15 aprel 2019 18:20
226

Azərbaycan alimlərinin növbəti uğuru

Bakının ürəyində yerləşən Bakı Qalası – İçərişəhər mədəni irsin nadir incilərindən biridir. Bu tarixi məkan zaman-zaman tədqiq olunub və bir çox sirləri bizlərə açıb. Lakin zaman ötdükcə, milli təfəkkür formalaşdıqca bir çox tarixi məqamlara yeni prizmadan yanaşmaq ehtiyacı duyulur və yeni elmi əsərlər meydana gəlir.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin son illərdə apardığı gərgin və sistemli elmi axtarışlar “Бакинская крепость – Ичеришехер” adlı əsərin meydana gəlməsi ilə nəticələndi. Əsər Azərbaycan elmində artıq öz sözünü demiş görkəmli alimlərin böyük zəhməti nəticəsində ərsəyə gəlmişdir.

Kitab layihənin müəllifi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovun giriş sözü ilə açılır.

Kitabda Bakı Qalasına dair geniş məsələlər spektri öz əksini tapmışdır. Burada Bakının zəngin tarixi faktlara söykənən yığcam tarixi oçerki, İçərişəhərin memarlığı, arxeologiyası, etnoqrafiyası, numizmatikası, epiqrafikası, Bakı xalçaları, Bakı mətbəxi haqqında ətraflı bəhs olunur. Əsər maraqlı elmi-populyar dildə yazılmış və zəngin tariximizi, mədəniyyətimizi oxucuya sadə tərzdə çatdırır. Kitab polioqrafiyanın son nailiyyəti səviyyəsində nəfis şəkildə, yüksək dizaynla Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Petropolis” nəşriyyat evində işıq üzü görüb. Kitab rus dilində təqdim olunub.

Kitabın məhs, rus dilində nəşr etdirməyimizin bir neçə səbəbi var. Bunlardan biri Azərbaycan ziyalılarının bütün zamanlarda qınaq obyektinə çevrilməsinin əsas səbəbi əsərlərinin ölkə hüdudlarından kənara çıxmamasıdır. Bu irad daha çox humanitar sahədə çalışan alimlərimizə aiddir. Burada zaman, dil, məkan faktorları önəmli yer tutur. Bu gün dünyada gedən qloballaşma prosesində xalqların “ölüm-dirim” mübarizəsində yaşamaq hüququnu yalnız öz tarixinə, fərqli mədəniyyətinə malik olan, onu qoruyan və təqdim etməyi bacaran xalqlar qazana bilər. O xalqlar ki, humanitar elmlər vasitəsi ilə mədəniyyətini, tarixini faktolojı materiallar əsasında dünya ictimaiyyətinə çatdıra bilir. Buna əsaslanaraq biz bu kitabı rus dilində hazırladıq. Rus dili millətlərarası ünsiyyət dili olduğundan kitabın geniş coğrafiyada yayılmasına və geniş kütlələrin Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə yaxından tanış olmağına nail oluruq. İkinci səbəb kimi ölkəmizdə turizmin inkişafı və rusdilli turistlərin əksəriyyət təşkil etdiyi bir dövrdə mədəni irsimizi təbliğ etmək istiqamətində bu kitabdan əyani vəsait kimi istifadə oluna bilər. Mühüm səbəblərdən ən əsası ondan ibarətdir ki, diaspor təşkilatlarımızda bu cür əyani təbliğat vasitələrinin yox dərəcəsində olmasıdır. Vətənə dərin, qırılmaz tellərlə bağlı olan qürbətdə yaşayan çoxsaylı həmvətənlərimiz üçün qədim və mədəni xalqın nümayəndələri olduqlarını sübuta yetirən ən tutarlı sənəddir bu kitab.

Kitabın nəşrə hazırlanmasında Rusiyanın mədəni paytaxtı sayılan Sankt-Peterburq şəhərinin Azərbaycan icması aktiv iştirak etmişdir. İcmaya rəhbərlik edən Sabir Məsimov Sankt-Peterburq şəhərinin Petroqrad rayonunun fəxri vətəndaşı, deputat, gözəl təşkilatçı və çox ciddi, vətənpərvər bir insandır. Sabir müəllim kitabın nəşri üçün lazım olan vəsaitin toplanması və nəşriyyatla işi öz üzərinə götürmüş və qısa bir müddət ərzində Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərini bir araya yığaraq işi yüksək səviyyədə icra etmişdir. Nəticədə həm məzmunca həm formaca cox nəfis, dəyərli bir kitab ərsəyə gəlmişdir.

Bütün bu işlərin başında duran Rusiyada böyük nüfuz sahibi olan həmvətənimiz, ürəyi Azərbaycanla döyünən, adını gürurla çəkdiyimiz professor, fəlsəfə qrant-doktoru, akademik, Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutunun Müşahidə Şurasının sədri, “Sankt-Peterburq Azərbaycan diasporu” regional ictimai təşkilatının fəxri sədri Heydər Məmmədrza oğlu İmanovu xüsusi qeyd etmək istərdik. Zəngin təfəkkürə malik olan bu Vətən oğlu Smolnı İnstitutunun təsisçilərindən biri kimi, bu gün Türk-Slavyan Universitetinin yaranmasında mühüm addımlar atmışdır. Gələcəyin inkişaf yolunu, regionda əmin-amanlığın bərqərar olmasını bu iki xalqın birgə fəaliyyətində görən bu müdrük insan bu gün bunun təməl daşını qoyanlardandır.

Sankt-Peterburqda mətbəədə nəşrin bütün ağırlığını üzərinə götürmüş bir vətənpərvər oğuldan da söz açmaya bilmərik. Bu, kitabın məsul redaktoru Fuad İbrahimlidir. Ziyalı, çox zəhmətkeş, təvazökar bir insan, adını dərin hörmətlə çəkdiyimiz Vətən oğlu. Taleyimizə minnətdarıq ki, Azərbaycandan uzaqlarda, gürbəttə bizi gözəl insanlarnan tanış etdi, dostlaşdırdı. Fuad müəllimlə birgə Smolnı İnstitutunun əməkdaşı, üzügülər xanım Natalya Stanislavovna Radevskayanın da bu işdə böyük zəhmətini qeyd etmək istərdik və bu mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Rusiyanın diaspor rəhbərləri ilə tanışlıq, onların əksəriyyətinin gənc olmasına baxmayaraq çox müdrük, vətənpərvər olduğunun şahidi olduq və bu da bizi çox qürurlandırdı.  

Kitabın təqdimat mərasimi bu ilin 5 aprel tarixində Sankt-Peterburqun Smolnı İnstitutunun böyük akt zalında təntənəli şəkildə keçirilmişdir. Təqdimat mərasimində diaspor təşkilatlarının rəhbərləri ilə yanaşı, Rusiyanın alimləri, ziyalıları, deputatları və s. iştirak etmişlər. Təqdimatın Sankt-Peterburq şəhərində keçirilməsi təsadüfi deyildi. Bu şəhər yüzlərlə azərbaycanlı ziyalılarının yetişməsində, inkişafında və tanınmasında Moskvadan daha çox rol oynamışdır. Digər tərəfdən, Sankt-Peterburqun Azərbaycan diaspora təşkilatı yüksək nüfuzu ilə seçilir. Bu təşkilata Rusiyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan alimlər, ziyalılar, deputatlar təmsil olunmuşdur. Onların hər biri ilə Azərbaycan fəxr edə bilər.

Təqdimat mərasimində çıxış edən natiqlər bu tədbirin Azərbaycan və Rusiyanın mədəni həyatında baş vermiş mühüm hadisə olduğunu qeyd etmişlər. Kitabın təqdimat mərasimində Rusiyadakı çox saylı diaspor nümayəndələrimizin bir araya toplaşması bir daha birliyin nümayişi idi. Fuad İbrahimli öz çıxışında bunu çox düzgün ifadə etdi: “Müəyyən tarixi dövrlərdə milləti müharibələr birləşdirir. Bu gün bizi kitab, bilik birləşdirdi. Vətənə məhəbbət onun tarixini, köklərini öyrənməkdən başlayır”.

Təxminən dörd saat çəkən təqdimat mərasimi Smolnı İnstitutunun akt zalında 200 nəfərin iştirakı ilə təntənəli şəkildə keçmişdir. Yadda qalan çıxışlardan Smolnı İnstitutunun rektoru, tarix elmləri doktoru, general Kazantsev Viktor Prokopiçin çıxışını qeyd etmək istərdik. O, çıxışında bildirmişdir ki, kitabın dünyanın ən qədim şəhərlərindən olan Bakı şəhərinə və onun incisi olan İçərişəhərə həsr olunması oxucuya bir daha Azərbaycanın çoxəsirlik tarixi ilə taniş olmaq imkanı yaradır. Kitabın rus dilində nəşri Azərbaycan və rus xalqlarının mədəni əlaqələrinin möhkəmləsində böyük rol oynadığını vurğulamışdır. Eyni zamanda, rus dili vasitəsi ilə kitabın geniş postsovet məkanında yayılmasına imkan yaradacağı haqqında bəhs etmişdir. Çıxışının sonunda natiq Azərbaycan dilində Səməd Vurğunun “Azərbaycan” şeirindən bir bəndi səsləndirmişdir. Natiqin çıxışı gürultulu alqışlarla qarşılanmışdır.

Digər natiq - Sankt-Peterburqun miqrasiya siyasəti və millətlərarası münasibətlər komitəsinin baş mütəxəssisi A.Frolovun çıxışında kitabın əsas missiyasının nəinki Rusiyada, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsi üçün mühüm bir faktor olduğunu vurğulanmışdır. Eyni zamanda, natiq qeyd etmişdir ki, kitab Sankt-Peterburqda millətlərarası münasibətlərin harmoniyasını yaratmaqda əsas rol oynaya bilər. Bu harmoniyaya yalnız biliklərə yiyələnməklə çatmaq olar.

Bu gün qədim  tariximizin, zəngin mədəniyyətimizin təbliği vasitəsi ilə dünyada gələcək mövqelərimizi möhkəmləndiririk. Bu işdə ən önəmlisi birlikdir ki, biz bu gün buna nail ola bildik.

Vəfa Quliyeva, tarix elmləri doktoru
Qənirə Pirquliyeva, tarix üzrə fəlsəfə doktoru