11 iyun 2019 11:02
222

Azərbaycan gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

Müsahibimiz Bakı Slavyan Universitetinin tələbəsi Murad Sadıqovdur

- Murad, ilk olaraq özün haqqında danış.

- 1999-cu il oktyabrın 6-da Bakı şəhərində dünyaya gəlmişəm. 2005-ci ildə 170 saylı tam orta məktəbə daxil olmuşam. 2016-cı ildə Bakı Slavyan Universitetinə(BSU) qəbul olunaraq tələbə adını almışam. Hazırda bu universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin üçüncü kursunda oxuyuram. Asudə vaxtlarımı daha çox idman etməklə və gəzintiyə çıxmaqla keçirirəm. Yeni Azərbaycan Partiyası  BSU ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədriyəm. Bir neçə ay olar ki, bu vəzifəyə seçilmişəm. Bunun üçün başda rektorumuz Nurlana Əliyevaya, Yeni Azərbaycan Partiyası universitet ərazi ilk partiya təşkilatının  sədri Sevinc Axundovaya dərin minnətdarlığımı bildirirəm.

- Səncə, ixtisası düzgün seçmək nə dərəcədə önəmlidir?

- Mən ixtisasımı tam azad şəkildə özüm seçmişəm. Çünki diplomatiya və beynəlxalq əlaqələr hər zaman maraq dairəmdə olub. İnsanlar peşə seçərkən onların qərarlarına təsir edəcək bir çox amillərlə qarşılaşırlar. Bəzi hallarda insanın peşə seçimində həyat şərtləri də rol oynayır. Ancaq peşə seçiminə təsir edən əsas faktorlardan biri məhz ailədir. Demək olar ki, bir çox uşaqlı ailələri düşündürən əsas sual da övladlarının “Böyüyəndə kim olacaq” sualıdır. Ümumiyyətlə, peşə seçimi elə bir anlayışdır ki, biz özümüzə hər hansı bir ixtisas seçməklə bir növ gələcək həyatımızı da zəmanət altına almış oluruq. Əlbəttə, valideynlər öz uşaqlarının uğurlu mütəxəssis olmasını istəyir. Ancaq bu o demək deyil ki, gənclər mütləq şəkildə valideynin peşəsini davam etdirməlidirlər. Mənim fikrimcə, ixtisas seçimində iki əsas faktor var: sevmək və müstəqil olmaq.

- Yeni Azərbaycan Partiyasının bugünkü fəaliyyəti haqqında nə deyə bilərsən?

-Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti məhz gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.

- Murad üçün Vətən hansı anlamı ifadə edir?

-Vətənini, millətini sevən insan, eyni zamanda, ailəsinə də ehtiramla yanaşır, can yandırır, Vətən uğrunda canını belə verməyə hazır olur. Artıq kiçik yaşlarından vətənpərvərlik ruhunda böyüdülən bir şəxs gələcəyi ilə bağlı düşünərkən daha çox Vətəni, milləti üçün fikirləşir. İnsan özlüyündə bu sualı verməlidir ki, mən xalqımın, millətimin rifahı üçün nə etməliyəm, inkişafı üçün hansı işləri həyata keçirməliyəm sonra isə sualların cavabı naminə əlindən gələni etməlidir. Mən Vətənim üçün hər an hər şey etməyə hazıram. Özümdə lazımi iradəni, gücü, əzmi, vətənpərvərliyi, qəhrəmanlığı, mərdliyi görə bilirəm. Çünki mən Azərbaycan torpağının oğluyam.

- Mütaliə cəmiyyətin gələcək inkişafı üçün hansı önəmi daşıyır?

-İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə, eyni zamanda, onun mənəvi inkişafı, digər insanlarla müasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə mühüm rol oynayan əsas amillərdən biridir. Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki, çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. Kitab oxumağı alışqanlıq halına gətirmiş insanlar bunun üçün hər fürsəti dəyərləndirirlər. Oxuyan və oxuduğunu yaxşı dəyərləndirməyi bacaran insan hər zaman öndədir, fərqlidir, mübahisə və müzakirə bacarığı yaxşı olan biridir.

- Dövlətimizin gənclərimiz üçün yaratdığı imkanlara münasibətin necədir?

- Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin vacib qüvvəsinə çevrilib. Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində Dövlət proqramları qəbul edilir. Son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir dövlət siyasətində gənclərlə iş önəmli yerlərdən birini tutur. Bu gün Azərbaycanın gənclər siyasəti nəinki regionda, bütün dünyada müasir və uğurlu model kimi qiymətləndirilir.

- Gənclərimizi necə görmək istəyirsən?

-Gənclər millətin varlığının əsas təməlidir. Hər bir gənc təhsil almalıdır və ölkəsi, milləti üçün savadlı və intellektual şəxsiyyət kimi yetişməlidir. Azərbaycan gəncliyini özünə inanan, sevgi dolu, kitab oxuyan, filmlərə baxan, rəsm sərgilərinə, teatrlara gedən və öz yolunda vicdanlı biri kimi görmək istəyirəm. Daim gündəmi, yerli və xarici xəbərləri izləsinlər, informasiya qəbulunu ləngidib, dayandırmasınlar. Gündəmdən daim xəbərdar olsunlar. Dünyagörüşləri, intellektual səviyyələri, savadları daim yüksək səviyyədə olsun. Bütün bunlar üçün də daim öz üzərilərində işləsinlər. Xarici ölkələrdə himnimizin səsləndirilməsi, bayrağımızın dalğalandırılması, Azərbaycan adının lövhələrdə ilk sıralarda yazılması məni xoşbəxt edir, qürurlandırır. Gənclərimiz heç bir pis vərdiş aludəçisi olmasınlar. Bu onların həm sağlamlıqlarını, həm hazırkı, həm də gələcək həyatlarını məhv etmiş olur. Gələcəyimizin zərərli vərdişlərlə “qaraldılmasını” istəmirəm. İstərəm ki, onun yerinə idmanla məşğul olsunlar. Bu, onların sağlam yaşamı üçün də çox faydalı seçim olardı.

- Murad, gələcəklə bağlı hansı planların var?

-Allahın da izni ilə, özümü gələcəkdə hərbi sahədə görürəm. Bütün planlarımı məhz bu arzum üzərində qurmuşam. Məqsədimə nail olacağıma da əminəm. Fikrimcə, Vətənin keşiyində durmaq bütün şərəfli işlərin baş tacıdır. Gələcəyimin qalan hissəsini Vətənimin firavanlığına həsr etməyi düşünürəm. Bunun üçün gücüm çatan  bütün işləri görməyə hazıram.

Yaqut Ağaşahqızı, “İki sahil”