21 avqust 2019 21:41
1259

Azad iqtisadi zonalar: ideyadan reallığa doğru

Son 15 ildə dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkə üzrə ümumilikdə 202 proqram, o cümlədən 12 konsepsiya, 12 milli strategiya,12 Strateji Yol Xəritəsi, 95 Dövlət Proqramı, 10 milli fəaliyyət planı, 23 tədbirlər planı, 21 tədbirlər proqramı, 17 milli plan və proqram qəbul edilib. Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarda, təsdiq etdiyi Dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.

Həmçinin gömrük və vergi sisteminin şəffaflaşması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük və vergi xidməti mədəniyyətinin yüksəldilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, həmçinin struktur islahatlarının həyata keçirilməsi nəticəsində iqtisadiyyatın inkişafına geniş imkanlar açılmasına, büdcəyə vergi, gömrük daxil­olmalarının əhəmiyyətli dərəcədə artması hesabına maliyyə imkanlarının genişlənməsinə, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşmasına, bürokratik əngəllərin xeyli dərəcədə aradan qaldırılmasına nail olunub. 

Qeyri-neft sektorunda həyata keçirilən irimiqyaslı islahatların, uğurla reallaşdırılan nəhəng nəqliyyat-kommunikasiya layihələrinin, o cümlədən azad iqtisadi zonaların yaradılmasının vahid məqsəd və strategiyada birləşdirilməsi ölkəmizin, eləcə də regionun gələcək inkişafına böyük töhfələr verir.

Beynəlxalq təcrübəyə əsaslanaraq demək olar ki, belə zonalar ilkin mərhələdə anbar və tranzit zonalarından ixrac-istehsalat, daha sonra isə kompleks zonalara çevriliblər.

Azərbaycanda azad iqtisadi zonaların yaradılması uğurla davam edir. Prezident İlham Əliyevin “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında”  2017-ci il 31 may tarixli Sərəncamında deyilir ki, son illər ərzində aparılan davamlı islahatlar siyasəti respublikamızın iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Ölkə başçısının

iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın təchizat, logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədilə Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncamı, eləcə də bu sahədə görülən işlər,  gerçəkləşdirilən irimiqyaslı layihələr respublikamızda məşğulluğu təmin etmək, xarici investisiyaları cəlb etmək, müasir xarici avadanlıq və texnologiya cəlb etmək baxımından  mühüm əhəmiyyət daşıyır. Azad iqtisadi zonaların yaradılması, həmçinin istehlak mallarının və xidmətlərinin istehsalını genişləndirmək, idxalı əvəzləyən və ixrac istehsalını inkişaf etdirmək, respublikamızın ayrı-ayrı regionlarının və ərazilərinin iqtisadi və sosial potensialının inkişafı, iqtisadiyyatın real sektoruna investisiyaların cəlb olunması üçün əlverişli şəraitin təmin edilməsi, mövcud iş yerlərinin qorunması və yeni iş yerlərinin yaradılması, müasir texnologiyanın cəlb edilməsinə böyük töhfələr verib.

Bundan başqa, müasir nəqliyyat, sənaye və sosial infrastrukturun yaradılması və inkişafı, idxalı əvəzləməyə yönəlmiş istehsalın ixrac potensialının və inkişafının artırılması, qeyri-neft sektorunun şaxələndirilməsi işinin sürətləndirilməsi, xarici ölkələrlə ticarət-iqtisadi əməkdaşlığın artırılması istiqamətində ciddi nailiyyətlər əldə olunmasına şərait yaradıb. Yeni iqtisadi zonalar, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına şərait yaradır.

 Bu  iqtisadi zona daha çox nəqliyyat, logistika zonasının formalaşmasına, eləcə də investisiyaların cəlb olunmasına ciddi təkan verib. Bu iqtisadi zonanın yaradılması ilə Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını  daha da genişləndirir və ölkə ərazisinə daha çox yükdaşımalara nail olub. Bundan başqa azad iqtisadi zonanın yaradılması məşğulluğun inkişafına yüksək təsir göstərir.

Zahid Rza,

“İki sahil”