23 aprel 2019 10:44
2492

AXCP-ReAL qarşıdurması:  Bitib-tükənməyən “satqın” ittihamları

Son zamanlar müxalifət qurumları olan Respublikaçı Alternativ (ReAl) və “Milli Şura” üzvləri (konkret AXCP-çilər) arasında gərginlik artmaqdadır. AXCP ReAl-ı hakimiyyətə işləməkdə, satqınlıqda suçlayır. Sosial şəbəkələr və mətbuat üzərindən özünü göstərən kəskin münasibətlər, qarşılıqlı ittihamlar, söz atışması artıq təhqirlərə keçib. Onsuz da bu iki siyasi qurum arasında əvvəldən “soyuq müharibə” yaşanırdı. Bu dəfə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün sosial şəbəkə hesabında müzakirələrə səbəb olacaq fikirlər paylaşıb. O, ReAl üzvlərinin Brüssel səfərini Azərbaycan hakimiyyətinin təşkil etməsi barədə iddialar səsləndirib: “Siyasi mədəniyyət tələb edir ki, ReAL rəhbərliyi Avropa İttifaqının mətbuat katibi Adam Kaznovskinin “Aİ ReAl nümayəndələrini nə Brüsselə dəvət edib, nə də ki, onların səfərinə sponsorluq edib” sözlərindən sonra, çıxıb Brüsselə səfərlərini hakimiyyətin təşkil etdiyini etiraf etsin. ReAl rəhbərliyi ən azı təşkilatın üzvlərinə, “Facebook”da onların yazılarını bəyənən sadə insanlara niyə onları aldatdıqlarını, nəyin xatirinə belə bir çirkin işə getdiklərini mütləq açıqlamalıdırlar. İnsanların inamı ilə belə oynamaq etik deyil”.

Buna cavab olaraq ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli isə söyləyib ki, Fuad Qəhrəmanlının məsələdən, ümumiyyətlə, xəbəri yoxdur: “Azərbaycanda çox siyasətçilər Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurası, ATƏT nədir - bunları bilmirlər. Hamısı elə bilir ki, Avropa dedikdə bütün bu strukturlar eyni məkandan idarə olunur. Elə deyil, sadaladıqlarım fərqli strukturlardır. Biz isə heç vaxt deməmişik ki, Azərbaycandan Brüsselə səfərimizi Avropa Birliyinin Azərbaycan səfirliyi təşkil edib. Həmişə demişik ki, onlar sadəcə texniki dəstəyi göstəriblər. Doğrudan da, onların texniki dəstəyi çox vacib oldu. Bunu özümüz qeyd elədiyimiz halda, Avropa İttifaqının nümayəndəsi də əslində bunu təsdiq etmiş olur. Sponsorluğu da, dəvəti də Avropada yerləşən nüfuzlu “beyin mərkəzləri” edib. Bunu təsdiq etdiyimiz halda, bizə qarşı kampaniyaya, qarayaxmaya başlayıblar. Həmin siyasətçilər köhnə təfəkkürlü olduqları üçün belə məqamları anlamırlar”.

Cəfərlinin fikrincə, ReAl-ın Brüsseldə çıxışını hökumətin təşkil etdiyini iddia etmək tamamilə absurddur: “Mən təəssüf edirəm ki, AXCP nümayəndələri rəqib kimi ReAl-ı görüblər və belə qarayaxmalarla məşğuldurlar. Əslində bunları səsləndirən tərəf sübutla məhkumdur, sübutla mükəlləfdir. Onlar sübut göstərə bilmirlərsə, belə boşboğazlıq etməməlidirlər. Ona qalsa, mən də iddia edə bilərəm ki, Fuad Qəhrəmanlı hökumətlə anlaşıb, həbsdən çıxıb, indi də hökumətin sifarişini yerinə yetirir. Bunu heç vaxt demərəm, çünki nə sübutum yoxdur, nə də mədəniyyətim imkan verir. Amma belə boş-boş sözləri deməyə o insanların “mədəniyyəti” çatır”.

Bütün bunlar Azərbaycan müxalifətinin, xüsusən də liderliyə can atan, demokratiya libasına bürünən insanların əsl mahiyyətini, təfəkkür tərzini bir daha ortaya qoyur. Məlum olur ki, xalqa, daha doğrusu, ətraflarına topladıqları 5-10 nəfərə birlikdən, bərabərlikdən, haqq-ədalətdən şirin-şirin nağıllar danışan, onlara böyük vədlər verənlər gerçəklikdə çox cılız adamlardırlar. Bu cılızlıqdan irəli gələrək onlar hətta ən xırda məsələlər üzərində də vahid mövqeyə gələ bilmir, şəxsi maraqlardan çıxış edərək bir-birlərinin ünvanına ən kəskin ittihamlar səsləndirməkdən də çəkinmirlər.

Sevinc Azadi, “İki sahil”