12 avqust 2020 18:42
1240

AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı

Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində müstəqilliyimizin ilkillərində AXCP-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətindən geniş bəhs edərək bildirmişdir ki,  1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı: “Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranmış vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən rəhbərlik xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər həyata keçirmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydular. Əbdürrəhman Vəzirovun və Ayaz Mütəllibovun xəyanətkar əməlləri, özbaşınalığa rəvac vermiş AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış qüdrətli iqtisadi potensial, demək olar ki, dağıdıldı, milli sərvətlərimiz talan edildi. Həmin dövrdə qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verildi ki, bu da separatizm meyillərinin güclənməsinə əlverişli şərait yaradırdı. Cəmiyyətdə cəzasızlıq şəraitində cinayətkarlıq görünməmiş bir həddə çatdı. İnsan hüquqlarının qorunmasından söhbət gedə bilməzdi. Hakimiyyət uğrunda gedən mübarizələr ona gətirib çıxardı ki, torpaqlarımız bir-birinin ardınca işğal edildi. Bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşdü. Nəticədə Azərbaycanın yenicə əldə edilmiş dövlət müstəqilliyi təhlükə ilə üzləşdi. Bu ünsürlər üçün Vətənə, xalqa məhəbbətin mahiyyəti aldadıcı təsəvvürdən başqa bir şey deyildi. Ölkədəki vəziyyətə nəzarət edə bilməyən səlahiyyətli şəxslərin fəaliyyətsizliyi ucbatından kriminogen durum günü-gündən pisləşirdi. Qanunun tələbləri, səlahiyyətli şəxslərin əmr və sərəncamları, göstərişləri icra olunmur, hər kəs öz bildiyini edirdi. Ölkənin iqtisadi vəziyyəti getdikcə ağırlaşır, ərzaq məhsullarının qiyməti, demək olar ki, hər gün bahalaşır, çörək qıtlığı yaranmışdı. Demək olar ki, ictimai-siyasi proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaradan qanunsuz silahlı dəstələrin törətdiyi özbaşınalıqların həddi-hüdudu yox idi.

Bütün bu proseslərin Ermənistanın hərbi təcavüzü, ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, rayonların düşmən tərəfə könüllü, döyüşsüz təhvil verilməsi ilə müşayiət olunduğunu, bir tərəfdən Surət Hüseynovun, digər tərəfdən isə Əlikram Hümbətovun dəstələrinin baş qaldırdığını nəzərə alsaq, yaranmış vəziyyətin ciddiliyi, müstəqilliyin itirilməsinin reallığı qaçılmaz idi.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bu çətin günləri arxada qoyaraq inkişaf, tərəqqi yolunda inamla irəliləməyə başladı. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Xalqımız sözün əsl mənasında öz təbii sərvətlərinin sahibinə çevrildi. Ulu Öndərin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırdı. Ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmləndi.  Dağlıq Qarabağ probleminin əsl mahiyyəti dünya ictimaiyyətinə faktlar əsasında çatdırıldı. Bir sözlə, Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı. Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları ilə Azərbaycanı ən islahatçı ölkələr sırasına çıxardı.

Mənsumə Babayeva, “İki sahil”