14 mart 2019 10:39
1327

Azərbaycan: investisiya cəlbediciliyini qoruyan və sərmayə yatıran ölkə

“Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni bu onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır.”     

Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən əsas amil ölkəmizdəki sabitlik və normal investisiya mühitinin yaradılmasıdır. Bu fakt inkaredilməzdir ki, hər bir dövlət, şirkət bu və ya digər ölkənin iqtisadiyyatına investisiya yatırarkən ilk növbədə demokratik inkişafın əsas göstəricilərindən olan sabitliyə xüsusi diqqət göstərir. Qoyulan investisiyanın təhlükəsizliyinin təminatı bütün dövrlər üçün aktuldır. Bu xatırlatmanı da edək ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə ictimai durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasına maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Baxmayaraq ki, zəngin təbii resurslara və coğrafi məkana malik olan Azərbaycana bütün dövrlərdə diqqət və maraq olub. Bu marağın 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə  ölkədə sabitliyin, normal biznes mühitinin yaradılmasından sonra daha da artdığı inkaredilməzdir. Ümummilli Lider Azərbaycanın “açıq qapı” siyasəti həyata keçirdiyini önə çəkərək xarici iş adamlarına bu çağırışı etmişdir ki, ölkəmizin qapıları bura xoş niyyətlə ayaq basan hər bir investora açıqdır. İş adamları qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. Bu günün statistikasına müraciət etsək, hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 250 milyard dollara yaxındır. Bu rəqəm Azərbaycanın bu gününə və gələcəyinə inamın göstəricisi olmaqla yanaşı, yaradılan bazanın  möhkəmliyinin nümayişidir. Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan “Sabitlik bütün inkişafın əsasıdır” tezisi Azərbaycanın bugünkü reallıqlarında öz təsdiqini tapır. Azərbaycan beynəlxalq aləmdə sabitləşdirici faktor kimi tanınır və nüfuz qazanıb. Ölkə Prezidenti bu fikri də böyük əminliklə qeyd edir ki,  xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Ölkəmizdə mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.

Bu gün fəxrlə qeyd etdiyimiz reallıqlarımızdan biri də budur ki, Azərbaycan nəinki neft-qaz, eyni zamanda, qeyri-neft sektoru sahəsində mövcud imkanları ilə dünyanın diqqətindədir.  Dövlətimizin başçısı İlham Əliyevin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tapşırığı regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin prioritetliyini aktuallaşdırdı. Bu günə qədər regionların sosial-iqtisadi inkişafı ilə bağlı  üç Dövlət Proqramı uğurla icra edilib, növbəti 2019-2023-cü illər üçün dördüncü sənəd təsdiqlənib. Dövlət proqramlarında habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və bunların fonunda əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına səbəb olub.  2004-2018-ci illərin sosial-iqtisadi göstəricilərinə nəzər yetirək. Ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində  1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik və yoxsulluq  5 faizə enib.

Cənab İlham Əliyevin çıxışlarında bu müqayisəli təhlili də diqqətə çatdırır ki, ilk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olunub. O zaman  Azərbaycan 98-ci yerdə qərarlaşmışdı. Aparılan köklü islahatlar, investisiya mühitinin  yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir: “Yəni bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Beləliklə, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin.” Ölkə Prezidenti bu müqayisəni də aparır. Bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb. Qarşıya vəzifə qoyulub ki,  bu borcu yaxın illərdə daha da azaldaq:  “Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələr orada xarici borc ümumi  daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcəkdir. Əlbəttə, əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə bilərik. Bu, bizim siyasətimizi əks etdirir.”

Bu rəqəmə də diqqət yetirsək,  Azərbaycana marağın hansı səviyyədə olduğunu görmək mümkündür. Keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Aparılan hesablamalara görə,  xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər.  Dövlətimizin başçısının qeyd etdiyi kimi, turizmin inkişafı ilə bağlı aparılan  siyasət özünü, ilk növbədə, maliyyə sahəsində  büruzə verir: “Həm ölkəmizi tanıtdırırıq, həm də pul qazanırıq.”

Azərbaycan bu gün dünyada  yalnız investisiya cəlbediciliyini qoruyan ölkə deyil, eyni zamanda, investisiya yatıran  ölkə kimi də tanınır.  Dünya enerji bazarında  mövqeləri möhkəmlənən SOCAR biri-birindən əhəmiyyətli investisiya layihələri həyata keçirməklə   imkanlarını daha da  artırır.  2008-ci ildən Türkiyənin neft-kimya sənayesinin nəhəngi sayılan  “Petkim”in idarə olunmasında söz sahibi olan və Türkiyəyə investisiya yatıran SOCAR bu günədək qardaş ölkənin neft-kimya sektorunun ən müasir texnologiyalar əsasında  yenidən qurulmasına   milyonlarla  dollar sərmayə ayırıb. Nəticədə şirkətin istehsal imkanları daha da  artıb. SOCAR-ın  sərmayə yatırdığı  ən böyük layihələrdən biri də  Azərbaycanla Türkiyənin birgə layihəsi olan TANAP-dır. Dörd mərhələ üzrə  həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinin ilk mərhələsi olan TANAP-ın tikintisi   ötən ilin iyununda  başa çatdı.

Bir mühüm hadisəni də qeyd edək ki, ötən ilin oktyabrında “Star” neft emalı zavodunun açılışı mərasimində də qeyd edilmişdir ki, müxtəlif layihələrə yatırılan sərmayələr nəticəsində SOCAR Türkiyənin ən böyük investoruna çevrilib.

“Star”  Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. O, Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq.  Cənab İlham Əliyev açılış mərasimində bu rəqəmi də açıqlamışdır ki,   “Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcək: “Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması - bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq.”

Qısa təhlildən də göründüyü kimi, Azərbaycanın təkmil islahatları davamlı iqtisadi inkişafı və maliyyə imkanlarının artmasını şərtləndirir ki, bunlar da öz növbəsində  ölkəmizin hərtərəfli inkişafına, həmçinin əməkdaşlıq əlaqələrinin genişlənməsinə  yol açan mühüm layihələrin icrasını stimullaşdırır. İnvestisiya imkanlarının genişlənməsi   ölkə iqtisadiyyatına, həmçinin Azərbaycanın digər ölkələrin iqtisadiyyatına qoyduğu sərmayələrin həcminin artmasından da aydın görünür. Əsas hədəf Azərbaycanın  bütün sahələrdə təcrübəsinin nümunə olduğunu dünyaya nümayiş etdirməkdir. Beynəlxalq maliyyə qurumlarının  hesabatlarında ölkəmizin  reytinq göstəriciləri bu hədəfimizin reallıq olduğunu təsdiqləyir.

Yeganə Əliyeva, “İki sahil”