12 avqust 2020 18:48
1428

Aqrar sığorta: İlkin mərhələdə 14 növ bitkiçilik məhsulu sığortalanacaq

Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr və davamlı islahatlar kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verib. Bu sahədə köklü dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb. Normativ-hüquqi baza getdikcə təkmilləşdirilir, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, bölgələrdə infrastruktur layihələrinin həyata keçirilməsi regionlarda yeni iş yerlərinin yaradılmasına, işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verib.

Prezident İlham Əliyevin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanı bu baxımdan böyük əhəmiyyət kəsb edir. Aqrar sığorta sisteminin təkmilləşdirilməsi ölkəmizdə idxaldan asılılığın azaldılmasına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq, bu sahəyə biznes marağının artmasına və investisiyaların təşviqinə şərait yaradacaqdır.

Ölkəmizdə bu ildən tətbiq ediləcək aqrar sığorta mexanizmi ilkin mərhələdə 14 növ bitkiçilik məhsulunu sığortalayacaq. Aqrar Sığorta Fondunun məlumatına görə, aqrar sığorta ilə əhatələnəcək bitkiçilik məhsullarının siyahısı Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 saylı qərarı ilə müəyyən edilib. Həmin qərara əsasən aqrar sığortanın predmetinə daxil olan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları: buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Göründüyü kimi, ölkəmizdə tətbiq ediləcək aqrar sığorta mexanizmi çoxillik əkmələri də əhatə edəcək. Bu da həmin sahələrin investisiya cəlbediciliyini artıracaq. Növbəti dövrlərdə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısının daha da artırılması nəzərdə tutulur.  Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli qərarı ilə isə aqrar sığortanın əhatə etdiyi risklərin tərkibi dəqiqləşdirilib. Bunlar təbii fəlakətlər: zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləridir.

Bundan başqa, sahibkarlar əlavə sığorta haqqı ödəməklə bir sıra başqa risklərdən də sığortalana bilərlər. Belə ki, əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər. Eləcə də əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər və bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40 faizdən çox ola bilməz. Bundan başqa, əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə təminat verilə bilər.

Aqrar sığortadan istifadə etmək üçün fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməlidir. EKTİS-də qeydiyyatdan keçdikdən sonra fermer müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edə bilər. Qaydalara əsasən, aqrar sığortada sığorta haqqının 50 faizlik hissəsi dövlət tərəfindən subsidiya edilir. Fermer sığorta haqqının yalnız yarısını, hissə hissə ödəyir. Aqrar sığorta müqavilələri onlayn qaydada bağlanılacaq, sığorta hadisəsi baş verdiyi halda da, ödənişlə bağlı prosedurlar onlayn qaydada həyata keçiriləcək.

Zahid Rza, “İki sahil”