunan nailiyyətlər bu satqın, anti-Azərbaycan qüvvələrin dirijorluğu ilə daxili sabitliyi pozmağa, risk amillərini yüksəltməyə çalışan, müxalifət adını istismar edən “beşinci kolon”un  nümayəndələrini getdikcə daha da aqressivləşdirir.

Əslində öz çirkin məqsədlərini həyata keçirmək üçün  erməni lobbisi ilə işbirliyinə gedən, anti-Azərbaycan dairələrin maşası olan, şəxsi maraqları və ambisiyaları naminə milli maraq və  mənafelərimizə zidd əməllərini bu gün də davam etdirərək  insanlarda kütləvi qorxu, etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün xəyanətkar fəaliyyətlərinin miqyasını gündən-günə genişləndirən “Milli Şura”çılar pandemiyadan daha təhülikəlidirlər.

Şübhəsiz, vaxt olacaq tibb elminin imkanları sayəsində koronavirusun müalicə üsulları tapılacaq, bütün dünya COVID-19 bəlasından qurtulacaq. Görəsən, nə vaxtsa ölkəmizdəki antimilli təfəkkürlü, erməni təəssübkeşliyi ilə alışıb-yanan, “Milli Şura”çı ünsürlərin xəyanətkarlığının, satqınlığının əleyhinə “vaksin” necə, tapılacamı?..

Zahid Rza, “İki sahil”