25 iyun 2019 19:44
904

AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb

Bu Assambleyada bizi birləşdirən məqsəd daha yaxşı, daha güclü Avropa uğrunda səy göstərməkdır. Avropada insanların məlumatlı olmaqlarını təmin etmək, insanları doğru istiqamətə yönəltməkdir. Məqsədimiz bütün azlıqların hüquqlarını qorumaqdır. Qadınlara qarşı şiddətin qarşısını almaq qarşımızda duran hədəflər arasındadır. Bu istiqamətdə lazımi tədbirlər görülməlidir. Qadınlara qarşı zorakılıqla bağlı İstanbul Konvensiyası ilə əlaqədar böyük addımlar atılıb və biz bunu təqdirəlayiq hesab edirik.

Bu fikirləri AŞPA-nın yay sessiyasında “Qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyası: nailiyyətlər və çətinliklər” adlı birgə müzakirələrdə Liberal Demokratlar Qrupu adından çıxış edən Naqif Həmzəyev söyləyib.

Azərbaycanlı deputat bildirib ki, qadın zorakılığına qarşı mübarizədə İstanbul Konvensiyası böyük əhəmiyyət daşıyır. Ancaq bu asan proses deyil. Bu proses böyük dəyişikliklər tələb edir.

İstanbul Konvensiyasına uyğun olaraq bu sahədə nailiyyətlər əldə olunsa da, hələ ki çətinliklər qalmaqdadır. Qadınlara qarşı zorakılıq aktlarına son qoymaq üçün birgə səy göstərmək vacibdir.