11 yanvar 2019 20:01
396

Atəş səsləri altında inkişafını davam etdirən rayon

Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin rahat şəkildə qurub-yaratmasına mane olur. Çətinliklərə baxmayaraq, cəbhəyanı rayonlarda və kəndlərdə də sosial infrastrukturun, əhalinin həyat şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılması, tikinti-quruculuq və abadlıq işlərinin aparılması sahəsində nailiyyətlər əldə olunub.

Hər bir cəbhəyanı rayonda olduğu kimi, hələ də ərazisinin böyük bir hissəsi müvəqqəti olaraq işğal altında olan Ağdam rayonunda ötən il bir sıra layihələr həyata keçirilib. Bu layihələr sırasında yolların yenidən qurulması, qazlaşdırma prioritet olub. Belə ki, rayonda 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolları yenidən qurulub. Mirzələr qış yatağında və Ergi adlanan ərazidə məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə isə təbii qaz verilib. Bununla da rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda su ilə təminat həmişə aktualdır. Bu da əsas su mənbələrinin işğal altında olması ilə əlaqədardır. Odur ki, ötən il bu sahə də diqqət mərkəzində olub: 41 kəndin içməli su təchizatı yaxşılaşdırılıb, növbəti illərdə digər kəndlərdə də belə layihələr icra olunacaq. Elə bu səbəbdən Ağdam ərazisində olan torpaq sahələri subartezian quyuların hesabına suvarılır.  Bu il Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılacaq. Belə ki, əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun  qazılması gündəmdədir.

Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş  evlər bərpa edilib, yenidən tikilib. İndiyədək rayonda 600-dən çox belə ev  bərpa olunub. Cari ildə də bu istiqamətdə işlər davam etdirilir. Belə ki, artıq zərər dəymiş 139 ailənin yaşadığı 121 evin bərpasına başlanılıb. Çəmənli, Qaradağlı, Mahrızlı, Sarıcalı, Hacıməmmədli, Məmmədbağırlı, Orta Qərvənd,  Təzəkənd, Evoğlu, İsalar, Ayaq Qərvənd, Əfətli, Çıraxlı, Rzalar,  Əhmədağalı, Mirəşülli,  Zəngişalı, Kolqışlaq, Şükürağalı kəndlərindəki həmin evlərin bərpa işlərinin bir neçə aya başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin noyabr ayında ölkə rəhbəri İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında həmin evlərin yenidən tikilməsi, bərpası ilə bağlı müvafiq Sərəncam veriləcəyini bildirmişdir. Həmin səfəri çərçivəsində dövlətimizin başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının, eləcə də Qarabağ Atçılıq Kompleksinin də açılışlarında iştirak etmişdir.

Şübhəsiz, qazanılan uğurlar ölkə başçısının müvafiq sərəncamları əsasında həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının, eləcə də həmin yaşayış məskənlərinin sakinlərinin yenilməzliyinin nəticəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”