04 dekabr 2020 18:56
1282

Avropanın ən gözəl yeni il yolkası

“High-tech” üslubunda hazırlanmış və Litvanın paytaxtı Vilnüsün mərkəzində quraşdırılmış qeyri-adi yeni il yolkası 2020-ci ildə Avropada ən gözəl yolka elan edilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, reytinqi tərtib edən “European Best Destinations” turizm təşkilatı ekspertlərinin fikrincə, 24 metr hündürlüyündə olan yolka karantin şəraitində bayram keçirmək üçün çox uyğundur. LED-lampaların quraşdırıldığı metal bloklardan, güzgülərdən və yaxınlıqdakı meşələrdən toplanmış təbii küknar budaqlarından hazırlanan yolkanın üzərində xırda bəzəklər olmadığı üçün ona təmasdan yayınaraq məsafədən tamaşa etmək olduqca əlverişlidir.

Reytinqdə ikinci yerdə Yeni il bayramının qeyri-formal paytaxtı titulunun sahibi – Strasburq şəhərində quraşdırılan yolka, üçüncü yerdə isə Praqa şəhərinin yeni il yolkası qərarlaşıb.

Ümumilikdə isə siyahıya Avropa şəhərlərini bəzəyən 19 yeni il yolkası daxil olub. Tərtibatçıların fikrincə, burada əsas məqsəd simvolun insanlara bayram əhval-ruhiyyəsi bəxş etməsi və hətta çətin epidemioloji şəraitdə belə ruh düşkünlüyünü aradan qaldırmasıdır.