24 aprel 2019 18:21
924

Azərbaycan-Çin münasibətləri möhkəm təməllər üzərində qurulub

“Azərbaycan-Çin münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu əməkdaşlığı dostluq, tərəfdaşlıq kimi xarakterizə etmək mümkündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iki dəfə Çin Xalq Respublikasına rəsmi səfər edib”.

Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Çinlə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsi ilə bağlı çox vacib sənədlər imzalanıb: "Hesab edirəm ki, bizim münasibətlərimiz siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə edib. Təbii ki, Azərbaycan da vahid Çin ideyasını dəstəklədiyini açıq şəkildə bəyan edir. Çinlə iqtisadi cəhətdən əməkdaşlığımız genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları iştirak edirlər. Güman edirəm ki, gələcəkdə bu istiqamətdə bizim səylərimiz daha da genişlənəcək. Eyni zamanda ,Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim İpək Yolunun bərpa edilməsi ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır”.

Baş nazirin müavini qeyd edib ki, bu gün Prezident İlham Əliyevin  Çinə səfəri də bu dövlət  tərəfindən reallaşdırılan 2-ci “Bir kəmər, bir yol” layihəsi üzrə keçirilən böyük beynəlxalq konfransda iştirakla bağlıdır: “Bu layihənin həyata keçirilməsində bu və ya digər formada iştirak edən dövlətlər həmin konfransda təmsil olunurlar. Təbii ki, Azərbaycan da həmin layihənin həyata keçirilməsində yaxından iştirak edir. Bu mənada Azərbaycan Prezidenti də həmin konfransda Azərbaycanı təmsil edir. Beləliklə hesab edirəm ki, dünyanın ən böyük iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafeylərinə tamamilə uyğun gəlir. Belə hesab edirəm ki, kifayət qədər ciddi əsaslar mövcuddur ki, bu əməkdaşlıq daha da genişlənsin və inkişaf etsin”.