KÖŞƏ

Nurəddin Muğanlı

Arxalı köpəyin iştahası böyük olar

27 iyul 2020 10:57
6182

Paşinyana görə Los-Anceles də “erməni şəhəri” imiş

O bu barədə hələ ötən il öz feysbuk hesabında məlumat yaymışdı:

“Mən çoxdan Los-Ancelesdə - bu “erməni şəhəri”ndə yaşayan soydaşlarımızla görüşmək istəmişəm.” Onun sözlərinə görə, Ermənistanda baş verən “məxməri inqilab” zamanı Los-Anceles əsas dəstək mərkəzlərindən biri olmuşdu.

Səhər tezdən yuxudan duran kimi ağlına gələn bir ideyanı öz “Facebook” səhifəsində paylaşan Paşinyanın bu gözlənilməz hərəkətini o vaxtlar hətta erməni analitikləri də bir neçə versiyada yozmuşdular. Bu ideya ondan ibarət idi ki, Xankəndidəki sərsəm çıxışı zamanı və Gümrüdə yerli əhali tərəfindən ona qarşı olan xoşagəlməz münasibətlərdən sonra ölkədə kritik vəziyyət olduğunu anlamağa başlayan Paşinyan Los-Ancelesdəki diaspor rəhbərlərindən də məsləhət almaq qərarına gəlmişdi. Buna görə də o, görüntülü yayım vasitəsilə ABŞ-a səfər çərçivəsində Los-Anceles və ətraf rayonların erməni icması ilə görüşmək istədiyini bəyan etmişdi: “Ümidavram ki, həmin gün haqlı olaraq diasporumuzun paytaxtı adlandırılan Los-Ancelesdə çox güclü mitinq təşkil olunacaq. Belə düşünürəm ki, ziyarətim çox səmərəli olacaq. Los -Anceles məxməri inqilabımız zamanı bizi dəstəkləyən ən vacib mərkəzlərdən biri olub. Mən bu mitinqdə qələbə əhval-ruhiyyəsi görəcəyimə əminəm və biz birlikdə yaddaqalan bir tarixi hadisə yaşayacağıq.” Daha sonra Paşinyan diaspor üzvləri ilə Los-Anceles vaxtı ilə görüşün keçiriləcəyi yeri təyin etmişdi.

 Təbii ki, o zaman Paşinyanın bu ağılsız hərəkətinə Azərbaycan hakimiyyət orqanları tərəfindən əhəmiyyət verilməmişdir. Çünki hakimiyyətə küçə psixologiyası ilə gəldiyi gündən o bu cür analoji sayıqlamalarla və məntiqsiz çıxışları ilə həmişə daxili siyasətdə gərgin vəziyyəti yumşaltmaq məqsədi güdürdü.

Lakin ABŞ hökumətinin və bəzi konqresmenlərinin erməni təəssübkeşliyi və Ermənistanı müxtəlif adlar altında maliyyələşdirməsi birmənalı şəkildə Azərbaycanda həmişə sərt tənqidlərlə üzləşib. O da diqqətdən kənarda qalmır ki, Nikol Paşinyanın hakimiyyətə gələndən sonra ABŞ-ın Ermənistanla əlaqələrində müəyyən irəliləyiş müşahidə olunurdu. Bu da öz növbəsində işğalçı dövlətin Qarabağ münaqişəsində mövqeyini gücləndirməyə əsas verirdi.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, ötən il ABŞ Konqresi üzvlərindən ikisi Cudi Çu və Cek Spayer Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə qanunsuz səfər edərək Birləşmiş Ştatların separatçı rejimə dəstəyini onun başçılarının diqqətinə çatdırmışdılar. Həmçinin ABŞ Konqresinin digər üzvü, ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri Frank Pallone Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etmişdir. Pallone “ABŞ və qondarma “DQR” arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdırmaq, Birləşmiş Ştatlar tərəfindən maliyyələşdirilən layihələrə və inkişaf edən guya gənc demokratiyaya köməyin yeni yollarını müəyyənləşdirmək üçün separatçı rejimin nümayəndələri ilə müzakirələr aparmışdı.

Ötən ay isə Amerika Erməniləri Milli Komitəsi ABŞ Senatının Xarici Əməliyyatlar Alt Komitəsinə Vaşinqtonun Ermənistan və Qarabağa yardımlarını artırmaq təşəbbüsü ilə müraciət etmişdi.

Təşkilatın dövlət məsələləri üzrə direktoru Tereza Yerimyan alt komitədə çıxış edərək, ABŞ-ın Ermənistanda koronavirusla mübarizədə mühüm rol oynaya biləcəyini və Qarabağın minalardan təmizlənməsi üçün ABŞ-ın “Halo Trast” proqramının maliyyələşdirilməsinin davam etdirilməsini bildimişdir. Lobbi təşkilatının nümayəndəsi, həmçinin ABŞ-dan Ermənistana yardımı 90 milyon dollara yüksəltməyini istəmişdi.

Təxmini hesablamalara görə, ABŞ bu günədək Ermənistana və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə müxtəlif adlar altında 2 milyard dollardan artıq yardım ayırıb ki, bu da son nəticədə işğalın davamına yönəldilib.

Təəssüflər olsun ki, konqresmenlərin bu cür aqressiv hərəkətləri təkcə Qarabağda cəmləşən hərbi xuntanı deyil, həm də ABŞ-dakı  radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətlərinə ruhlandırmağa yönəlmiş addımlardır.

Erməni radikallarının ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı dinc azərbaycanlı etirazçılara vəhşicəsinə ciddi bədən xəsarətləri yetirmələri də yuxarıda sadaladığımız amerikansayağı “qayğıkeşlikdən” qaynaqlanır. Necə deyərlər, arxalı köpək qurd basar...