05 iyun 2020 16:46
1986

«ASAN xidmət»  ölkəmizin intellektual məhsuludur

 Dövlətimizin başçısı İlham Əliyev Ağcabədidə «ASAN Həyat» kompleksinin açılışında bir daha bu məqamı xüsusi qeyd etmişdir ki, növbəti  2-3 il ərzində  «ASAN xidmət» Azərbaycanın bütün bölgələrini əhatə edəcək

    Yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması,  elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.  Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən uğurların davamlılığının təmin edilməsində elmin, təhsilin və iqtisadiyyatın birliyinin yaradılmasını vacib amil kimi önə çəkdi. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının icrasında  əsas hədəflərdən biri məhz Azərbaycanda təhsilin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə nail olunması,  bilik və bacarıqların səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan inkişaf modelinə keçidin təmin olunmasıdır.

  Azərbaycanın ev sahibliyi etdiyi  beynəlxalq əhəmiyyətli tədbirlər   ölkəmizin bu və ya digər sahələrdə  malik olduğu imkanların,  elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının,  ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında  əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni  çağırışlar qarşımızda durur. Azərbaycanda  təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır.

    Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.   Bu fakt  inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu, təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Ötən  ilin mühüm beynəlxalq əhəmiyyətli tədbirləri sırasında yer alan dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı  BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın bu sahədə mövcud imkanlarına bir daha işıq saldı. Forumun  keçirilməsində  məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual  məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə  qabaqcıl təcrübələrinin mübadiləsi idi.  Forum  Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmin tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət»in, ABAD-ın  uğurlarından geniş bəhs edərək bildirmişdir ki, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında  10 Anlaşma Memorandumunun imzalanması ilə  kifayətlənməyərək  dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyi davam etdiririk.

    Dövlətimizin başçısı İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində «ASAN Həyat» kompleksinin açılışında bildirmişdir ki, bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur: «Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmət” innovasiyadır və hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur, o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır. “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan vermişdir. Şadam ki, bu innovasiyaları təqdim edən, onları icad edən gənclərdir. Beləliklə, qısa müddət ərzində ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi.»

 Dövlətimizin başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. «Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar» söyləyən ölkə Prezidenti  davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırmışdır. Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin  təcrübəsinə istinadən hazırlanması əsas yer tutur.  Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların  potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. «Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik» söyləyən cənab İlham Əliyev bildirir ki, bu, möhkəm bir zəmindir. Bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var.

   Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni  əsas  amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Daim ilklərə imza atan   Azərbaycan əvvəldə də qeyd etdiyimiz kimi,  «ASAN xidmət»,  ABAD, DOST layihələri də diqqət mərkəzindədir. Bu layihələr  şəffaflağın  artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə,   elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadisələrdən biri kimi,  İmişlidə «ASAN Həyat» kompleksinin açılışında robot «Sofiya»nın  iştirakını yada salaq.  «Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir» söyləyən cənab İlham Əliyev bildirmişdir ki,  “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Azərbaycandakı yenilikləri, təkmilləşməni yüksək dəyərləndirən   «Sofiya» bildirmişdir ki,  “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir.

   Dövlətimizin başçısı İlham Əliyev Ağcabədidə «ASAN Həyat» kompleksinin açılışındakı nitqində də  «ASAN xidmət» mərkəzlərinin coğrafiyasının genişlənməsi fonunda  şəffaflığın təmin olunmasını əsaslı şəkildə diqqətə çatdırmışdır. Bildirmişdir ki,  «ASAN xidmət» mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Vətəndaşlar bu mərkəzlərdə  onlara göstərilən xidmətlərin yüksək səviyyəsindən, operativliyin və şəffaflığın təmin olunmasından, neqativ halların aradan qaldırılmasından məmnundurlar.  «ASAN xidmət»in  vətəndaşlar tərəfindən bəyənilmə əmsalının kifayət qədər yüksək olduğunu diqqətə çatdıran  dövlətimizin başçısı İlham Əliyev bildirir: “ASAN xidmət” mənim təşəbbüsümlə yaradılmışdır və mənim göstərişlərim əsasında öz fəaliyyətini genişləndirmişdir. Ancaq “ASAN xidmət”i yaradan sizsiniz, gənclərdir - “ASAN xidmət”in rəhbərləri, kadrları, işçiləri. Bu gün biz elə bir mükəmməl sistem yaratmışıq ki, haqlı olaraq bununla fəxr edə bilərik. İnsanların rahatlığını, ədaləti, şəffaflığı təmin etdik. Ona görə “ASAN xidmət”, sadəcə olaraq, bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. Ölkəmizin müasir inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür, böyük bir layihədir. Bunun çox böyük ictimai mənası var. Əlbəttə ki, burada işləyən insanlar, öz xidmətləri, öz işləri ilə “ASAN xidmət”i bu yüksək səviyyəyə qaldırdılar. Çünki hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur.»

   Qeyd edək ki,  Ağcabədidə açılan «ASAN Həyat» kompleksi  sayca 19-cu mərkəzdir.  Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, intellektual məhsulun, xidmətlərin ixracı gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır.

        Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir.  Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. 

Yeganə Əliyeva,

«İki sahil»