22 iyul 2020 10:30
4630

Artan gücümüz diktə edir ki, biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik

Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı bir daha Azərbaycanın iqtisadi gücünün təsdiqidir

Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.

Dövlətimizin başçısı İlham Əliyevin dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədilə imzaladığı “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam bir daha ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Belə ki, Azərbaycanla heç bir sahədə rəqabət aparmaq imkanında olmayan Ermənistan iqtisadi böhran içərisində çabaladığı halda ölkəmizin vurulan ziyanı aradan qaldırmaq, insanların rahatlığını, təhlükəsizliyini təmin etmək üçün tez bir zamanda işlərə başlaması təbii ki, diqqətdən kənarda qala bilməz.

 Bu gün atılan addımlar bizi 2016-cı ilin aprel döyüşlərindən sonra görülən işləri xatırlamağa sövq edir. Qeyd edək ki, həmin ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətmişdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və bayrağını azad edilmiş ərazilərdə yüksəltdi.

 Sonrakı dövrdə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında həmin ərazilərdə bərpa və təmir-tikinti işlərinə başlanıldı. “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam çox ciddi addım, böyük qayıdışın başlanğıcı kimi dəyərləndirildi. 2016-cı ilin Aprel döyüşlərində çox mühüm və əsaslı dönüşə nail olundu. Bu inam ifadə edildi ki, bu qayıdışı biz tezliklə bütün torpaqlarımızda gerçəkləşdirəcəyik. Azərbaycan inkişaf edir, iqtisadi qüdrətini günbəgün artırır, ordusu güclənir, ölkəmizin səsi ən yüksək tribunalardan eşidilir.

Göründüyü kimi, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərir. Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, ordumuzun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir.

Təbii ki, bu inama əsas yaradan Azərbaycanın iqtisadi tərəqqisi fonunda müdafiə qüdrətinin artırılması istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlardır. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışında, hər bir səfərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayış etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir.

Dövlətimizin başçısı İlham Əliyev diplomatik uğurlarımıza və ordumuzun gücünə söykənərək ən yüksək tribunalardan bəyan edir: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur... Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik.”

İyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində yaşananlar ermənilərin məkrli siyasətinə işıq salmaqla yanaşı, bir daha Azərbaycan Ordusunun qüdrətini, ölkəmizə beynəlxalq dəstəyi nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində üç əsas amili önə çəkmişdir- dövlətin mövqeyi, xalqın iradəsi və beynəlxalq dəstək. Məhz bu gün bu üç amilin vəhdəti Azərbaycan xalqında münaqişənin tezliklə öz ədalətli həllini tapacağına inamı artırır.

Mövcud reallıq Azərbaycanla bağlı formalaşmış stereotipləri tam dağıtmışdır. Hazırda Azərbaycan vətəndaşı özünü məğlub deyil, hər an qələbəyə doğru addımlayan qüdrətli bir dövlətin vətəndaşı hesab edir, onlarda qalibiyyət əhval-ruhiyyəsi formalaşmışdır. Həm ölkə daxilində, həm də xarici aləmdə qəti əminlik yaranmışdır ki, Azərbaycan Ordusu istənilən vaxt onun qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarındadır. Ölkə Prezidenti İlham Əliyevə ünvanlanan məktublarda Azərbaycanın mövqeyinin yüksək səviyyədə dəstəkləndiyi, işğalçı ölkənin məkrli siyasətinin pisləndiyi açıq-aydın ifadə olunur. Rəsmi Bakı hər zaman tarixi həqiqətlərə, real faktlara söykənərək Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini bəyan edir, işğalçı dövlətə beynəlxalq hüququn norma və prinsiplərinə rifayət etmədiyinə görə təzyiqlər göstərildiyi təqdirdə problemin həllinə nail olmağın mümkünlüyünü bildirir. Amma “nədənsə” dünya susmağa, seyrçi mövqedə dayanmağa üstünlük verir. İşğalçı adı ilə çağırılmır, amma problemin həllindən danışılır. Maraqlı, eyni zamanda, şübhə doğuran yanaşma deyilmi? Azərbaycan Ordusu erməni təxribatına verdiyi cavabla bir daha rəsmi Bakının ən yüksək tribunalardan səsləndirdiyi bu bəyanatı da təsdiqləmiş oldu - Xalqın səbri tükənməz deyil.

Bu gün həm Azərbaycana danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı beynəlxalq vasitəçilərdən müraciətlər artır, həm də Ermənistan konstruktiv dialoqa dəvət olunur. Ümumilikdə, danışıqlar prosesinə konstruktiv dinamizm gətirilmişdir. ATƏT-in Minsk qrupu, beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, burada intensiv atışmalar hər gün müşahidə olunur, insanlar ölür. Bu vəziyyət sonsuzluğa qədər davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır.

Azərbaycan müharibənin tərəfdarı deyil, yalnız ermənilərin təxribatlarına qətiyyətli cavab verdi və onu cəzalandırdı. Ölkə Prezidentinin bəyanatlarında da bu fikir öz əksini tapır ki, bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribatlara cavab veririk. Düz də edirik. Bir məqam da önə çəkilir ki, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik.

Dövlətimizin başçısı İlham Əliyevə, Azərbaycana dəstək bəyanatları bir daha bu reallığı ortaya qoyur ki, ermənilərin və onların havadarlarının yalanın həqiqət üzərində qələbə istəkləri mümkünsüzdür. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək baxımından yaddaşdır. Diplomatik mübarizədə qələbə münaqişənin həllində açardır.

Bu gün iqtisadi böhran içərisində çabalayan Ermənistanın rəhbərliyi ölkəsinin, xalqının yaşadığı çətinlikləri aradan qaldırmaq gücündə olmadığını aydın görür. Ən kasıb ölkələr sırasında yer alan Ermənistan işğalçılıq siyasətini davam etdirməklə özünü daha ağır vəziyyətə salır. Hazırkı dövrdə Ermənistana beynəlxalq münasibət də çox gərgindir. Nikol Paşinyan istər ölkə daxilində. istərsə də beynəlxalq aləmdə özünə qarşı inamsızlığı günbəgün artırır. Belə bir çətin durumda olan işğalçı dövlət Azərbaycanın 12 iyul təxribatı zamanı zərər çəkmiş ərazilərdə bərpa işlərinə başlanmasından təəccüblənməyə bilməz. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla bütün çətinliklərdən uğurla çıxır. Xalqımız tam əmindir ki, tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ərazi bütövlüyümüzü bərpa etməklə davamlı inkişafımızın daha da möhkəmləndirilməsinə nail olacağıq. Möhkəm təmələ əsaslanan siyasətin uğurları qaçılmazdır.

Yeganə Cəlilqızı, “İki sahil”