21 may 2020 11:02
1263

Azərbaycan həmişə üzüağ, alnıaçıq olub

Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib

Bunu dövlətimizin başçısı İlham Əliyev 3 saylı DOST mərkəzinin açılışı çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdir

Azərbaycan pandemiya dövründə istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərlə diqqət mərkəzindədir. Ölkəmiz birləşdirici rolunu pandemiya dövründə də qabarıq şəkildə büruzə verir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu müddətdə birlik, həmrəylik istiqamətində Azərbaycanın atdığı addımlara diqqəti yönəltmişdir.

“Cənab Prezident, belə bir çətin şəraitdə əhalinin sosial təminatı, pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, Azərbaycan bir sıra xarici ölkələrə yardım da edir. İstərdik bu məsələ ilə bağlı da fikirlərinizi bildirəsiniz” sualına cavabında ölkə Prezidenti vurğulamışdır ki, bu bizim apardığımız siyasətin tərkib hissəsidir. Çünki xarici siyasətə gəldikdə, həmişə əməkdaşlığa üstünlük vermişik və bunun faydasını görmüşük: “Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır.”

“Biz indi iki təşkilata sədrlik edirik və bu iki təşkilatın Zirvə görüşünü keçirmişik - Türk Şurası və Qoşulmama Hərəkatı və ən yüksək səviyyədə. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun Bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarakter daşımamalıdır və daşımır” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, çətin gündə kimin imkanı varsa, həyatda da, siyasətdə də kömək etməlidir. Bu bizim adət-ənənələrimizə də uyğundur. Bu günə qədər 13 ölkəyə yardım göstərmişik: “Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir.”

Azərbaycanın xarici siyasət uğurlarından bəhs edən dövlətimizin başçısı İlham Əliyev diqqəti 2011-ci ildə ölkəmizin 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə yönəldərək bunu diplomatik uğurlarımızın təzahürü kimi qeyd edir. Həmçinin Azərbaycanın 120 dövləti öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrliyi də xarici siyasət uğurlarımızın əsas tərkib hissəsidir. Pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşünün keçirilməsi bu baxımdan daha çox diqqət çəkən və müzakirə edilən oldu ki, Azərbaycan bu addımı ilə daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını bir araya gətirməyə müvəffəq olmuşdur. Cənab İlham Əliyev bu təşəbbüsü irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməklə dünyanı birləşdirən ölkə imicini daha da möhkəmləndirdi. Ölkə Prezidenti müsahibəsində “Bu təsisatda bir çox ölkələr cəmləşir ki, bir-biri ilə yola getmir. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Nəyə görə? Çünki biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik. Yardım edəndə bunu elə formada edirik ki, bu, yardımı alan üçün də məqbul olsun və öz işimizi bu istiqamətdə davam etdirəcəyik” söyləməklə bu məqamı da xüsusi qeyd etdi ki, pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar. Xüsusilə, ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib.

Qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, onun ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın dünyaya birlik, həmrəylik çağırışı olmaqla yanaşı, digər məsələlər kimi, koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə çevik və adekvat reaksiya verdiyini nümayiş etdirdi. Son Zirvə görüşündə vurğulandı ki, qurumun sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Həmçinin Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirildi. Qəbul olunmuş Bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir. Diqqət çəkən məqam budur ki, hər iki tədbirin sonunda qəbul olunan sənədlərdə pandemiyanın fəsadlarını aradan qaldırmaq üçün bütün sahələrdə, xüsusilə səhiyyə, iqtisadiyyat sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinin aparılmasına böyük zərurət duyulduğu, bunun üçün İşçi Qruplarının yaradılmasına çağırışlar edildiyi öz əksini tapıb. Türk Şurasına üzv dövlətlərin səhiyyə, iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videoformatda konfransı keçirildi, hər bir ölkənin istər səhiyyə sahəsində, istərsə də iqtisadi islahatların təkmilləşdirilməsi istiqamətində təcrübəsi təhlil olunaraq, birgə addımların atılmasına, həmrəyliyin nümayiş edilməsinə böyük ehtiyacın olduğu bildirildi.

Türk Şurasına üzv olan ölkələrin səhiyyə, iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin onlayn görüşündə qəbul olunan qərarlarda, həmçinin keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatına üzv dövlətlərin səhiyyə rəhbərlərinin görüşundə koronavirusa qarşı mübarizədə hər bir dövlətin həyata keçirdiyi tədbirlərin diqqətdən keçirilməsi, səylərin birləşdirilməsi əsas müzakirə mövzusudursa, düşünürük ki, Azərbaycanın təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatının təmsilçilərinin də etiraf etdikləri kimi, təqdirəlayiqdir. Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir və bu gün davam etməkdədir. Qurumun ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Hazırda Azərbaycan hökuməti əhalinin sağlamlığının etibarlı qorunması, virusun yayılmasının qarşısının alınması, həmçinin pandemiyanın yaratdığı iqtisadi və sosial fəsadları aradan qaldırmaq üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Dövlətimizin başçısı İlham Əliyevin son zamanlar istər “Mir” televiziya kanalına, istərsə də Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirlərindən geniş bəhs edərək “Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi” sualına cavabında bildirmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanladığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilir. İkinci məktubda da görülən tədbirlər təqdir edilmişdir. “İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək, qurumun Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsi ölkəmizə, ən əsası dövlətimizin başçısı İlham Əliyevə inam və etimadı nümayiş etdirir. Sammit göstərdi ki, səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. “Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik” söyləyən cənab İlham Əliyev diqqəti Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında imzalanan donor sazişinə yönəldərək bildirmişdir ki, sazişə müvafiq olaraq Azərbaycan bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdı. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdi. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək.

Reallıq budur ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sinaq qarşısında qoyub. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə. Dövlətimizin başçısı İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən soz açıldıqda Azərbaycanın adı birincilər cərgəsində qeyd olunur. Eləcə də effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur.

Yeganə Əliyeva, “İki sahil”