15 mart 2019 10:40
65

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə böyük mənfəət əldə edəcək

“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb.” Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında səsləndirib.

Bu layihənin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əhəmiyyətli rol oynayıb. Bu marşrut üzrə ilkin mərhələdə “Şahdəniz” yatağından Azərbaycan qazının nəql olunacağına baxmayaraq, bu marşrut gələcəkdə Mərkəzi Asiya və İranın enerji daşıyıcılarının Avropaya tədarükü üçün vacib yola çevrilə bilər.

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” yatağının istismarının ikinci mərhələsinin işlənməsi, hasil ediləcək təbii qazın Cənubi Qafqaz Qaz Boru Kəməri,  TANAP və TAP qaz boru kəmərləri vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Qeyd etmək yerinə düşər ki, Cənub Qaz Dəhlizi kimi qlobal layihələrin genişlənməsi və şaxələndirilməsi ilə iqtisadiyyatın inkişafına nail olan Azərbaycan, eyni zamanda investor kimi mövqelərini möhkəmləndirir.  Bu layihə, həmçinin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün də əhəmiyyətlidir və ən əsası iqtisadi cəhətdən mühüm rola malikdir. Bir sözlə, “Şahdəniz” qazının ixracı Azərbaycana yüz milyardlarla vəsait gətirəcək.

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan öz qazını birbaşa Avropa bazarına daşıyaraq dünyanın ən böyük enerji bazarlarından birinə çıxış əldə edəcək: “Belə ki, Avropa dünyanın ən böyük təbii qaz idxalçısıdır və qlobal təbii qaz istehlakının 14.5%-i bu bazarın payına düşür. Bu istiqamətdə, Azərbaycan həm öz ixrac portfelini şaxələndirəcək, həm də enerji təhlükəsizliyini təmin edəcək. Çünki ixracatçı ölkələr üçün enerji təhlükəsizliyinin ən vacib elementləri məhz ixrac marşrutlarının və hədəf bazarların diversifikasiyasıdır. Cənub Qaz Dəhlizi layihəsinə qədər Azərbaycan əsasən enerji layihələrində təchizatçı qismində çıxış edirdi. Ancaq enerji layihələrində əlavə dəyər yaratmaq üçün, dəyər zənciri üzrə bütün mərhələlərdə iştirak etmək əsas şərtlərdən biridir. Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan məhz bu hədəfini reallaşdıra bilib. Belə ki, Azərbaycan bu layihənin bütün seqmentlərində əsas oyunçu olaraq iştirak edir və layihənin bir növ “lokomotiv”idir. Beləliklə, Azərbaycan öz təbii qazını öz boru kəmərləri ilə daşıyaraq, həm ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır, həm də nəqliyyat xərclərini və risklərini ciddi şəkildə azaldır. Bununla yanaşı, Azərbaycan gələcəkdə üçüncü tərəflərin qaz nəqlini də Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirərək böyük mənfəət əldə edə biləcək.”

E.Axundzadə vurğuladı ki, layihə çərçivəsində Azərbaycana birbaşa xarici investisiya cəlb olunub: “Bildiyiniz kimi, “Şahdəniz-2” layihəsinin ümumi investisiya dəyəri 22,7 milyard dollar, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin isə 4,5 milyard dollardır və bu investisiyanın da əsas hissəsi məhz Azərbaycana qoyulub. Bu da, öz növbəsində, həm ölkə iqtisadiyyatının canlanması, ölkəyə xarici valyuta axınının təmin edilməsi,  həm də məşğulluq səviyyəsinin yüksəlməsi baxımından əhəmiyyətlidir. Bu investisiya real sektora qoyulduğu üçün, eyni zamanda, müxtəlif sektorları da dəstəkləyir. Yəni qoyulan investisiyanın ölkə iqtisadiyyatına məcmu faydası əslində bir neçə dəfə daha çox hiss olunur.”

Həmsöhbətimiz onu da diqqətə çatdırdı ki, Cənub Qaz Dəhlizi layihəsi müasir texnologiya tətbiq edilərək beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilir: “Layihədə bir çox azərbaycanlı gənc mühəndislər və mütəxəssislər çalışırlar. Bu da, öz növbəsində, ölkəmizin əsas strateji hədəflərindən biri olan insan kapitalının inkişafına mühüm töhfə olacaq. Cənub Qaz Dəhlizi, eyni zamanda, bir əməkdaşlıq layihəsidir. Belə ki, Azərbaycanın bu layihəyə daxil olan ölkələrlə əməkdaşlıq əlaqələri daha da artacaq. Xüsusilə Cənub Şərqi Avropa ölkələrində təbii qaz bazarları yeni-yeni formalaşır, hətta Albaniya və Monteneqro kimi ölkələrdə təbii qaz infrastrukturu yoxdur. Bu ölkələr də, öz növbəsində, Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlıdır. Beləliklə, bu bazarlarda “daunstrim” layihələrinin həyata keçirilməsində, Azərbaycan aktiv rol alaraq öz gəlirlərini daha da optimallaşdıra biləcək.”

Orxan Vahidoğlu, “İki sahil”