21 may 2019 10:32
1488

“Azərbaycan canımızın parçasıdır...”

BAKIDA “TÜRKİYƏDƏN ƏSƏN MEH” RƏNGİNDƏ NÖVBƏTİ SƏNƏT ZİYAFƏTİ...

Bu günlərdə Azərbaycan Milli İncəsənət Muzeyi (AMİM)  azərbaycanlı sənətsevərləri bir araya toplayan əlamətdar bir sərgiyə ev sahibliyi etdi.

Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və  AMİM-in birgə təşəbbüsü, eləcə də “Türk Hava Yolları”nın dəstəyi ilə ərsəyə gələn “Türkiyədən əsən meh” sərgisi qardaş ölkənin Rauf Tuncer, Hüseyin Elmas və Erkin Keskin kimi məşhur rəssamlarının kətan üzərindəki bənzərsiz yaradıcılığını təqdim etməklə şəhərimizin mədəni gündəminə canlılıq gətirdi.

Xatırladaq ki, sərginin açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edərək iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəni əlaqələrin də gündən-günə inkişaf etdiyini deyərək sözügedən sərginin bu baxımdan böyük önəmini vurğulamışlar.

Adıçəkilən muzeydəki rənglər ziyafətinin tam içərisində qardaş ölkənin sənət cameəsinin önəmli isimlərindən sayılan rəssamlarla görüşümüzün məqsədi sənətkarların Azərbaycanla bağlı təəssüratlarını öyrənmək, eyni zamanda, onların yaradıcılıq dünyalarına  nüfuz etmək və sənətlə maraqlanan oxucularımızı bu rəngarəng aləmin canlı boyaları ilə yaxından tanış etmək idi.

Rəssam Rauf Tuncer 1955-ci ildə Türkiyənin Rizə bölgəsində dünyaya gəlib. Mərmərə Universitetinin Gözəl sənətlər fakültəsini bitirən rəssam 1974-1986-cı illərdə orta məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olub. Daha sonra İstanbulda şəxsi rəsm atelyesini yaradaraq sənət fəaliyyətini orada davam etdirib. Bir müddət xaricdə yaşayıb- yaradan rəssam bir çox özəl ali təhsil müəssisələrində  də çalışıb. Sənətkarın müxtəlif illərdə Türkiyə ilə yanaşı, Hollandiya, Yunanıstan, İran, Almaniya, ABŞ kimi ölkələrdə çoxsaylı sərgiləri açılıb.

Rauf Tuncerin yaradıcılığı üçün  xəttatlıq sənətinin rəngli təsviri, folklor fiqurları və islamiyyətdən əvvələ aid kitabələrin boyaların dili ilə canlandırılması  xarakterikdir. Rəssam kətan üzərindəki çalışmalarında xüsusilə də xəttatlıq sənətinin incəliklərini  rənglərin vasitəsi ilə tamaşaçısına çatdırır. Onun haqqında “Türkiyənin sənət dünyasını zənginləşdirənlər karvanında  öncül mədəniyyətin rəssamlıq rəhbəri”  kimi söhbət açılır.

Rauf Tuncer Bakının İzmirə bənzədiyini deyir. O, həm də Qobustanı görmədən, amma bu mövzuda gözəl silsilə rəsmlər yaradan nadir rəssamlardandır: “Anadoludan Orta Asiyaya qədər mədəniyyət nümunələri maraq dairəmdədir. Qobustan mədəniyyəti ilə xaricdən gətirtdiyim kitablar vasitəsilə yaxından tanış olmuşdum. Qobustana getməsəm də, haqqında çox oxuyub öyrənmişəm, oranın ruhunu uzaqdan da hiss edə bilirəm. Orxon- Yenisey abidələri də həmçinin. Biz eyni mədəniyyətin daşıyıcılarıyıq. İki dövlət olsaq da, eyni millət olaraq coğrafiyamız, düşüncə tərzimiz, həyata baxışımız eynidir, tariximiz ortaqdır. Bakıda da eynən İstanbulda olduğu kimi qədim tikililər ruhumuza daha doğma gəlir. Azərbaycanda sözə, ədəbiyyata böyük önəm verilir, buranın insanları şeirə, poeziyaya çox bağlıdırlar. Xalqın incə ruhu ədəbiyyatında daha çox öz əksini tapıb. Bakıya ilk dəfə gəldiyimə baxmayaraq burada özümü həqiqətən evimdəki kimi hiss etdim.

Azərbaycanın dərdi həmişə bizim də dərdimiz olub. Cismən burda ola bilməsək də, Azərbaycanla bağlı o qədər çox oxuyub öyrənmişik ki... Məsələn, Məhəmməd Əmin Rəsulzadənin, yaxud da Nəriman Nərimanovun nələr çəkdiyini bilirəm... Biz Qarabağ problemini də, Xocalı faciəsini də həmişə öz kədərimiz bilirik, bununla bağlı duyğularımız çox həssasdır. Xocalı bizim də qanayan yaramızdır. Azərbaycan canımızın parçasıdır...”

Rəssam Erkin Keskin 1969-cu ildə Türkiyənin Artvin bölgəsində anadan olub. Uludağ Universitetində rəssamlıq və qrafika üzrə ali təhsilini tamamlayıb. 1996-cı ildən etibarən həmin universitetdə fəaliyyət göstərir. Rəssamın müxtəlif illərdə öz ölkəsi ilə yanaşı, Rumıniya, Bolqarıstan, İsveçrə, Çin, Belarus, Makedoniya, Yaponiya, Rusiya, Fransa, İtaliya, Belçika, İspaniya, Kanada, Finlandiya, Polşa, Misir kimi ölkələrdə sərgiləri açılıb. Erkin Keskin haqqında Türkiyə sənət cameəsində “əsərləri ilə  asılılıq yaradan sənətkar” olaraq bəhs edilir. Rəssamın tablolarında səslərdən rəsm cizgilərinə keçid çox maraqlı bir tərzdə çulğaşır.

Erkin Keskin “Türkiyədən əsən meh” sərgisində daha çox qadın, skripka və durna motivlərinin üstünlük təşkil etdiyi əsərlərinin sərgiləndiyini, amma bütövlükdə bu tərzin onun yaradıcılığının sadəcə bir qolu olduğunu vurğuladı: “Mən eyni zamanda həvəskar musiqiçiyəm. Rəsmdən başqa digər bir həqiqətim də musiqidir. Yəni ürəyimin yarısını musiqiyə vermişəm. Müəyyən bir zamandan sonra yaradıcılığımda rəsm və musiqi vahid bir ritualda birləşdi. Hər bir rəsmimi kətan üzərində çalışarkən səslərlə də çox maraqlanıram. Hər bir rəsmimi fərqli səs topluluğunun, ya da melodiyanın vizual ifadəsi kimi görürəm. Hər bir rəsmimin “səsini” eşidə bilirəm və bunu digərlərinə də eşitdirməyə çalışıram. Görmə qüsuru olanlar üçün qabartmalı rəsmlər çəkirəm, onların toxunuş vasitəsilə rəsmi “görməsini” istəyirəm. Dəyişik eksperimentlərim də var-  daş və seramika üzərində qabartma elementləri ilə də çalışıram”.

Rəssam Azərbaycana ilk gəlişi olduğunu qeyd edərək Bakının gözəlliyindən, şəhərin modernləşdirilməsindən söz açdı: “Bakıda binaların üzərinə çəkilən daş örtüklər şəhərə bir bütünlük mənzərəsi verir. Amma bununla belə, fikrimcə, yeni tikilən göydələnlərlə qədim şəhərin görüntüsü arasında mülayim bir bağ qurulmasının lazım olduğunu düşünürəm. Yəni müasirliklə qədimliyin uzlaşdırılması şəhərə daha çox gözəllik qata bilər, uyumlu görünər”.

Erkin Kəskin indiyə qədər Türkiyədə sərgiləri düzənlənən azərbaycanlı rəssamlarla tanış olduğunu, Azərbaycan rəssamlığı haqqında onların vasitəsilə məlumat aldığını bildirdi. Rəssam  “Türkiyədən əsən meh” sərgisinin açılışında  mədəniyyət nazirinin və bir çox tanınmış ziyalıların iştirakını, xeyli sayda sənətsevərin sərgini ziyarət etməsini təqdir edərək bunu Azərbaycanda sənətə və sənətkara böyük dəyər göstəricisi kimi qiymətləndirdi. 

Rəssam, professor Hüseyin Elmas 1967-ci ildə Türkiyənin Mərsin bölgəsində dünyaya göz açıb. 1990-cı ildə Qazi Universitetinin rəsm təhsili fakültəsindən məzun olub.

Konya şəhərindəki Səlcuq Universitetində çalışan rəssamın indiyədək 14-dən artıq  fərdi sərgisi açılıb, müxtəlif xarici ölkələrdə 150-yə qədər sərgilərdə əsərləri nümayiş etdirilib. Rəsmləri şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılan rəssam hazırda  sənət fəaliyyətini Konyada davam etdirir. Rəssamın yaradıcılığında sufilik fəlsəfəsinin boyalarla ifadəsi aydın nəzərə çarpır. Özü bu tendensiyanı Mövlana Cəlaləddin  Ruminin vətənində yaşamağın avantajı kimi dəyərləndirdi: “Rəsmlərimdə Anadoluda mövcud olan mədəniyyətin izlərini təsvir etməyə çalışıram. Konyada yaşadığım üçün yaradıcılığımda mövləviliklə bağlı, eyni zamanda, Səlcuqlar və Osmanlı dövrünün mədəniyyətlərindən izlər var, rəsmlərimdə müxtəlifliklərin kompozisiyası sintezləşdirilib. Hazırda yazmasam da, bir müddət dövri mətbuatda sənətlə və müxtəlif rəssamların yaradıcılığı ilə bağlı yazılar yazmışam. Məncə, yazı ilə müqayisədə rəsmin azadlıq meydanı daha genişdir, rəsmdə rənglərlə daha çox “oynamaq”, istiqamətləndirmək mümkündür.  Amma yazıda gördüklərini yazmalısan. Kətan üzərində rənglərlə özümü istədiyim kimi ifadə etmək imkanımın daha geniş olduğunu düşünürəm”.  

Azərbaycana üçüncü gəlişinin olduğunu deyən rəssam bu illər ərzində Bakıda müsbətə doğru xeyli dəyişikliklərin baş verdiyini və ölkənin gözgörəsi inkişaf etdiyini bildirdi: “Estetik olaraq Bakı getdikcə gözəlləşdirilir. Bununla yanaşı Bakıda qədimliyin xüsusi həssaslıqla qorunub saxlanılmasını arzulayardım. Bundan sonra da əməkdaşlığı davam etdirməyi düşünürük. Ehtimal ki, oktyabr ayında daha bir layihə çərçivəsində Bakıya səfərim olacaq. Bundan sonra nə qədər ömrüm varsa, Bakıdan qopmağı düşünmürəm, yəqin ki, həmişə gəlib-gedəcəyəm. Dünyanın bir çox ölkələrində olmuşam. Məsələn, Sankt-Peterburqda  olarkən bir narahatlıq duyğusu adamın yaxasını buraxmır, amma Bakıda məni həmişə qəribə bir rahatlıq və doğmalıq hissi bürüyür. Bakıda qətiyyən narahatlıq hiss etmirsən. Yaxın  bölgənin eyni düşüncəli  insanlarıyıq. Azərbaycanda özümüzü həm ruhən, həm cismən tam təhlükəsizlikdə hiss edirik, bu, çox əhəmiyyətli duyğudur. Bu, yəqin ki, ata-babalarımızın “qan çəkir” kəlamı ilə bağlı məsələdir...”

Rəssam vətənində Xocalı ilə bağlı təşkil olunan tədbirlərdə çox yaxından iştirak etdiyini vurğulayaraq Türkiyədə və dünyada Azərbaycan həqiqətlərini əks etdirən, eləcə də Dağlıq Qarabağla  bağlı gerçəkləşdirilən layihələrdə bundan sonra da yorulmadan, həvəslə iştirak edəcəyini bildirdi.

Sonda isə rəsm həvəskarlarına kiçik xatırlatma: Müxtəlif texnika və janrlarda işlənmiş 51 əsərin nümayiş olunduğu “Türkiyədən əsən meh” rəngində növbəti sənət ziyafətinə hansısa səbəbdən qatıla bilməmisinizsə, hələ iştirak etmək imkanınız var- sərgi mayın 24-dək davam edəcək.

Sevinc Mürvətqızı,
Vüsal Cahanov (FOTO)  
“İki sahil”