27 may 2019 11:40
1563

Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir

Müstəqillik tariximizin məhz 1918-ci ildən başlandığını önə çəkən dövlətimizin başçısı bildirir ki, müstəqillik ən böyük sərvətimiz, nemətimiz, xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir

“1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.” Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri ilə Azərbaycanın müstəqillik tarixinin məhz 1918-ci ildən başlandığına diqqəti yönəldir, eyni zamanda,  ulu öndər Heydər Əliyevin aforizmə çevrilən “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisini bir daha  xatırladır.  Cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması da dövlətçilik ənənələrinə sadiqlik kimi dəyərləndirilərək, il çərçivəsində həyata keçirilən tədbirlər tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixinin ardıcıl şəkildə vərəqlənməsinə geniş imkanlar açdı.

Qeyd olunduğu kimi,  1918-ci il mayın 28-də yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. 1991-ci il oktyabrın 18-də dövlət  müstəqilliyini yenidən bərpa edən Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində  özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki,  əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Ona görə Azərbaycan xalqı haqlı olaraq ulu öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.

Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadıqları hər kəsə məlumdur. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, Azərbaycanın bir dövlət olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanması həmin illərin xarakterik xüsusiyyətləri idi. Azərbaycan dövlətini, xalqını bu çətin vəziyyətdən ancaq və ancaq ulu öndər  Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. Bazar iqtisadiyyatına keçid məhz ulu öndər  Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. 1994-cü il sentyabrın 20-də Ümummilli Liderin gərgin səyləri nəticəsində  “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasını sürətləndirdi, davamlı inkişafına yol açdı. Məhz bu yolun uğurlu olmasının nəticəsidir ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. 2018-ci ildə  çoxtərəfli əməkdaşlığın bariz nümunəsi olan Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu mühüm addım bu günə qədər görülən işlərin zirvəsidir. Çoxların əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin 2006 və 2007-ci illərdə istifadəyə verilməsi əməkdaşlığın coğrafiyasının genişləndirilməsini şərtləndirdi.

Azərbaycanın  bu gün  hər sahədə qazandığı uğurlar, əldə etdiyi təcrübə  göz önündədir. Azərbaycan sabitləşdirici faktor kimi dəyərləndirilir. Ölkəmizin iştirakı olmadan  bölgədə  heç bir layihə  icra edilə bilməz. Azərbaycanın yerləşdiyi coğrafi məkan, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Məhz bu rolundan qaynaqlanaraq, 2016-cı il ölkəmizdə “Multikultarilizm İli”, 2017-ci il isə “İslam həmrəyliyi İli” elan edilmişdir. Dövlətimizin başçısı bildirir: “Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır.”

Hərtərəfli inkişaf üçün ölkədə sabitliyin, demokratik inkişafın   rolu inkaredilməzdir. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qısa zamanda sabitlik diyarına çevrilən   Azərbaycanda  xalqımız təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək. “Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır” söyləyən dövlətimizin başçısı  İlham Əliyev bildirir ki, çünki bu gün dünyada qütbləşmə göz qabağındadır. Böyük dövlətlər  öz təsir dairələrini genişləndirmək yönümündə səylər göstərirlər. Bu məqamla rastlaşanda ki,  dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, bu, təbii ki,  onları qıcıqlandırır. Amma bu etiraf da diqqətə çatdırılır:  “Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.”

İqtisadi tərəqqi demokratik islahatların sürətini artırır. Demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə bərqərar olunub.  Konstitusiyada əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ölkədə vətəndaşlara bütün azadlıqlar verilib. Sərbəst toplaşmaq azadlığı yüksək səviyyədə təmin edilir. Çoxpartiyalı sistem yaradılıb. Bu gün ölkəmizdə 40-dan artıq siyasi partiyanın, 3 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün təkmil qanunvericilik bazasının yaradılması da demokratik inkişafın,  sabitliyin  əsas göstəricilərindəndir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə- Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir.  Ölkədə seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq  standartlara uyğun keçirilməsi üçün  təkmil seçki sistemi formalaşdırılıb. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində Seçki Məcəlləsi qəbul olunub. Daim təkmilləşən, bütün yenilikləri özündə əks etdirən bu sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, ümumxalq səsverməsinin  beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirir. 2018-ci il tariximizə növbəti prezident seçkiləri ili kimi yazıldı.  Azərbaycan bu mühüm hadisənin demokrkatikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğunluğunu yüksək səviyyədə təmin etməklə  demokratik dəyərlərə sadiqliyini bir daha dünyaya nümayiş etdirdi.  Bütün  bunlar  ölkəmizin  beynəlxalq nüfuzunu  gücləndirir,  Azərbaycan  dünyanın  ən nüfuzlu  təşkilatlarından həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır.  2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması dövlətimizin demokratik prinsiplərə sadiqliyinin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.

Son 15 ildə ulu öndər  Heydər Əliyevin siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın ən yüksək zirvələri fəth etməsini şərtləndirir.  Hazırda Azərbaycanın adı dünyanın  xoşbəxt, islahatçı ölkələrinin sırasında çəkilir. İqtisadi imkanlarını günbəgün genişləndirən ölkəmizin beynəlxalq nüfuzu artır, əsl söz sahibinə çevrilir. Azərbaycanda sabitliyin, iqtisadi inkişafın davamlılığı yeni-yeni hədəflərə yol açmaqla yanaşı, yeni-yeni tərəfdaşlar qazanmasına da stimul verir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünyanın haqqa, ədalətə, ölkəmizin mövqeyinə dəstəyinin nümayişi oldu. Bu gün Azərbaycan ictimai, siyasi, humanitar mərkəzə çevrilib. Dünyanın yeni xarici siyasətinin ölkəmizdə müzakirə olunması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizdə olan qonaqlar  inkişafdan heyrətlərini gizlətməyərək, dövlətimizin həyata keçirdiyi siyasətə xalqın dəstəyini  böyük məmnunluq hissi ilə qeyd edirlər.

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan  Azərbaycan atdığı hər addımında bu prinsiplərə sadiqliyini təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, atılan addımlar hansısa təşkilata,  dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Məlum olduğu kimi, qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir.

Uğurlarımıza qısa baxış bu gerçəkliyi bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan inkişaf yolunda inamla irəliləyir.  Qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar gözləyir. Bu inama əsas verən əsas amil isə Heydər Əliyev siyasəti və xalqın bu siyasətə böyük dəstəyidir.  Dövlətimizin  başçısı İlham Əliyevin  bu fikirlərini yada salmaq istərdik: “Qürur hissi ilə  deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla  gedir, güclənir, möhkəmlənir və çox güclü regional  amilə çevrilibdir.”

Təbii ki, uğurlarımıza sevinən qüvvələrlə yanaşı, sevinməyənlər də var. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqama da xüsusi diqqət yönəldir. “Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır və beynəlxalq aləmdə Azərbaycanın çox gözəl nüfuzu vardır. Əgər belə olmasaydı bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsiz Şurasına qeyri-daimi üzv seçməzdi” söyləyən cənab İlham Əliyev bildirir ki,  Azərbaycana qarşı beynəlxalq mediada ədalətsiz kampaniya aparılır. Bu kampaniya ona görə ədalətsizdir ki, ikili standartlar əsasında qurulubdur: “Hər bir ölkədə qüsurlar, çatışmayan cəhətlər və sair var. Biz özümüz onları yaxşı bilirik və həll etməyə çalışırıq. Ancaq ümumi regional kontekstdən Azərbaycanı seçib hədəfə çevirmək, əlbəttə ki, ikili standartlar və anti-Azərbaycan siyasətinin əlamətidir... Ümumiyyətlə, hər bir ölkənin yerinin müəyyən edilməsi siyasəti var. Elə bil ki, kimsə burada bu ölkələrin reytinqini, yaxud da, tutduğu yerləri müəyyən etməyə çalışır.” Amma dünyanın   bu reallıqları fonunda bu fikri də  böyük inam və qətiyyətlə bildiririk  ki,  bu kampaniya Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etməmişdir və heç vaxt etməyəcək. Çünki dövlətimizin siyasətinin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. İctisadi tərəqqi, daxili sabitlik, xalq-iqtidar birliyinin sarsılmazlığı  qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa əsas verir. Azərbaycan qarşıdakı illərdə  inkişaf etmiş ölkələr sırasında addımlamaqla bir daha  düzgün qurulan siyasətin  uğurlarını dünyaya təqdim etmiş olacaq. Cənab İlham Əliyev uğurlarımıza söykənərək bildirir: “Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.”

Yeganə Əliyeva, “İki sahil”