26 oktyabr 2020 18:34
782

Atəşkəs üçün yalvaran ermənilər təxribatlarından əl çəkmir, dinc əhalini hədəf seçirlər

Ermənistan təxribatlarını davam etdirirsə, Azərbaycanın yeni ərazilərini ələ keçirməyə çalışırsa, dövlət başçısının bildirdiyi kimi, Azərbaycan üçün bir yol qalacaq, ərazi bütövlüyünü hərbi yolla bərpa etmək. Azərbaycan dəfələrlə bəyan edib ki, problemin sülh yolu ilə həllinə tərəfdardır. Bu məsələdə səmimi olduğunu nümayiş etdirmək üçün illərdir təmkinlə danışıqlarda iştirak edir. Amma Prezident İlham Əliyevin təbirincə desək, əgər Ermənistanın baş naziri Nikol Paşinyan «Qarabağ Ermənistandır» deyirsə, bu zaman danışıqlar praktiki olaraq əhəmiyyətini itirir. Azərbaycanın kifayət qədər güclü ordusu var. Həm maddi-texniki, həm maliyyə, həm də peşəkarlıq baxımından Azərbaycan Ordusu düşmən ordusundan qat-qat irəlidədir. Ordumuzun gücünün artması işğalçı Ermənistan tərəfindən də etiraf edilir və onları ciddi şəkildə narahat edir. Sentyabrın 27-dən bu günə qədər keçirilən əks-hücum əməliyyatları bir daha göstərdi ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qarşısında heç bir qüvvə dayana bilməz. Biz qısa müddətdə böyük nailiyyətlər əldə etdik. Əgər Ermənistanda sağlam düşüncəli insanlar varsa, ağ bayraq qaldıraraq, könüllü şəkildə torpaqlarımızdan çıxmalıdırlar. Cənab Prezidentin söylədiyi kimi, erməni xalqı anlamalıdır ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi terrorçulardır, onlar üçün müqəddəs heç nə yoxdur. Döyüş meydanında Azərbaycan Ordusunun qarşısında aciz olan və döyüşə bilməyən ermənilər dinc insanları hədəf seçir, cəbhədən xeyli uzaqda olan Gəncə şəhərinə, Mingəçevirə, Xızıya və digər rayonlarımıza xaincəsinə qadağan olunmuş ballistik raket atırlar. Bu, bütün beynəlxalq hüquq normalarının pozulması deməkdir.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Vüqar İsgəndərov qeyd edib ki, problemin kökü ondadır ki, ermənilər törətdikləri bütün hərbi cinayətlərə görə cəzalandırılmır. Əksinə bir  çox beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu vandalizmə susduğunu görürük. Mülki əhaliyə qarşı törətdikləri vəhşiliklərə görə Ermənistan cəzalandırılmalı və onlara qarşı sanksiyalar tətbiq edilməlidir. Cəzasız qalan ermənilərin cinayətlərinin sayı da durmadan artır. Onlar yalvarıb, Rusiyanın vasitəsilə humanitar atəşkəsin elan edilməsini istədilər, ancaq bir dəqiqə belə dayanmadılar. Azərbaycan humanitar atəşkəsə sadiq qalsa da, ermənilər növbəti dəfə də mülki əhalini hədəf seçərək, Gəncəni raket atəşinə tutdular. İkinci dəfə də ermənilərin Qərb dövlətlərinin ayağına düşüb yalvarışlarını nəzərə aldıq və humanitar atəşkəsə razılıq verdik ki, gəlib öz leşlərini aparsınlar. Təəssüf ki, yenə də ermənilər az keçməmiş gecə ilə ağır artilleriyadan ərazilərimizi atəşə tutdular. Atəşkəs üçün yalvaran ermənilər təxribatlarından əl çəkmək istəmir, dinc əhalini hədəf seçirlər. Bu da bir daha sübut edir ki, bu millət və dövlət faşist ideologiyasına söykənir. Əlbəttə, bu, 21-ci əsr üçün utanc gətirən bir məsələdir. Cənab Prezident xalqa müraciətində erməni əhalisinə bildirdi ki, siz bu rejimi silib, tarixin arxivinə atmalısınız. Ermənistanda bu vandalların hakimiyyətdə olması onların dövlət kimi məhvinə gətirib çıxara bilər. Ermənistan əhalisi bunu nə qədər tez anlasa, bir o qədər az erməni gənci başqasının torpaqlarında ölər.  Çünki son erməni əsgəri torpaqlarımızdan çıxarılana qədər mübarizəmizi davam etdirəcəyik”.

V.İsgəndərov vurğulayıb ki, yaşanan son proseslər göstərdi ki, Azərbaycanın haqq mübarizəsinə xüsusilə qərəzli münasibət göstərən bəzi Qərb dövlətlərinin, institutlarının, media qurumlarının obyektivliyini şübhə altına almağa tam əsaslar var və onların bütün bu illər ərzində səsləndirdikləri humanizm, ədalət və demokratiya fikirləri yalnız gözdən pərdə asmaqdan ibarət olub. Bununla belə, Fransa, Rusiya, ABŞ və beynəlxalq qurumlar danışıqların bərpasına çağırışlar edirlər. Halbuki, cənab Prezident son iki ildə Paşinyanın imtina etməsi səbəbindən danışıqlar prosesinin dalana dirəndiyini və dəfələrlə Ermənistanın müharibəyə hazırlaşdığını onların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu çağırışların heç birinə nəinki adekvat cavab, ümumiyyətlə, reaksiya verilməyib. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün mübarizəyə başladığı dövrdə isə Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Riqada qəbuledilməz bəyanatlar səsləndirməyə başladı. Bu, ikili standartların bəlkə də dünya üzrə ən bariz nümunəsidir, xüsusilə də bunun Fransa tərəfindən edilməsi elə də təəccüblü deyil. Fransa tarixdə dəfələrlə müxtəlif xalqlara qarşı soyqırım törətmiş və qəsbkar bir dövlətdir. 1830-1962-ci illərdə Əlcəzair xalqı 132 il Fransanın müstəmləkəçiliyindən qurtulmaq üçün mübarizə aparıb və nəticədə 1,5 milyon əlcəzairliyə qarşı soyqırım törədilib. Digər bir böyük soyqırım Fransa tərəfindən Cibutidə həyata keçirilib. Bu gün Ermənistanın ən böyük dəstəkçilərindən biri də Fransadır. Özlərinin etdiyini ermənilərə də təkrar etdirmək istəyir. Ancaq unudurlar ki, artıq Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil ki, asanlıqla Xocalı soyqırımı həyata keçirsinlər. İndi Azərbaycan özü heç bir ölkənin köməyi olmadan müdafiə oluna bilən bir ölkədir. Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək üçün ən ali hüququnu reallaşdırdığı bir vaxtda Fransa kimi dövlətlər beynəlxalq hüquqa və özlərinin bütün dünyaya elan etdikləri «sülh, ədalət və demokratiya carçılığı»na uyğun olmayan şəkildə hərəkət edirlər. Əlbəttə ki, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək niyyətinə görə dövlətimizi qınamağa heç kəsin siyasi və tarixi nöqteyi-nəzərdən haqqı yoxdur. Fransa kimi dövlətlərin və dövlət rəsmilərinin isə buna əlavə olaraq həm də mənəvi haqqı yoxdur. Artıq Azərbaycan, onun Lideri dünyanın oyun qaydalarını müəyyənləşdirir, artıq özü dünyanın söz və nüfuz sahiblərindən, nəinki yerləşdiyi bölgənin, bütövlükdə dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Ona görə də hər vəchlə, xüsusilə işğalçı Ermənistanın fitnəkarlıqları və təxribatları ilə bir daha Azərbaycanın iradəsini, inkişaf və mübarizə əzmini sındırmağa, məhv etməyə yönələn bütün addımlara baş vurulur. Bu, açıq-aşkar iyul-Tovuz hadisələrində, Ermənistanın növbəti qanlı təxribat hərəkətlərində də özünü göstərdi. Düşmən, vassal ölkə Qarabağdan yüz kilometrlərlə uzaqda olan Tovuza hücum etməklə, Azərbaycanı bütün dünyanın qarşısında nüfuzdan salmağa, dünyamiqyaslı layihələrin icrasını dayandırmaqla, onu etibarsız tərəfdaşa çevirməyə, fakt qarşısında qoymağa çalışdı. Amma bu dəfə də alınmadı, Azərbaycan dövləti, Azərbaycan Ordusu düşmənə və onu bizim üzərimizə qaldıranlara sarsıdıcı zərbə vurdu. Elə bir zərbə vurdu ki, onun altını hər mənada çəkməkdədirlər, hələ də özlərinə gələ bilməyiblər. Odur ki, bu məğlubiyyət, bu uğursuzluq onları isterik, panik vəziyyətə salıb və sentyabrın 27-də edilən növbəti qanlı təxribat da məhz bu isterikliyin, bu panikliyin ortaya qoyduğu bir gerçəklikdir, bir reallıqdır. Onlar artıq nə etdiklərini və nə edəcəklərini anlamayacaq, dərk etməyəcək dərəcədə rəzil və çıxılmaz durumdadırlar. Artıq onları bu dəfə heç nə, kimsə qurtara, xilas edə bilməyəcək. Hətta arxalarında dayananlar, qanlı havadarları belə. Günbəgün, saatbasaat qazandığımız qələbələr də bunu sübut edir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»