KÖŞƏ

Sevinc Azadi

Antimilli ünsürlərin siyasi hoqqabazlıqları və...

16 may 2019 10:45
2118

Bu gün düşmənlə bir sırada duranların taleyinin necə olacağı və onların gələcək nəsillərin üzünə necə baxacaqları qaranlıqdır

Azərbaycana qarşı qarayaxma kampaniyasının müxtəlif dairələr tərəfindən aparıldığı çoxdan məlumdur. Əslində söhbət, ümumiyyətlə, ikili standartlar siyasətinin dünya dövlətlərinə vurduğu zərərdən gedir. O cümlədən Qərbin bir sıra dairələrinin düçar olduqları islamofobiya getdikcə daha ağır nəticələr verməkdədir. Azərbaycan əleyhinə kampaniyalar bunun işığında kifayət qədər düşündürücü görünür. Məqsəd aydındır: Azərbaycanı gözdən salmaq, onun antidemokratik obrazını formalaşdırmaq və inkişafına əngəl yaratmaq. Ermənilər və onların havadarları Ermənistanın inkişafına nail ola bilmirlər və əlacları Azərbaycanın qarşısını kəsməyə qalıb. Bu prosesdə bir sıra “sapı özümüzdən olan baltalar” da iştirak edirlər. Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətlərini artıq gizlətmirlər və pərdələməyə də çalışmırlar. Onlar öz dövlətlərinin əleyhinə elə sözlər işlədirlər ki, sağlam düşüncə onları heç qəbul etməz. Belə olan halda bir-iki nəfər mənəviyyatsız erməni köləsinin özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur. Elə Orduxan Teymurxan və onun ətrafindakılar kimi... Bu şəxslərin Prezident İlham Əliyevin Brüssel səfəri öncəsi “fəallaşması”, bir-iki nəfərdən ibarət aksiyalar təşkil etmələri, haray-həşir salmaları bir daha göstərdi ki, onlar ayrı-ayrı xarici siyasi və iqtisadi anti-Azərbaycan mərkəzlərindən aldıqları ianələr və qrantların əvəzi olaraq xəyanət missiyasını davam etdirirlər. Həmin antimilli ünsürlərin Brüsseldə aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə bir daha nümayiş etdirdi.

Lakin mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirildi. Bu aksiya azərbaycanlı mənşəyindən sui-istifadə edərək erməni maraqlarına oynayan orduxanlara sərt sillə oldu desək, yanılmarıq. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak edirdilər. Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmişsiniz”, “Cənab Prezident, Sizi salamlayırıq” və sair kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər. Onlar azərbaycanlı olduqları ilə fəxr etdiklərini bildiriblər. Aksiya iştirakçıları, həmçinin bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan etdilər. Aksiya iştirakçıları bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində kök salan ikili standartlara, həmçinin düşmən dəyirmanına su tökən bəzi “özümüzünkülər”ə də etiraz edərək, ölkəmizin demokratik prinsiplərə hərtərəfli yiyələndiyini bir daha diqqətə çatdırdılar.

Göründüyü kimi, xaricdən Azərbaycan əleyhinə nəsə deyən hər hansı şəxs öz vicdanı, milləti və dövləti qarşısında məsuliyyət daşıyır. Hər bir vətəndaş öz mövqeyini dəqiq müəyyənləşdirməli və yerini düzgün seçməlidir. Bu gün düşmənlə bir sırada duran vətəndaşların taleyinin necə olacağı və onların gələcək nəsillərin üzünə necə baxacaqları qaranlıqdır. Bu barədə də düşünmək gərəkdir. Siyasi mübarizə Vətəni, milləti və dövləti aşağılamaqla bir araya sığmır. Bu yolla gedən heç bir kəs hələ şərəf qazana bilməyib. Onların hamısının aqibəti eynidir: oyuncağa çevrilmək!