13 dekabr 2019 21:14
755

ASCO-da Həştərxan vilayətinin qubernatoru ilə görüş olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASCO-dan bildirilib ki, görüşdə nəqliyyat sahəsində uğurlu əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb.

Həştərxan vilayətinin qubernatoru İ.Babuşkin deyib ki, Xəzər üzərindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri hövzədə su nəqliyyatının əhəmiyyətini daha da artırır. Qubernator Bakı və Həştərxanı birləşdirən ticari əlaqələrdən də danışıb. Qeyd edib ki, bu əlaqələr dinamik inkişaf edir və əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensial mövcuddur.

ASCO-nun sədri R.Vəliyev şirkətin nəqliyyat və ixtisaslaşmış donanmalarının potensialından danışıb. O, Bakı və Həştərxanı birləşdirən tarixi gəmiçilik ənənələrindən də söz açıb.

Daha sonra Həştərxandan olan nümayəndə heyəti “OSK” Birləşmiş Gəmiqayırma Korporasiyasının təqdimatı ilə çıxış edib. Təqdimat zamanı şirkətin əldə etdiyi son nailiyyətlər, tikdiyi müxtəlif tipli üzən vasitələr, göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilib.