08 iyul 2020 18:11
1732

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı hadisə kimi qiymətləndirilir

“Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləyir. Dövlətimizin başçısının təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək. Azərbaycan dünyanın ən böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq edir. Uzun illərdir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünya iqtisadi forumlarında, beynəlxalq tədbirlərdə, zirvə görüşlərində, konfranslarda iştirak edir, məruzələri ilə öz fikirlərini bölüşür. 2020-ci il dünya dövlətlərini böyük bir çətinlik və sınaqla üz-üzə qoyub. Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə dünyanın demək olar ki, bütün ölkələri bir-biri ilə danışıqlar aparır, bu dəhşətli bəladan qurtulmaq üçün çıxış yoları axtarılır. Azərbaycanda da bu bəladan qurtulmaq, daha doğrusu,  xəstəliyə yoluxanların çoxalmaması üçün vaxtında lazımi addımlar atılıb. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların sağlamlığı, rifah halının yaxşılaşması üçün mart ayının əvvəllərində xüsusi rejimin tətbiq olunması, sonradan isə karantin qaydalarının daha da gücləndirilməsi xəstəliyin geniş yayılmasının qarşısını alıb.” Bu fikirləri Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “İki sahil” qəzetinə açıqlamasında bildirdi.

A.Mollazadə qeyd etdi ki, Qoşulmama Hərəkatının (QH) sədri kimi Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi  onu göstərir ki, dövlətimizin başçısı özünün dəyərli fikir və təklifləri ilə böyük dövlətlərin diqqətini Azərbaycana tərəf istiqamətləndirir: “Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.  Qeyd edim ki, Azərbaycanda pandemiya ilə mübarizə məqsədi  ilə həyata keçirilən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəyənilir. Mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, işə getməyən vətəndaşların  yalnız vacib olduğu halda icazə ilə evdən çölə çıxmaları, yaşlı insanlara göstərilən maddi və mənəvi yardımlar, maarifləndirmə tədbirlərinin keçirilməsi bu gün də davam edir.”

A.Mollazadə qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi: “Bu tədbirdə Qoşulmama Hərəkatının üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT-nin Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak edirdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı hadisə kimi qiymətləndirilir. BMT Nizamnaməsinə əsasən, BMT-nin Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. Dünyanın bütün dövlətlərinin, insanların həyatının dəhşətli xəstəlik təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Azərbaycan Prezidentinin belə bir təşəbbüsü təqdirəlayiqdir və bunu böyük dövlətlərin liderləri etiraf edirlər. Təbii ki, Azərbaycan Prezidendinin məqsədi hər zaman insanların sağlamlığı, rifah halının yaxşılaşması olub. Ölkəmizdə həyata keçirilən mübarizə tədbirləri barədə danışan dövlətimizin başçısı həqiqətən də öz əməli addımları ilə hər kəsi heyrab qoyub.”

Cavid Əkbərov, “İki sahil”