22 yanvar 2021 17:17
887

Ayaz Müseyibov: İqtisadi Zonaların İnkişafı Agentliyinin yaranması daha sıx koordinasiyanı və sistemliliyi təmin edəcək

“İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin yaranması ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək  baxımından əhəmiyyət kəsb edir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov deyib.

A.Müseyibovun sözlərinə görə, Agentliyin yaradılması parkların, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı yeni tənzimləyici və idarəetmə çərçivəsinin formalaşdırılmasına da səbəb olacaq. Belə ki, Fərmanla bu iqtisadi subyektlərin fəaliyyətinin qiymətləndirilməsi və onların səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanması da nəzərdə tutulub: “Sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli və yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcəkdir. 4-cü Sənaye İnqilabının texnologiyalarının ölkəyə transfer edilməsi baxımından da yeni islahat tədbiri mühüm əhəmiyyət kəsb edir”.

Departament rəhbəri vurğulayıb ki, xüsusi ilə də, bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqində yeni Agentlik və formalaşmış qanunvericilik bazası mühüm rol oynayacaq: “Onu da qeyd edək ki, iqtisadi artımın əsas drayverlərindən biri kimi müvafiq sahənin inkişafı həmişə diqqət mərkəzində olub. Aidiyyəti istiqamətlərdə qanunvericilik və inzibati, investisiya məsələləri üzrə dəstək siyasəti realizasiya edilib”.

A.Müseyibov xatırladıb ki, müvafiq qanunvericiliyə əsasən, parkların ərazisində 10 il ərzində korporativ vergi üzrə 50 faiz güzəşt, idxal olunan avadanlıqlara, texnoloji vasitələrə görə ƏDV-dən, idxal olunmuş avadanlıqlara, texnoloji vasitələrə görə gömrük rüsumu, həmçinin torpaq və mülkiyyət vergisindən azad olunma nəzərdə tutulub: “Müvafiq dəstək siyasətinin nəticəsidir ki, indiyədək sənaye parklarında 3,5 milyard ABŞ dolları investisiya yatırılıb, 3,3 milyard manatlıq satış həyata keçirilib və 25 faiz məhsul ixrac olunub."