14 oktyabr 2020 18:19
1310

Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz

Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanması dövlət-xalq-ordu birliyinin, həmrəyliyinin təcəssümüdür

«Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.» Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə bir daha dövlətimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olduğunu bildirir. Azərbaycan bir qarış torpağının belə düşmənə verilməyəcəyini bəyan etməklə yanaşı, bunu həm diplomatik müstəvidə, həm də döyüş meydanında  təsdiqləyir. Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatlarının qarşısı rəşadətli   Azərbaycan  Ordusu  tərəfindən qətiyyətlə  alındı. Silahlı Qüvvələrimiz  uğurlu əks-hücum əməliyyatları həyata keçirməklə düşmənə ağır zərbələr endirdi, bir çox yaşayış məntəqələrimiz, strateji yüksəkliklərimiz, Cəbrayıl şəhəri  işğaldan azad olundu.  10 gündə Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi əsasında  qurduğu ordu darmadağın edildi. Bu, Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisidir.  Nəticədə Ermənistana hərbi müstəvidə ciddi dərs verildi,  aciz duruma düşdü, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar qarşısında diz çöküb  sülh danışıqlarının bərpa olunmasına Azərbaycanı razı salmaq üçün  yalvarışlar etdi. Azərbaycan dövlətinin qətiyyəti, xalqın iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində  işğalçı, təcavüzkar Ermənistan sülhə məcbur edildi. Azərbaycanın döyüş meydanında qazandığı uğurlar status-kvonun dəyişməsi ilə nəticələndi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev xalqa müraciətində qətiyyətlə  bildirmişdir: “Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti.»

Cənab İlham Əliyev xalqa müraciətində bu fikirləri də böyük qürur hissi ilə qeyd etmişdir ki, bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan   bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarımızda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər - onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik - 18 tank. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur, Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz. 

Haqq mübarizəsində  Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu  bir daha təsdiq etdi. Bu qələbə, eyni zamanda,  Vətən torpaqları uğrunda bütün şəhidlərimizin nigaran ruhlarının da azad edilməsidir. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar qətiyyətli mövqeyi  ilə  Azərbaycanın sözünü imzası qədər əhəmiyyətli edən    Prezidenti və müzəffər ordusu ilə fəxr edir. Dövlətimizin başçısı İlham Əliyevə hər gün üvanlanan minlərlə təşəkkür və minnətdarlıq məktublarında  gələcəyə, torpaqlarımızın tamamilə işğaldan azad olacağına böyük inam hissi yer alır.

Bu günlərdə  Sosial Tədqiqatlar Mərkəzinin “İkinci Qarabağ müharibəsi: ictimai rəydə” mövzusunda keçirilmiş sosioloji sorğusunun nəticələri də bir çox məqamlara aydınlıq gətirdi. Sosioloji sorğu çərçivəsində Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Yuxarı Qarabağ, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonları əhatə olunmaqla  ümumilikdə 2758 respondentin rəyi öyrənilib. Respondentlərin mütləq əksəriyyəti- 94,4 faiz  dövlətimizin  və 94,8 faiz  Azərbaycan xalqının  müharibəyə tam hazır olduğu fikrini bölüşüb. Azərbaycan Ordusunun gücü rəyi öyrənilənlərin 98 faizi tərəfindən yüksək qiymətləndirilib. Ölkə Prezidentinin Dağlıq Qarabağ problemini hərbi yolla həll edəcəyinə inamını bəyan edən respondentlər ümumi rəyi öyrənilənlərin 93,1 faizini təşkil edib. Sorğu çərçivəsində əldə edilmiş ictimai rəyin təhlilinə əsaslanaraq Azərbaycanın birinci Qarabağ müharibəsində itirdiyi torpaqların son döyüşlərlə geri qaytarılmasını şərtləndirən əsas faktorlar  ilk olaraq xalq-Prezident birliyi, Azərbaycan dövlətinin güclü ordu quruculuğu təşəbbüsləri, Azərbaycan dövlətinin reallaşdırdığı güclü daxili və xarici siyasətdir.

Göründüyü kimi, yazının əvvəlində dövlətimizin başçısı İlham Əliyevin böyük qətiyyətlə idarəçilik sahəsində görülən işlərin yol açdığı uğurlar ölkə vətəndaşları arasında keçirilən sorğunun nəticələrində də öz aydın ifadəsini tapır. Azərbaycanın uğurlu daxili və xarici siyasəti nəticəsində  beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi bugünümüzün reallıqlarından aydın görünür. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, ölkələr, xalqlar arasında körpü roluna daim yeni-yeni əlavələr edir. Ən əsası ölkəmiz əks qütbləri bir araya gətirən, birləşdirici, sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirib. Təbii ki, bu uğurlara yol açan əsas amillərdən biri də dövlətimizin ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən mövqeyidir.

Dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan təşəkkür məktublarında da  yer alan  «Sizin “Ermənistana axırıncı şans veririk, axırıncı şans. Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb” sözləriniz hər kəsi daha da qürurlandırdı» kimi fikirlər ölkə Prezidentinin dövlət maraqlarını hər şeydən  üstün tutmasının  vətəndaşlarda necə böyük ruh yüksəkliyi yaratdığını nümayiş etdirir. Cəbhə bölgələrindən çəkilən kadrlardan da göründüyü kimi, Ermənistan silahlı qüvvələrinin  mülki əhalini, yaşayış məntəqələrini  hədəfə almasının yaratdığı  stresə, çaşqınlığa baxmayaraq, sakinlərin heç biri həmin əraziləri tərk etmir, dövlətimizin başçısı İlham Əliyevə və güclü, qüdrətli Ordumuza güvəndiklərini bildirirlər.  Prezident-xalq birliyi bu gün də əldə olunan uğurların əsasında dayanır.   

Qazanılan qələbəni tarixi qələbə adlandıran ölkə  Prezidenti bildirir: «Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı bərpa edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənib. Qovacağıq onları axıra qədər.»

Dövlətimizin başçısı İlham Əliyevin özünün rəsmi “Twitter” səhifəsində «Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!» paylaşımı da qələbələrimizin davamlı olmasının təsdiqidir. Zəfər sizinlədir, Azərbaycan əsgəri!

Azərbaycan hərb meydanında uğurlarını diplomatik müstəvidə də davam etdirərək işğal altında olan bütün torpaqlarımızın azad olunması,  ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində ciddi iradə nümayiş etdirir. Azərbaycan Ordusunun döyüş meydanında qələbələri həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə göstərdi ki,  “münaqişənin hərbi həlli yoxdur” anlayışı yanlışdır. Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü Ordusu vardır.  Dövlətimizin başçısı İlham Əliyev  xalqa müraciətini bu nidalarla tamamlamışdır: “Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi “Instagram” səhifəsindəki  paylaşımda «Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!» fikirlərinin davamı olaraq  bu paylaşımı da etmişdir ki, hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!”.

Bütün bu qeyd etdiklərimiz fonunda belə bir əminliyi də böyük inamla bildiririk ki,  üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün çox uzaqda deyil.

Yeganə Əliyeva, «İki sahil»