25 yanvar 2019 11:45
3743

“Apple” və “Samsung”un “OLED” savaşı

 “Apple” şirkəti təqdim edəcəyi yeni “İphone 11” modeli ilə birgə yeni ekran da  istifadəyə verəcək. Şirkətdən verilən açıqlamaya görə, 2020-ci ildən “iphone11”də “OLED”ekran texnologiyası təqdim olunacaqdır. Şirkət tezliklə, ümumiyyətlə,  bütün modellərin “LCD” ekranı  “OLED”lə əvəzləyəcəyini bildirib.

Mütəxəssislər bu keçidin şirkət üçün heç də asan olmayacağını xüsusilə vurğulayıblar. Çünki “OLED” ekran istehsalında əsas pay “Samsung” şirkətinə  aiddir. Ona görə də bu keçidi həyata keçirmək üçün  “Apple”in mühüm maliyyə yükü götürəcəyi  də inkar edilmir.

“Apple”dən sonra “LG” və  “BOE” şirkətləri də tezliklə  tamamilə “OLED” ekrana  keçid etmək haqqında düşünürlər.

Cənubi Koreyanın “Samsung” şirkəti 2018-ci ildən öz istifadəçilərinin ixtiyarına  sınmayan “OLED” ekran təqdim etmişdi. Bu cür  ekranlar çox önəmli xüsusiyyətləri ilə istifadəçilərin rəğbətini qazanıb. Daim rəqabət formasında fəaliyyət göstərən bu iki şirkət “OLED” ekran məsələsində də ənənələrinə sadiq qaldılar. Müştəri məmnuniyyətini özünə məqsəd bilən “Apple” korporasiyası da  bütün modellər üçün  bu ekran növündən istifadə etməyi qərara alıb.

“OLED” ekran nədir,  hansı xüsusiyyətləri var?

“OLED”,  yəni “Organic Light Emitting Diode” sözlərinin  birləşməsindən ibarət olan texnoloji terminin tərcüməsi  orqanik işıq yayan diyot deməkdir. İlk dəfə 1987-ci ildə “Kodak” şirkəti tərəfindən yaradılıb. Şirkətin araşdırmaçıları  Ching W. Tang ve Steven Van Slyke təsis ediblər. Ekranın bir neçə növləri  də var: FOLED (Flexible OLED) yəni çevik “OLED”lər,  POLED (Passive Matrix OLED) yəni passiv matris “OLED”lər, AMOLED (Active Matrix OLED), yəni  aktiv matris “OLED”lər.

- ABŞ-ın rəsmi orqanları tərəfindən sertifikatlaşdırılmış yüksək dözümlü ekrandır

- Enerjini az sərf edir

- Görünüşcə incə və zərif olması ilə seçilir

- 1,8 metr hündürlükdən yerə düşməyə davamlıdır

- Tərkibi elastik və qırılmayan qəliblərdən ibarətdir

- Ekran geniş temperatur diapazonunda  Selsi üzrə mənfi 32  dərəcədən müsbət 71 dərəcəyə qədər temperaturlarda çalışa bilir.

- Aşağı enerji sərfiyyatı zamanı parlaqlığı azaltmadan ultrayüksək təsvir ölçüsünə malikdir

- Hər piksel işığını özü  aydınlaşdırır. Lakin  LCD/LED ekranlarda isə pikseli işıqlandırmaq üçün xüsusi arxa işıqlandırıcılardan istifadə olunur.

- Təkcə smartfonlarda deyil, avtomobil panellərində, hərbi məqsədlər üçün istifadə olunan mobil cihazlarda, portativ oyun konsollarında və planşetlərdə də istifadə oluna bilər.

- Plastik elementlərdən hazırlanır və asanlıqla bükülə bilir.

Bu ekranların avantajları ilə yanaşı, dezavantajları da var. Belə ki, mavi işıq saçmaq üçün istifadə olunan maddə digər tonlarla müqayisədə  daha  tez tükənir. Nəticədə rəng tarazlığı pozulur və  əvvəlkinə nisbətən getdikcə ekranın görüntü parlaqlığında azalma müşahidə olunur.

Yaqut Ağaşahqızı, “İki sahil”