25 aprel 2019 19:17
695

“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı” üzrə qrup rəhbəri Gerald Duda ilə görüşüb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşlərdə qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verilib. Eyni zamanda, agentlik ilə səmərəli əməkdaşlıq və “ASAN xidmət” modelinin digər ölkələrdə tətbiqi ilə bağlı birgə fəaliyyət məsələləri müzakirə olunub.

Bildirilib ki, bu günədək 28 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Qonaqlara, həmçinin cari ilin iyun ayında ölkəmizdə təşkil olunacaq BMT Dövlət Xidmətləri Forumu barədə məlumat verilib.