Astara rayonunda tikinti-quruculuq işləri bir an belə səngimir. Dövlətin qayğısı sayəsində görülən tədbirlərin əsasında əhalinin həyat şəraitinin yaxşılaşması öndə durur. Hazırda şəhərin H. Aslanov küçəsində ucalan bina öz görkəmi ilə seçilir. Bu yeni tikili dörd mərtəbəli olmaqla 48 mənzilli yaşayış evidir. Binanın keyfiyyətlə tikilib başa çatması üçün ötən ili ölkə rəhbərinin müvafiq sərəncamına əsasən Prezidentin ehtiyat fondundan Astara Rayon İcra hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdır.
Artıq burada son tamamlanma işləri aparılır. Belə ki, binanın hörgü işləri başa çatıb, dam örtüyü vurulub, su, işıq, kanalizasiya, istilik xətləri tam hazırdır. İndi isə otaqların suvağı vurulur, içəridə qalan qapı-pəncərələr yerinə qoyulur. Binada olan mənzillərin 12-si üç, 24-ü iki, 12-si bir otaqlıdır. Rayon icra hakimiyyətin başçısı Qəzənfər Ağayev vaxtaşırı tikinti meydançasına baş çəkir, fəhlələrə lazımi köməkliyini göstərir. Onu da deyim ki, burada 50-dən çox işçi çalışır. Onların əksəriyyəti yerli sakinlərdir. İnşaatçıların əsas məqsədi yeni binanı dekabr ayında istifadəyə verməkdir.
Bina tam hazır olandan sonra onun arxa hissəsində daha bir 36 mənzildən ibarət dördmərtəbəli yaşayış evi tikilər. Hər iki binanın ara sahəsində sakinlərin istirahətindən ötrü guşənin, eləcə də avtodayanacağın inşası nəzərdə tutulubdur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü