13 sentyabr 2019 23:30
1286

Arzuman vətən üçün doğulmuşdu...

 Arzuman Canəli oğlu Səfərov  Vətən, torpaq  uğrunda canından keçəndə  20 yaşının tamamına  lap az qalırdı. Bu oddan-alovdan keçən  qısa həyat yolu  yurda bir sədaqət  nümunəsinə döndü. Çünki Tanrının verdiyi  ömür payını ləyaqətlə  yaşamağı  bacardı.

1973-cü ildə  Lerik rayonunun Cəngəmiran  kəndində anadan olan Arzuman torpağını canından artıq sevən, nəcib, xeyirxah insanların istək və arzulardan  yükünü tuta-tuta yetkinlik yaşına çatır. Orta məktəbi bitirib bir müddət kənddə qalır.  Bütün eşqini, məhəbbətini  el-obanın xoşbəxtliyinə bağlayır. Hər  ötən gün ona insanların sevgisini, sevincini  gətirir. ..

 Erməni quldurlarının Azərbaycanın müqəddəs torpağı olan Qarabağda başladığı müharibə  xalqın digər qeyrətli övladları kimi Arzumana da pis təsir edir. Düşmənlə mübarizə aparmaqda  özündə tükənməz qüvvə görür.1992-ci ildə Milli Ordunun tərkibində Füzuli  rayonunda hərbi xidmətə başlayır. Müharibə meydanında düşmənə qarşı yaxşı vuruşmaqla bərabər, döyüşçü  yoldaşlarına da mənəvi dayaq olur.

  Arzumanın  ön cəbhənin  ən qaynar nöqtələrinə getməyi Vətənə ilahi sevgisindən irəli gəlir.   Əlinə silaha alıb hamıdan qabaq  düşmənin üstünə qartal tək şığıyır. Nəticə də ermənilər bu əzəmətin qarşısında tab gətirmir,  böyük itkilər verməklə məğlub şəkildə geri çəkilirlər.

 Ermənilər  14 avqust 1993-cü ildə böyük qüvvə ilə qəflətən Füzuli rayonunun Qızılqaya  kəndinə güclü hücum çəkirlər.  Arzuman yenə də  düşməni qıra-qıra qabağa gedir. Təəssüf ki, çox ağır keçən döyüşün qızğın çağında özü də gülləyə tuş gəlir.

 Bəli, bu mərd  insanı bütün Lerik camaatı özünə layiqli oğul sayır. Onun 46 yaşını qeyd etməyə gələnlər  Arzuman haqqında qürurla danışıb zaman-zaman gələn nəsillərə örnək olacağını söylədilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü