13 noyabr 2019 19:38
928

Avropadan avtomobillərlə gələn “təhlükə”

Bu gün bir çox Avropa ölkələri dizel mühərrikli avtomobillərin istifadəsinə məhdudiyyətlər qoyur. Belə ki, 2025-ci ildən Avropa ölkələrində bu cür avtomobillərin istifadəsi tam məhdudlaşdırılacaq. Belə olduqda, bir çox hallarda bu cür dizel mühərrikli avtomobillər Azərbaycan və bir çox MDB ölkələrinə gətirilir. Ümumiyyətlə, əksər Avropa ölkələrinin dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırması və ya imtina etməsi fonunda onların ucuz qiymətə alınaraq ölkəmizə gətirilməsi halları artmaqda davam edir.

Bəs bu prosesin qarşısı necə alınmalıdır və belə maşınlar ekologiya üçün hansı təhdidlər yaradır. Bu cür halların qarşısı necə alınmalıdır?

“Digesta” hüquq mərkəzinin rəhbəri, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, dizel mühərrikli avtomobillərin Azərbaycana gətirilməsinin qarşısını almaq üçün elektromobil və hibrid avtomobillərə qoyulan vergi və rüsumlar ləğv edilməlidir: “Avropa ölkələrində artıq istifadəsinə məhdudiyyətlər qoyulan dizel mühərrikli avtomobillərin ölkəmizə gətirilməsinin Azərbaycanda qarşısını almaq elə də asan olmayacaq.  İnzibati yollarla, hansısa bir qanun qəbul etməklə onun qarşısını almağa cəhd etmək olar.”

Həmsöhbətimiz onu da əlav etdi  ki, dizel mühərrikli avtomobillər ətraf mühitin çirkənməsində daha “ciddi” rol oynayır: “Son zamanlar məlum olub ki, dizel yanacağının yanma məhsulları  daha təhlükəlidir. Onun tərkibində insan sağlamlığına təhlükə törədən konsrogen maddələr də çoxdur. Dizel mühərriklərində, həmçinin ən son avro standartları təmin etmək olmur. Ona görə də Avropada daxili yanma mühərriklərinin üzərinə düşüblər.  Konkret ölkələr var ki, orada 2030-cu ildən sonra daxili yanma mühərriklərinin istehsalı və istehlakı qadağan edilib”.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə problemin həllinə nail olmaq üçün bu məsələyə kompleks yanaşmanın vacibliyini vurğuladı: “Belə ki, bir sıra dövlətlərdə, Fransa, Almaniyada iri şəhərlərə dizel mühərrikli avtomobillərin girişi ümumiyyətlə, qadağan olunub. Parisə daxil olan dizelli avtomobillərin girişinə qadağa ən azı 800 min maşının paytaxta daxil olmasının qarşısını aldı. Bu da ətraf mühitə vurulan ziyanın azı 20-25 faiz azalmasına gətirib çıxardı.”

A.Allahverənov onu da bildirdi ki, dizel yanacaqlı avtomobillər bir çox göstəricilərinə görə məqbul hesab edilmir: “Bunun da başlıca səbəbi həmin maşınların ekoloji mühitə vurduğu zərərlə bağlıdır. Nəticədə Avropada həmin avtomobillərin qadağan olunması fonunda onların digər ölkələrə, o cümlədən, Azərbaycana ixracı prosesi sürətlənəcək.  Belə olan halda, ölkəmizin aydiyyatı strukturları ciddi addımlar atmalıdır. Vaxtilə Avto-4 standartının tətbiqilə yalnız 2005-2006-cı ildən sonra istehsal edilən avtomobillərin ölkəyə gətirilməsinə icazə verildi. Düşünürəm ki, dizellə bağlı da buna bənzər qadağa tətbiq oluna bilər. Mərhələli şəkildə hansısa bir ili müəyyən etməklə yalnız ondan sonra istehsal olunan dizellə işləyən maşınların idxalına icazə vermək olar. Növbəti mərhələdə isə dizel yanacaqlı avtomobillərin idxalına tamamilə qadağa qoyulmalıdır. Elektromobil və hibrid avtomobillərin alınmasına marağın artırılması yolunda da işlər həyata keçirilməlidir. Onlara qoyulan aksiz vergisinin götürülməsi belə maşınların qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Bu da dizel yanacaqlı maşınların tədricən sıradan çıxmasına səbəb olacaq. Amma bunu kompleks və mərhələli şəkildə həyata keçirməliyik”.

Yaqut Ağaşahqızı, “İki sahil”