09 yanvar 2019 10:27
1217

Avropa İttifaqının sərhədləri Azərbaycana yaxınlaşır

Azərbaycanın neft strategiyasının müasir mərhələsi

Dövlətçilik tarixində şərəfli inkişaf yolu keçmiş Azərbaycanın neft sənayesinin intibah dövrü müstəqillik illəri ilə bağlıdır. Dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxaran ölkəmizdə ötən əsrin 70-80-cı illərində neft sənayesində qazanılan uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 15 iyun 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra  iqtisadiyyatın bütün sahələri kimi, tənəzzülə uğrayan neft sənayesini dirçəltmək üçün yollar axtaran, “Neft digər istehsal sahələrinin inkişafına təkan verməlidir” söyləyən Ulu Öndərin hazırladığı neft strategiyasının ilk bəhrəsi 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” oldu.

Müqavilənin imzalanması ilə  Azərbaycanın müstəqilliyinin də əbədiliyi təmin olundu. O ağır illərdəki çətin vəziyyəti xarakterizə edən cənab İlham Əliyevin “Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər Əliyevin neft strategiyası bax, bu çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi. Azərbaycan dünyada özünü tanıtdıra bilmişdir. Azərbaycana, ilk növbədə, ölkəmizin neft-qaz sektoruna böyük şirkətlər tərəfindən maraq artmışdır və bu maraq praktiki işlərə gətirib çıxarmışdır” sözləri çəkilən zəhmətə verilən dəyər idi.

Bu strategiya Azərbaycanın müstəqil dövlət kimi dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə, dünya iqtisadiyyatına, Avropa Birliyinə inteqrasiya olunmasına, qüdrətli dövlətlərlə əməkdaşlıq münasibətlərinin yaranmasına əlverişli imkan yaratdı. 1996-cı ildə Azərbaycan neftinin Bakı- Novorossiysk marşrutu ilə nəql edilməsi ilə bağlı Rusiya və Azərbaycan  hökumətləri arasında razılıq əldə edildi.

1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycanla Gürcüstan arasında saziş imzalandı. 1998-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentlərinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə bağlı Ankara Bəyannaməsi, 1999-cu ildə ATƏT-in İstanbul Zirvə toplantısında “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri  Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair” saziş imzalandı.

Azərbaycanın təşəbbüsü ilə reallaşan “Əsrin müqaviləsi”ndən sonra respublikamıza maraq daha da artdı. Ölkəyə investisiya axınının təməli qoyuldu. Neft strategiyasının regional əhəmiyyətini  keçirilən görüşlərdə geniş təhlil edən,  ABŞ-ın Hyuston və Vaşinqton şəhərlərində Azərbaycanla bağlı keçirilən konfranslarda  iştirak etməklə əhatəli müsahibələr verən, o zaman SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev həm də ölkəmizin xarici siyasətini diqqətə çatdırırdı. “Mən o tarixi günləri yaxşı xatırlayıram. Çünki o vaxt mən Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük” söyləyən cənab İlham Əliyev vurğulayırdı ki, yalnız müstəqillik illərində təbii resurslarımızı xalqın mənafeyi naminə istifadə etməyə nail olduq.

Həmin görüşlərdə ölkəmizi layiqincə təmsil edən, “Əgər məndən soruşsanız ki, Azərbaycana, ölkəmizin xüsusən neft-qaz sektoruna sərmayə qoymaq imkanı vardırmı, cavab verərəm ki, bəli vardır” söyləyən  cənab İlham Əliyev verdiyi vədini Prezident kimi qətiyyəti ilə reallaşdırdı. Cənab İlham Əliyevin “Heç kimin ağlına gələ bilməzdi ki, Amerikanın paytaxtında, Vaşinqtonda Azərbaycana aid belə görkəmli, sanballı konfrans keçiriləcəkdir” sözlərinin müasir günlərimiz üçün açıqlaması belədir: İndi elə bir görüş, beynəlxalq tədbir yoxdur ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrinin qlobal əhəmiyyəti ilə bağlı söz deyilməsin.

“Əsrin kontraktı”nın istifadə müddətinin 2050-ci ilə qədər uzadılması onu göstərir ki, “Üç dəniz əfsanəsi” kimi tarixə yazılan müqavilə “Azərbaycana nəfəs verdi, ölkəmizin inkişafına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı və layihə üzrə nəzərdə tutulan işlər uğurla icra edildi. O illərdə açıqlanan proqnozlar artıq həyatda əksini tapır. İstismar müddəti 2050-ci ilədək uzadılan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin sahilyanı ölkələri tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan etibarlı tranzit ölkə kimi qonşu ölkələrə də öz imkanlarını təqdim edir. Tarixi sənəd olan Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış Konvensiyada Azərbaycanın milli maraqları tam əksini tapıb. Sənədi imzalayan “Xəzər beşliyi”nin ümumi rəyi belədir ki, Konvensiya bölgənin inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli, ciddi hüquqi bazadır.

Azərbaycan qaz ixrac edən ölkə kimi də dünya enerji bazarında mövqeyini möhkəmləndirir

1994-cü ildən sonra ikinci böyük kontrakt olan “Şahdəniz” qaz yatağı üzrə imzalanan sənədə əsasən çəkilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkəmizin önəmini daha da artırdı. Dəfələrlə qeyd edildiyi kimi enerji siyasətinin dünyada daha mühüm rol oynadığı dövrümüzdə enerji təhlükəsizliyinə enerji resurslarını hasil, istehlak edən ölkələrə  böyük önəm verilir. Bu baxımdan istehlakçılar, tranzit ölkələr və hasilatçılar arasında  tarazlıq və maraqların eynilik təşkil etməsi neft strategiyasının əsasını təşkil etməklə Prezident İlham Əliyevin “Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi” sözlərini də təsdiqləyir. Azərbaycan qazını Avropaya çatdıran layihələrə marağın artması, “Cənub Qaz Dəhlizi” kimi nəhəng layihənin reallaşması düşünülmüş və bir neçə onillər üçün nəzərdə tutulan siyasətin nəticəsidir. Dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amilinin o qədər diqqət çəkmədiyi məqamlarda Azərbaycan qazının dünyanın enerji bazarına nəqli, BTƏ-nin davamçıları olan “Cənub Qaz Dəhlizi”nin, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi Avropa İttifaqının sərhədlərini “Yeni qonşuluq siyasəti”nə daxil olan Azərbaycana yaxınlaşdırdı. “Şahdəniz”lə bağlı layihələrin reallaşması ilə Azərbaycan dünyaya özünü nəinki neft, həm də qaz ölkəsi kimi təqdim etdi.

Regional əməkdaşlığın genişlənməsində önəmli rolu olan enerji layihələrinin reallaşmasında təşəbbüskarlığı ilə seçilən və əsas tərəfdaş kimi vədini layiqincə yerinə yetirən Azərbaycanın dünya enerji bazarında artan imkanları İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində diqqətə çatdırıldı. Ölkəmizin əsas tərəfdaşları olan Türkiyə və Gürcüstanla birgə həyata keçirilən, Azərbaycan neftinin, təbii qazının Avropaya nəqlini mümkün edən neft-qaz boru kəmərlərinin inşasının uğurla davam etdirilməsi şaxələndirmə siyasətinin uğuru kimi qiymətləndirildi. Artıq Azərbaycan qazını qitə ölkələrinə nəql edəcək daha sərfəli layihələrdən bəhs olunur. Türkiyə kimi, Avropa üçün də vacib olan “Cənub Qaz Dəhlizi”nin, kəmərin əsas hissəsi kimi böyük əhəmiyyətə malik TANAP-ın fəaliyyətə başlaması Xəzər qazının Avropaya nəqlini reallaşdırdı. TANAP xəttinin davamı olan Trans-Adriatik qaz boru kəməri layihəsinin - TAP-ın da planlaşdırıldığı kimi 2020-ci ildə istismara verilməsi ilə qitə ölkələrinin enerji təhlükəsizliyi problemləri həllini tapacaq.

Enerji ilə bağlı keçirilən zirvə toplantılarında qeyd olunduğu kimi enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Enerji resurslarının şaxələndirmə siyasəti əsasında nəqli ölkələrin sənaye və iqtisadi inkişafında əsas amildir. “Zəngin təbii ehtiyatları olan ölkələr, əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər, çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin eyni zamanda, onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən, hasilatçıların təmin etdiyi həcmləri qəbul edə biləcək uzun perspektivli bazarlar lazımdır” söyləyən Prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində də neft strategiyamızın uğurlu həllindən bəhs edərək dünya təcrübəsində bənzəri olmayan Azərbaycan nümunəsinin reallıqlarını düşünülmüş siyasətin məntiqi nəticəsi adlandırdı.

Türkiyə-Azərbaycan birliyi: çoxformatlı əməkdaşlığın ayrılmaz cütlüyü

“Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkan verdi. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi” söyləyən Prezident İlham Əliyev Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılmasında qardaş ölkə ilə münasibətlərin özünü doğrultduğunu qeyd etməklə “Cənub Qaz Dəhlizi”nin icrasında iştirak edən ölkələr- Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya arasındakı əməkdaşlığı regional sülhün təminatı baxımından yüksək dəyərləndirir. Bu əməkdaşlıq formatında hasilatçı kimi Azərbaycan tranzit və istehlakçı ölkələrlə ortaq maraqlar əsasında fəaliyyət göstərir. “Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır” söyləyən Prezident İlham Əliyev enerjinin sülh və təhlükəsizlik vasitəsinə çevrilməsi istiqamətində səylərin artırılmasının vacibliyini sabitliyə xidmət kimi dəyərləndirir. 2050-ci ilə qədər enerjiyə olan tələbatın bu günlə müqayisədə iki dəfə artacağını deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya enerji qaynaqlarının şaxələndirmə siyasətinə yönəldiyini diqqətə çatdıraraq Azərbaycanın təşəbbüslərini qlobal sülhə çağırış kimi dəyərləndirir. Etibarlı tərəfdaş olan Türkiyə-Azərbaycan əməkdaşlığının regionda sabitliyin təminatı və dünya siyasətinin tarazlanmasındakı rolu günümüzdə daha çox hiss olunmaqdadır. Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır. İzmirin Əliağa bölgəsində “Star” neft emalı zavodunun istifadəyə verilməsi Prezident İlham Əliyevin bu sözlərini bir daha təsdiqlədi: “Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə ilə Azərbaycan qədər bir-birinə bağlı olsunlar.”

Xuraman İsmayılqızı, “İki sahil”