11 avqust 2020 15:14
1019

Azərbaycan dünya birliyinə uğurla inteqrasiya edir

“Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət yürüdən ölkədir. Hazırda müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, in­ki­şaf yolu var.”

Bu fikri YAP Sabirabad rayon təşkilatının fəalı İbrahim Kərimov “İki sahil”ə açıqlamasında söylədi.

İ.Kərimov qeyd etdi ki, hər bir dövlətin və xalqın taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda bö­yük nüfuza malik liderə ehtiyac duyulur: “Bu gün ulu öndər Heydər Əliyevin layiqli da­vam­çısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır. Prezident İlham Əliyev müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən Vətənimizin və xalqımızın xeyrinə məharətlə istifadə edir, ölkəmizi bütün risklərdən uğurla qoruyur. Dövlətimizin başçısı müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünyada baş verə biləcək bütün dəyişiklikləri əvvəlcədən görür və ölkəmizi həyatın bütün sahələrində qələbəyə qovuşdurur.”

Həmsöhbətimiz bildirdi ki, dünyanı cənginə almış COVID-19 pandemiyasına qarşı Prezident İlham Əliyevin beynəlxalq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü müasir şəraitdə qlobal həmrəyliyin və əməkdaşlığın yeni imkanlarının dəyərləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin sözügedən təşəbbüsü irəli sürməkdə məqsədi də məhz dünya dövlətlərini ümumi bəlaya qarşı səyləri birləşdirməyə səsləməkdən ibarətdir. Dövlətimizin başçısının təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə qərarın qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz ifadəsidir. Azərbaycanın dünya birliyinə uğurla inteqrasiyası onu beynəlxalq münasibətlər sisteminin ən fəal və çevik iştirakçılarından biri kimi tanıdıb. Dövlət başçımızın qlobal əhəmiyyətli təşəbbüsləri beynəlxalq formatlarda müzakirə predmetinə çevrilir. Bu xüsusda Prezident İlham Əliyevin beynəlxalq miqyaslı siyasi lider kimi statusu getdikcə yüksəlir. Dövlət başçısı İlham Əliyevin beynəlxalq miqyasda gündən-günə artan yüksək nüfuzu Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur. Bu gün dünya iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir.”

Cavid Əkbərov, “İki sahil”