27 sentyabr 2020 19:30
1436

Araz Əlizadə: Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad etməyə qadirdir

“Azərbaycan Ordusu Aprel döyüşləri və Tovuz hadisələri zamanı işğalçı Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurdu. Ermənistanın baş naziri Nikol Paşinyan başından böyük danışaraq yeni torpaqlar işğal edəcəklərini bildirmişdi. Lakin sentyabrın 27-si saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdiyi növbəti təxribatlara ordumuz qətiyyətlə və layiqli şəkildə cavab verdi.”

Bu fikri Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə “İki sahil”ə açıqlamasında söylədi.

A.Əlizadə qeyd etdi ki, Azərbaycan Ordusu işğalçı Ermənistanın ordusuna layiqli şəkildə cavab verməkdə davam edir: “Azərbaycan Silahlı Qüvvələri növbəti dəfə göstərdi ki, həm torpaqlarımızı cəsarətlə qoruyur və həm də işğal edilmiş torpaqlarımızı azad etməyə qadirdir. Ermənistanın siyasi rəhbərliyi bildirmişdi ki, on minlərlə könüllülərdən ibarət ordu yaradıblar. Onlar bu ordu ilə Azərbaycanı qorxutmağa çalışırdılar.”

A.Əlizadə söylədi ki, sentyabrın 27-də cənab Prezident və Ali Baş Komandan İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bir daha bildirdi ki, biz haqq yolundayıq: “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. İşğal altında olan bir neçə kəndin düşməndən azad edilməsi, vacib mövqelərin ələ keçirilməsi artıq təmin edilib. Bunlar Azərbaycan xalqının çoxdan gözlədiyi qələbənin ilk müjdələridir. Düşmən layiqli cəzasını alır. Xalqımız cənab Prezident və Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir. Artıq paytaxt Bakıda mülki avtomobillərdə Azərbaycan bayraqları dalğalanır. Bu, həm artıq qazanılmış hərbi uğurların sevinci, həm ordumuza dəstək, həm də daha böyük Qələbəyə inam deməkdir. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”

Cavid Əkbərov,
“İki sahil”