10 iyun 2019 10:29
869

Azərbaycan gəncliyi bilikli, savadlı, yenilikçi və vətənpərvərdir

Müsahibimiz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Elcan Məmmədovdur

- Elcan, ilk olaraq özün haqqında danış.

-Mən, 2000-ci ilin 11-ci ayının 8-ci günündə Bakıda, Əmircan qəsəbəsində dünyaya gəlmişəm. Uşaqlığım loru dildə desək, “kənd uşaq”larının içində keçib. Bağçaya getməmişəm. Hövsanda, 281 saylı məktəbdə orta təhsilimi bitirmişəm. Həyatımın, yaşadığım müddətin ən parlaq günlərini məhz 6 hərflik məktəb sözünün, o sözə məxsus olan binanın içində keçirmişəm. Ən əsası da nədir? “Ana, Vətən!” kəliməsini yazmaq, duymaq, anlamaq. Qarşıma çoxdan məqsəd qoymuşdum. Qoymuşdum ki, “mən jurnalist olacağam!” Bu məqsədə addımladım. Bəlkə də indi Jurnalistika fakültəsinin tələbəsi olaraq qəzetə müsahibə verməyimi, 1 il əvvəl, yuxusuz qaldığım gecələrimə borcluyam. Hansı ki, testlər yazırdım, tarix oxuyurdum, özümü, yəni ədəbiyyatı oxuyurdum. Bacardım! Jurnalistikanın bir parçası oldum...

- Niyə məhz jurnalistikanı seçdin?

-İxtisasımı əlbəttə, özüm sevib-seçmişəm. Jurnalistikaya sənət deyənlər də var, ixtisas deyənlər də. Mən həmişə qeyd etmişəm, mən jurnalistikaya peşə deyirəm. Fədakarlıq, iradə, dürüstlük, cəsarət, səmimiyyət, əlbəttə, bir də, vətənpərvərlik sevdası... Biz müharibə şəraitində yaşayırıq. Bizim borcumuz Vətənimizin yaralarına məlhəm olmaqdır. Bu peşəyə məhz millətimin uğrunda şəhid ola biləcək qədər şərəfli, səmimi bir Azərbaycan oğlu, gənci olaraq gəlmişəm. Buna inanıram, özümə inanıram.

- Elcan, mütaliə üçün zaman ayırırsanmı, son oxuduğun kitab haqqında təəssüratların necədir?

-Gənclərimizin inkişafı üçün mütaliə mütləq lazımdır. Çünki söz sənəti, yaradıcılıq, ədəbiyyat, bunların hamısı xəzinədir. İstər Azərbaycan, istərsə də xarici ədəbiyyatdan faydalanmaq bizim üçün kifayət qədər önəm daşıyır. Fikrimcə, fərqli janrlarda kitab oxumaq daha faydalıdır. Mən özüm ən çox dedektiv janra üstünlük verirəm. Mütaliə oxumaq jurnalist üçün xüsusilə vacibdir ki, söz bazasını artırır. Ən son oxuduğum kitab Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” əsəri olub. Bu kitabdan çıxardığım nəticə budur ki, müharibə təkcə döyüş meydanında olmur. Hətta arxa cəbhədə də dövlətə xəyanət edən dövlətin içindəki düşmənlərə qarşı mübarizə aparılmağından bəhs edir. Hətta bu insan, qardaşın belə olsa...

- Hansı musiqi janrı, ifaçı sənin iç dünyana daha yaxındır?

- Musiqi dünyam çox fərqlidir. Çünki dinlədiyim musiqilər keçən əsrin 80-ci, 90-cı illərinə aiddir. Retro, estrada janrında musiqilərə qulaq asıram. Mənim musiqi dünyamı, əlbəttə, Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Flora Kərimova, Elxan Əhədzadə və bir çoxları işıqlandırır. Bəstəkarlara da sevgim çox böyükdür. Emin Sabitoğlu, Elza İbrahimova, Xəyyam Mirzəzadə. Bu insanlar bizim məmləkətimizin, bizim incəsənətimizin əvəzolunmaz sənətkarlarıdır.

- Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bir gənc vətəndaş kimi buna münasibətin necədir?

- Bəlkə bir zamanlar bizi müharibəyə görə, neftimizə görə tanıyırdılar. Dünya xəritəsində kiçik bir ulduz kimi görünsək də, o ulduz keçirilən bu beynəlxalq tədbirlərin nəticəsində bütün dünyaya parladı. Dahi şəxsiyyət Heydər Əliyev də illər əvvəl bu parıltını duyub, hiss edib, demişdir: “Azərbaycan dünyaya günəş kimi doğacaqdır!”.

- Cavablarından da hiss olunur ki, Vətəninə hədsiz bağlısan. Vətən sənin üçün hansı anlamı ifadə edir?

- Doğma ocaqdan, eldən-obadan və nəhayət, insanın qəlbindən başlanır Vətən! Azərbaycan xalqı hər zaman öz Vətənini sevmiş, onun uğrunda hər bir qəhrəmanlığa, hər cür mübarizəyə hazır olmuş, Vətəni canından əziz tutmuşdur. Qədim və şərəfli tarixə malik Azərbaycan xalqı da öz azadlıq və istiqlaliyyəti uğrunda əsrlərlə mübarizə aparmış, onun naminə minlərlə oğul və qızını qurban vermişdir. Azərbaycanı ucaldan, onu şöhrətləndirən də vüqarlı oğulları, yenilməz qızlarıdır.  Hardan başlanıb, harda qurtarsa da, bütövlük, ayrılmazlıq amalında birləşir Vətən!..

- Elcan, bəs gündəmi  haradan izləyirsən?

-Operativ, dəqiq, obyektiv və qərəzsiz fəaliyyət yolu ilə seçilən xəbər saytları və portallarından izləyirəm. Mənim üçün ən əsas olan odur ki, informasiyanı olduğu kimi qəbul edim. Necə varsa elə də ötürüm. Çünki mən keyfiyyətli xəbəri hər şeydən üstün tuturam. Mən xəbərləri siyasi və ictimai xəbərlər kimi qruplaşdırıram. Siyasi xəbərləri əsasən, rəsmi fəaliyyət prinsipi olan kütləvi informasiya vasitələrindən  oxuyuram. İctimai informasiyaları xəbər saytlarından, sosial şəbəkələrdən ( (“Facebook”, “İnstaqram” və “Twitter”dən) izləyirəm. Mən ümumiyyətlə, hər şeydən məlumatlı olmağı sevirəm. Bəlkə də bu həm də ixtisasımla bağlıdır. Sanki informasiyasız çox qala bilmirəm. Hər kəsə də tövsiyəm odur ki,  çalışın keyfiyyətli xəbərlər oxuyun.

- Gələcəklə bağlı hansı planların var?

- Jurnalistika sahəsində  sahib olacağım peşəkarlıq statusumla seçilmək istəyirəm. İxtisasımı sevdiyimdən çalışmaq, əziyyət çəkmək, sonunda isə uğur qazanmaq mənim üçün çox da çətin olmayacaq. Yetər ki, mən də gələcəyin əsl jurnalsti ola bilim.

- Dövlətimizin Azərbaycan gəncləri üçün yaratdığı imkanlar haqqında nə deyə bilərsən?

-Hər bir azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Doğrudan, Azərbaycan əsl gənclər ölkəsidir. Ölkəmizin inkişafında gənclərimizin rolu böyükdür. Dövlətin gənclərə diqqət və qayğısı onların daha səylə çalışmalarında, davamlı uğurlarında stimulverici amildir. Gənclərimizin reallıqlarımızın təbliğində əhəmiyyətli rolu dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilir. 28 ilə yaxın müstəqillik tarixmizin səhifələrini vərəqlədikcə hər günün Azərbaycan gəncliyinin həyatında,  ictimai-siyasi fəallığında mühüm rol oynadığını görür və bundan qürur hissi keçiririk.           

- Elcan, gənclərimizə nələri tövsiyə edərdin?

-Dövlətimizin başçısı İlham Əliyevin Gənclər Gününə həsr olunmuş respublika toplantısında gənclərə bu çağırışını xatırlatmaq istərdim: “Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm.” Bəli, gələcəyimiz olan gənclərimiz öz Vətəninə, xalqına inanmalıdırlar. Necə əzmkar, müstəqil, müasir və güclü  dövləti olduğunu unutmamalıdırlar. Azərbaycan gəncliyi bilikli, savadlı, müasir dünyagörüşə malik, yenilikçi, ən əsası vətənpərvər olmalı və milli maraqlarımızı qorumalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”