Son illər yeni inkişaf dövrünə qədəm qoyan Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər ölkəmizin iqtisadi qüdrətini daha da artırmaqdadır. Enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, makroiqtisadi sabitliyin qorunub saxlanması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik olan ölkələrindən biridir. Sözsüz ki, bütün bunları beynəlxalq qurumlar, agentliklər öz hesabatlarında daim qeyd etməkdədirlər. Dünya İqtisadi Forumunun 2019-cu il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda da bu, öz əksini tapıb. Beynəlxalq ictimaiyyətə təqdim edilən hesabatda Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 11 pillə irəliləyib. Rəqabətlilik reytinqinə görə ölkəmiz 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Bu da Azərbaycan üçün böyük uğurdur. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi siyasətin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.
Reytinq cədvəlində ümumilikdə 12 mövqe əks olunub. “İnstitutlar” mövqeyində Azərbaycan 49, “İnfrastruktur” mövqeyində 38, “Məhsul bazarı”nda 23, “Əmək bazarı”nda 21, “Biznesin dinamikliyi” mövqeyində isə 23-cü yerdə qərar tutub.
Onu da qeyd edək ki, hesabatda göstərilən faktlar onu deməyə əsas verir ki, son illərdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət Azərbaycanı dünya iqtisadi sistemində rəqabətədavamlı ölkələr sırasına çıxarıb. Eyni zamanda bu, ölkəmizə investisiya yatırılmasına da müsbət təsir göstərəcəkdir. Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
Azərbaycanın qeyd olunan uğurları əldə etməsi, şübhəsiz ki, dövlətin ölkədəki resursları düzgün istiqamətdə yönləndirmək bacarığı sayəsində mümkün olub. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan artıq donor ölkəyə çevrilib. Neft gəlirlərini iqtisadiyyatın digər sferalarına yönəltmək, infrastruktur quruculuğunu sürətləndirmək, keçmiş istehsal sahələrini yeniləşdirmək və paralel şəkildə investisiyanı ölkəyə cəlb edərək onların qorunmasına zəmanət vermək həyata keçirilən mühüm addımlardır. Bu göstəricilər Azərbaycanda bütün sahələr üzrə aparılan məqsədyönlü işin nəticəsidir. Ölkədə iqtisadi sahədə islahatların aparılması, Avropaya inteqrasiya, bazar iqtisadiyyatının tənzimlənməsi bəhrəsini verir. Bir çox sahələrin inkişafı istiqamətində görülən işlər həm ölkə daxilində, həm xaricdə ciddi qiymətləndirilir. Bundan əvvəl digər təşkilatlar da Azərbaycanın demokratik inkişafında, bazar iqtisadiyyatının qurulmasında, rəqabətlilik qabiliyyətinin yüksəldilməsi sahələrində qazandığı uğurları qeyd ediblər. Dünyanın beynəlxalq reytinq agentliklərinin, iqtisadi təşkilatların hazırladıqları hesabatlarda, reytinqlərdə Azərbaycanın hər dəfə irəlilədiyi qeyd edilir. Son illərdə qazandığı uğurlara, həyata keçirdiyi böyük layihələrə və ev sahibliyi etdiyi beynəlxalq toplantılara görə Azərbaycan Cənubi Qafqazda ən güclü dövlət olduğunu təsdiqlədi. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilə bilməz.
Bütün bu nəticələrə əsaslanaraq qeyd edə bilərik ki, Azərbaycanın qazandığı uğurlar bundan sonra da artacaq və dövlətimizin adı dünyanın ən inkişaf etmiş ölkələri sırasına qalxacaqdır.
Mənsumə Babayeva, “İki sahil”