07 may 2019 11:00
1263

Azərbaycan gəncliyini birləşdirən ən müqəddəs dəyər bizim Vətənimizdir

“İki sahil”in “Parlaq gələcək təminatçıları” adlı layihəsinin müsahibi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, vokal ifaçısı Aslan Əzimzadədir

- İlk olaraq, Aslan  Əzimzadə bir gənc olaraq  indiyə qədər hansı uğurları qazanıb?

- Deyə bilərəm ki,  yaşım az olsa da, getdiyim yol  həm uzun, həm  maraqlı, həm də gələcək uğurlarım üçün mənə  çıraq olub. 1998-ci ildə Bakıda anadan olmuşam. 2004-cü ildə Ə.Mahmudov adına 220 saylı məktəb-liseyə daxil olub, 11 illik təhsilimi həmin məktəbdə bitirmişəm.  Liseydə oxuduğum illərdə “İrəli” İctimai Birliyinə  də üzv idim. 2015-ci ildə  Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olundum. 18 yaşım  tamam olanda isə  Yeni Azərbaycan Partiyasına üzv olmuşam. Çünki  bunu  dövlətinə, onun yürütdüyü siyasi xəttə güvənən  gənc olaraq özümə borc bilirdim. 2015-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, 2016-cı ildən isə sədri olmuşam. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin  Tələbə Elmi Cəmiyyətinin sədri oldum. Bir sıra elmi məqalə və tezislərin müəllifi və həmmüəllifiyəm. 2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi “Ana dilimizi sevək, sevdirək”  ümumrespublika müsabiqəsində mahnı kateqoriyası üzrə I yerin qalibi olaraq  qızıl medal, həmçinin I dərəcəli vəsiqə ilə təltif olunmuşam. 2016-cı və 2017-ci illərdə Gənclər və İdman Nazirliyinin keçirdiyi “Tələbə Baharı” festivalında vokal nominasiyası üzrə I yerin qalibi oldum. Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın birgə təşkil etdikləri “Heydər Əliyev -93” və “Heydər Əliyev -94” bədii yaradıcılıq festivallarında vokal nominasiyası üzrə I yeri tutdum. Qırğızıstanın müstəqilliyinin 25 illiyi münasibətilə Azərbaycandakı səfirliyi tərəfindən Fəxri fərman ilə təltif olunmuşam. Həmçinin 2017-ci ildə Rusiya səfirliyinin Mədəniyyət və İnformasiya Mərkəzi tərəfindən mədəniyyət sahəsində göstərdiyim əməkdaşlığa görə Fəxri fərmanla təltif olunmuşam. 2018-ci ildə tatar xalqının mədəniyyətinin, dininin və dilinin inkişafına göstərdiyim ictimai fəaliyyətimə görə “Tatarıstan” İctimai Birliyinin  Fəxri fərmanına layiq  görülmüşəm.

- Aslan, elmə bu qədər bağlı olmağının, diqqət və sevgi ilə yanaşmağının  səbəbi nədir?

-Fikrimcə, burada təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin rolu böyükdür. Universitetdə keçirilən elmi konfranslarda mütəmadi olaraq iştirak edirdim. Elə bu illərdə də  elmi-tədqiqat işləri ilə məşğul olurdum.  Türkiyənin Isparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində keçirilən I Beynəlxalq Yerli özünüidarəetmə konqresində iştirak etdim. Bu səfərdən sonra elmi tədqiqata qarşı daha da maraq artdı.  Bu gün də elmi tədqiqata həvəsim çox yüksəkdir, hazırda diplom işimin üzərində çalışıram. Elmi tədqiqat yönündən yanaşsaq artıq “Çin iqtisadi inkişaf modelinin spesifik xüsusiyyətləri”  və “Azərbaycanda yerli özünüidarəetmə orqanlarının maliyyə mənbələrinin müasir vəziyyəti və təkmilləşdirilməsi yolları” mövzusunda iki elmi məqaləm Prezident yanında Ali Attestasiya Komissiyasının tövsiyəsi ilə nəşr olan “Azərbaycan Dövlət İqtisad Universitetinin “Elmi xəbərləri” jurnalında çap olunmuşdur. Eyni zamanda, mən qardaş Türkiyənin ən məhşur elmi saytı olan akademikkaynak.com-un yazarlarındanam və hər ay yeni elmi yazılarım orada yayımlanır. Artıq yeni hədəfim üzərində çalışıram. Bu hədəfin əsas məqsədi məqaləmin “Scopus” elmi bazasında yayımlanmasıdır. Ümumiyyətlə, elm daima irəliyə gedən bir lokomotivdir. Bu lokomotivdən geri qalmamaq üçün həmişə özünü inkişaf etdirməyi tövsiyə edərdim.

- Musiqi fəaliyyəti ilə də məşğul olursan. Bəs musiqiyə maraq nə zaman yarandı və bu sahə ilə bağlı gələcək planların varmı?

-Artıq 12 ildir ki,  bu fəaliyyət ilə həm pianoçu, həm vokalçı, həm də həvəskar bəstəkar kimi məşğulam. 2007-ci ildə 33 saylı uşaq musiqi məktəbinin fortepiano ixtisası sinfinə qəbul olmuşam. Mən özümü çox xoşbəxt hiss edirəm ki, bir müğənni olaraq, Tofiq Bakıxanov, Ceyhun Allahverdiyev, Vasif Allahverdiyev, Nailə Mirməmmədli və Pikə Axundova kimi bəstəkarlarla işləmişəm. Bu gün də bizim əməkdaşlığımız davam edir. Həvəskar bəstəkar kimi isə bir çox instrumental əsərlərim və mahnılarım var, bu işdə mənə dəyərli bəstəkarlarımız Nailə Mirməmmədli və Pikə Axundova köməklik edirlər. Həqiqətən də, bu mənim üçün bəlkə də ən böyük uğurdur ki, mən belə bəstəkarlardan dərs alıram və bu elmə yiyələnirəm. Bir müğənni kimi fəaliyyətimi daha da genişləndirərək xarici festivallara qatılmağı düşünürəm. Düşünürəm ki, respublikadaxili festivallarda qazandığım nəqliyyatlər bu istəyin məndə formalaşmasına zəmin yaratmışdır. Gələcəkdə isə Azərbaycan ladları üzərindən simfonik poema yazmağı  qarşıma məqsəd qoymuşam.

-  Qeyd etdin ki,  həm də Yeni Azərbaycan Partiyasının  üzvüsən. Bəs, Yeni Azərbaycan Partiyasına inamının səbəbi nədir?

- Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi,  Yeni Azərbaycan Partiyası həqiqətən də dünənin, bu günün və gələcəyin partiyasıdır. Əgər gənclərimiz siyasi fəaliyyət ilə məşğul olmaq istəyirlərsə məncə, birmənalı olaraq müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çalışan və gənclərin inkişafında mayak rolunu oynayan Yeni Azərbaycan Partiyasını seçməlidirlər. Partiya fəaliyyətimdəki uğurlara görə Fəxri fərmanla da təltif olunmuşam. Biz əlimizdən gələni edəcəyik ki, partiyamız inkişaf edərək öz tərəqqi zirvəsi ilə həmişə işıq saçsın. Ümumiyyətlə, bu məsələnin kökü əslində ailə faktoru ilə bağlıdır. Mənim babam 20 Yanvar şəhidi Aslan Ağaverdiyevdir. O dönəmlərdə Ulu  Öndərin şəhid ailələrinə göstərdiyi diqqəti unutmaq mümkündürmü? Xeyr! O dönəmdən bizim ailədə Yeni Azərbaycan Partiyasına, ümummilli lider Heydər Əliyevə və onun siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevə inam sonsuz olub. Mən ailəmdən bu etimad hissini görərəkdən bu partiyaya çox bağlanmışam. Təbii ki, 18 yaşım olan kimi  Yeni Azərbaycan  Partiyasına üzv oldum. Bu gün də partiyada aktiv siyasi fəaliyyət ilə məşğulam.

- Aslan Əzimzadə üçün Vətən sevgisi  hansı anlam  ifadə edir?

-Bu, mənim həyatımda ən həssas məsələdir. Vətən sanki damarımda axan  qanımdır.  Vətən mənim özümdür.  Onu da qeyd etmək istərdim ki, mənim babam Vətəni uğrunda 20 Yanvarda şəhid olub. Bakıya daxil olan ordu əliuşaqları xanımları vurur və təhqir edirlərmiş. O zaman babam və digər qeyrətli Azərbaycan oğulları həmin anaların qabağında sipər rolunu oynayaraq əsgərlərin başını qatır ki, əli uşaqlı qadınlar qaça bilsinlər. Atəş açılanda ilk şəhid olan Azərbaycan gəncləri məhz həmin sipər rolunu oynayanlar olub. Bu cəhətdən məndə Vətən sevgisi qanımla bərabər damarımda axır. Hər zaman istənilən yolla Azərbaycanımızı qorumağa hazıram. Aprel döyüşlərində bütün Azərbaycan gəncliyi, dinindən, irqindən, siyasi fəaliyyətdən asılı olmayaraq hər biri könüllü surətdə cəbhəyə getməyə hazır idi. Bu döyüşlər zamanı keçirilən aksiyalar bunun bariz nümunəsi idi. Bu da onu göstərir ki, biz Azərbaycan gəncliyini birləşdirən ən müqəddəs dəyər bizim Vətənimizdir. Mən tez-tez cəbhə bölgəsində konsertlərdə iştirak edirəm. Ən azından öz musiqimlə mənfur qonşularla olan düşmənçiliyində Vətənimə dəstək verirəm.

- Müasir gənclərin  kitabdan, mütaliədən daha çox texnoloji vasitələrdən istifadəyə maraqlı olmalarına  münasibətin necədir?

- Mütaliə bir insanın lider kimi formalaşmasının bazis şərtlərindəndir. Fərqi yoxdur elektron və ya qeyri bir vasitə əsas odur ki, oxumaq və mütaliə etmək şövqü olsun. Mən  Türkiyədə olanda tez-tez kitab fuarları keçirildiyini görürəm. Yaxşı olardı ki, bizdə də belə kitab sərgilərinin sayı artsın. Bu işlər birmənalı olaraq reklam olunsun. Azərbaycan yazıçılarının əksəriyyəti çox böyük mütəfəkkirlərdirlər. Lakin bu gün biz onların kitabını oxumaqdansa xarici ədəbiyyata üz tuturuq. Təbii ki, xarici ədəbiyyat da çox zəngin və gözəldir. Lakin bizim öz yazıçılarımıza həvəs olmasa bizdə mütaliədə hər zaman ciddi problemlər olacaq. Bu işdə aidiyyəti qurumlar daha da səmərəli çalışmalıdırlar. O ki qaldı gənclərin onlayn və virtual mühitə bu qədər həvəsli və maraqlı olmasına, bunu normal qəbul edirəm. Texnologiya dövrüdür. Sivilizasiya, inteqrasiya sürətlə və yüksək səviyyədə inkişaf edir.  İnsanın tələbləri də  hər zaman artır və sonsuzdur. Ona görə də sosial şəbəkələrdən istifadə normaldır. Mən özüm də çox istifadə edirəm. Çünki hal-hazırda böyük informasiya axını sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Təbii ki, burda mənfi cəhətlər də var, amma diqqət yetirsəniz sosial şəbəkələrdən sonra insanlar daha bilikli və dünyagörüşlü olmağa başlayırlar. Sadəcə internetdən, texnoloji vasitələrdən, onlayn mühitdən düzgün və ifrata varmayacaq dərəcədə istifadə etmək lazımdır.

- Bir gənc olaraq Azərbaycan dövlətinin parlaq gələcək təminatçıları üçün yaratdığı imkanlardan razısanmı?

- Əlbəttə. Həqiqətən o qədər böyük işlər görülür ki, hamısını təhlil edərək sadalasam, müsahibəmiz çox uzanar. Bu məsələlərdən birincisi ali təhsil müəssisələrində tələbə və doktorantların təqaüdlərinin artırılması məsələsidir. Bu məsələ bir tərəfdən tələbələri sevindirir, digər tərəfdən, ali təhsil müəssisələrindəki tələbələr arasında böyük rəqabət yaradır. Rəqabət olan yerdə inkişafın da olması danılmaz faktdır. Bu xəbər bütün ali təhsil müəssisələrində təhsil alan gənclərdə elmə və təhsilə qarşı böyük motivasiya vermişdir.  İkinci  önəmli məsələ I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıdır. Bu, həqiqətən də Azərbaycan gəncliyi üçün çox möhtəşəm və uğurlu addımdır. Həmçinin xüsusi olaraq qeyd etmək istəyirəm ki, hər il 2 fevral- Gənclər Günündə respublikamızın uğurlu gəncləri mükafatlandırılır. “Gənclər üçün Prezident mükafatı” buna misaldır. Xüsusilə cənab Prezidentin ölkənin istedadlı və qabaqcıl fəaliyyəti ilə seçilən gəncləri ilə görüşünü də qeyd etmək istərdim.  Bu sərəncamlar, mükafatlar və görüşlər dövlətin gəncliyə yaratdığı çoxsaylı imkanların bariz nümunəsidir. Gənclərimizin  uğuruna ən az  öz uğurum qədər, bəlkə də daha çox sevinib, qürur duyuram. Azərbaycan gəncliyi dünyanın ən qüdrətli gəncliyidir. Mən əminəm ki, gənclərimiz Azərbaycanın gələcək  inkişafında çox böyük rola malik olacaqlar.

Yaqut Ağaşahqızı, “İki sahil”