19 fevral 2020 20:31
1920

Azərbaycan - Avstriya münasibətləri:  Tarixi köklərə malik uğurlu əməkdaşlıq

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursu on yeddi ilə yaxındır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Dövlət başçısı Azərbaycan diplomatiyası qarşısında duran prioritet vəzifələri  müəyyənləşdirməklə xarici siyasət məsələlərini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə müəyyən olunan hədəflər uzun illərdir ki, planlı və ardıcıl surətdə həyata keçirilir. Azərbaycan bu gün müstəqil xarici siyasət yürüdən qüdrətli dövlətlərdən biridir. Ölkəmiz hazırda dünyanın bir çox dövlətləri ilə yüksək səviyyədə diplomatik, hərbi, iqtisadi və mədəni müstəvidə əməkdaşlıq edir.

Azərbaycanın çoxtərəfli əməkdaşlıq etdiyi dövlətlərdən biri də Avstriya Respublikasıdır. Avstiya ilə ilk diplomatik əlaqələrin yaradılması tarixi 1992-ci il fevralın 20-nə təsadüf etsə də, tamdəyərli əməkdaşlıq Ulu Öndərin hakimiyyət illərində qurulub.  Belə ki, 1995-ci ildə Azərbaycan Respublikasının Vyanada səfirliyi açılıb. Bakıda Avstriya səfirliyinin açılması isə 2010-cu ilin iyununda baş tutub.

Tarixə ekskurs etsək, Azərbaycan - Avstriya münasibətlərinin başlanması uzun əsrlər öncəyə  gedib çıxır.

Hələ 1473-cü ildə Azərbaycan Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən Avstriya-Macarıstan Habsburqlar Monarxiyası ilə uğurlu əlaqələr yaratmağı bacarmışdı. Hökmdar sözügedən monarxiyanın nümayəndə heyəti ilə görüşmüş, bir müddət sonra isə Nikolo Orolonu Vyana sarayına səfir göndərmişdi.  Tarixi mənbələrdə qeyd olunduğuna görə, Ağqoyunlular dövləti  var olduqca Vyana sarayı ilə ikitərəfli münasibətlərin inkişafı üçün hər iki dövlət əlindən gələni əsirgəməyib.

İkitərəfli əlaqələr müasir dövrdə də hər iki ölkənin prezidentlərinin vaxtaşırı rəsmi səfərləri ilə daha da möhkəmlənir.

Avstriyanın BMT-dəki çoxtərəfli tərksilah təşəbbüslərində Azərbaycan etibarlı tərəfdaş kimi qiymətləndirilir.

Avstriya ilə Azərbaycan arasında uğurla baş tutan siyasi  məsləhətləşmələrlə yanaşı, həm də iqtisadi münasibətlərin daha da  intensivləşdirilməsi məqsədilə müntəzəm olaraq hökumətlərarası addımlar atılır. Avropanın enerji və nəqliyyat xəritəsində mühüm rola malik olan Azərbaycan hazırda Çindən Avropaya və Rusiyadan Fars körfəzinə qədər uzanan marşrutdakı nəqliyyat qovşağı mövqeyi ilə təkcə Avstriya üçün deyil, bütövlükdə Avropa üçün strateji əhəmiyyətli tərəfdaş kimi dəyərləndirilir. 

Xatırladaq ki, aradan keçən illər ərzində hər iki ölkə arasında müqavilə-hüquq bazası yaradılmaqla qırxa yaxın sənəd, o cümlədən Azərbaycan və Avstriya arasında Dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyənnamə imzalanıb. Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəliyi, Avstriya-Azərbaycan Əməkdaşlıq Şurası ölkələrimiz arasında əlaqələrə töhfələr verir.

Ötən il Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi iki dəfə artıb. Hazırda Azərbaycanda altmışa yaxın Avstriya şirkəti sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Avstriyanın tərəfdaşlığı ilə beş tvinninq layihəsindən dördü  icra olunub, bir layihə üzrə işlər isə yekunlaşmaq üzrədir.  İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm, əczaçılıq  və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensial  mövcuddur. Həyata keçirilən tədbirlər, biznes forumlar, işgüzar görüşlər bu potensialın reallaşdırılmasında mühüm rola malikdir.

2019-cu il Azərbaycan və Avstriya arasındakı mövcud iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu il olub. Keçən ilin martında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avstriyaya səfəri ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Ötən il keçirilən Azərbaycan-Avstriya biznes forumu da hər iki ölkənin iqtisadi əlaqələrinin daha da inkişaf etməsində mühüm rol oynayıb. Avstriya iş adamları  Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini yüksək dəyərləndirirlər və ölkəmizə sərmayə yatırmaqda maraqlıdırlar. Bu cür biznes forumların təşkili qarşılıqlı əlaqələrin inkişafına verilən önəmin göstəricisi kimi diqqəti cəlb edir.

Avstriya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli uğrunda göstərilən səyləri dəstəkləyən ölkələrdəndir.

Avstriya hökuməti Azərbaycanı etibarlı və sabit tərəfdaş kimi qiymətləndirərək ölkəmizlə çoxtərəfli əlaqələrin inkişafına önəm verdiyini daim nümayiş etdirir. 

Xatırladaq ki, 2020-ci il də Azərbaycan-Avstriya münasibətlərinin inkişafı istiqamətində uğurla başlayıb. Belə ki, bu yaxınlarda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Vyanaya səfəri çərçivəsində həmin ölkədə siyasi və iqtisadi məsləhətləşmələrin, əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə ətraflı fikir mübadiləsinin aparılması 28 illik müasir diplomatik əlaqələr tarixinə malik olan ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat, humanitar və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın yaxın gələcəkdə uğurla reallaşdırılacağından xəbər verir.

Sevinc Abdullayeva, “İki sahil”