25 sentyabr 2020 17:46
1214

Azərbaycan investisiyalar üçün ona görə şəffaf və münbit ölkədir ki…

Azərbaycan dövləti pandemiyanın fəsadlarına, neft gəlirlərimizin azalmasına baxmayaraq, sosial layihələrin icrasını davam etdrib. Eyni zamanda, pandemiya ilə mübarizə tədbirləri davam etdirilib, həm də bu dövrdə vətəndaşlara böyük sosial paket təqdim edilib. Bu il 5 milyona yaxın vətəndaş dövlət tərəfindən dəstəklənib. Yəni, iqtisadiyyatdakı fəallığın azalmasına baxmayaraq, reallaşdırılan sosial layihələr bir daha Azərbaycanın sosial dövlət olduğunu təsdiqlədi.

Bununla yanaşı, Azərbaycan regionda transmilli layihələrin həyata keçirilməsində mühüm rol oynamaqda davam edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və Azərbaycanın iştirakı ilə reallaşan layihələrdə ölkəmiz üzərinə düşən öhdəlikləri böhran şəraitində də davam etdirir.

Sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda «Abşeron» yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli televiziyalara müsahibə verən İlham Əliyev bir daha bu məsələlərə toxunaraq, Azərbaycanın gördüyü işləri dəyərləndirdi. Bildirdi ki, orada işlər plan üzrə gedir. İndi «Mərkəzi-Şərqi Azəri» adlanan yeni layihə icra edilir. Bu layihənin dəyəri təqribən 7 milyard dollara yaxındır və bu layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq və təbii ki, enmənin kompensasiyasını təmin edəcək.

Hazırda «Şahdəniz-2» layihəsi də icradadır. TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü yerdə idisə, hazırda birinci yerdədir. Bu, həm ölkəmiz, həm də Türkiyə üçün çox önəmlidir. Ölkəmizin başçısı bildirib ki, «Abşeron» yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. Eyni zamanda, «Qarabağ» yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir: «Hazırda burada gördüyümüz dayaq bloku dənizə göndəriləcək və ümid edirəm ki, bir, iki ildən sonra «Qarabağ» yatağından ilk neft hasil olunacaq. Bu yatağın özəlliyi odur ki, orada neft ehtiyatları daha çoxdur və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var. Digər çox perspektivli layihə «Dayazsulu Abşeron» adlanır və bu layihənin də perspektivi çox böyükdür. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, biz orada da böyük neft ehtiyatı aşkar edəcəyik».

Azərbaycanın bundan sonra da etibarlı qaz təchizatçısı olacağını vurğulayan Prezident diqqətə çatdırdı ki, «Abşeron»un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq.

Bu gün hazırkı əlverişsiz qlobal mühitdə əhalinin sosial rifahının səviyyəsinin aşağı düşməsinə imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın artım tempinə nail olmaq zərurəti yaranıb. Bütün bunları nəzərə alan ölkəmizin başçısı milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə qarşıya yeni vəzifələr qoyub. Bu isə əlbəttə ki, ölkə iqtisadiyyatının tərəqqisi və gələcəyi üçün böyük əhəmiyyətə malikdir.

Beynəlxalq aləmdə islahatçı Prezident kimi dəyərləndirilən cənab İlham Əliyev imzaladığı fərman və sərəncamlarla postpandemiya dövründə sosial-iqtisadi sferada islahatların vahid mərkəzdən əlaqələndirilməsi sistemini yaradır. «Sumqayıt Kimya Sənaye Parkı»nın nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı postpandemiya dövrünə hazırlıqlarla bağlı görülən işlərdən söz açan dövlət başçısı bildirdi ki, qeyri-neft sənayesinin inkişafı hər zamankı kimi prioritet olaraq qalır. Dövlət başçısı bu gün Azərbaycanın bütün sahibkarlar üçün əlverişli məkan olduğunu söylədi və həm yerli, həm də xaricdə yaşayan azərbaycanlı iş adamlarını ölkəmizə sərmayə yatırmağa dəvət etdi.

Prezident dedi ki, Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti hər zaman xarici investorların ölkəmizə marağını artırıb və bu gün də proses davam etməkdədir. Eləcə də dəfələrlə yerli investorları istiqamətləndirən cənab İlham Əliyev onların Azərbaycana investisiya yatırmaları üçün çağırışlar edib: «Mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar».

Prezident bildirib ki, əgər bütün bu amillər düzgün istiqamətə səfərbər edilsə, onda Azərbaycana investisiya axını dayanmayacaq. Çünki bu gün dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə belə addımlar atılmalıdır ki, Azərbaycan postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına yüksəlsin və vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olsun. Hər zaman yerli və xarici investorlar üçün əlverişli məkan olan Azərbaycanda sahibkarlar üçün böyük imkanlar yaradılır. Ölkəmizə investisiya yatırmaq istəyən hər bir şirkətə sənaye parklarında rezident statusu verilir, eyni zamanda, investorlara dövlət tərəfindən kömək göstərilir, güzəştli kreditlər ayrılır. İnvestorlar müəyyən müddətdə vergilərdən azad edilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezidentin çağırışından sonra sahibkarlardan reaksiyaların olduğunu deyib. Həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən iş adamları ölkəmizdə müxtəlif sahələrə investisiya yatırmağa hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, cənab İlham Əliyev bir müddət öncə rayon icra hakimiyyəti başçılarına da tapşırıqlar verərkən bu məsələyə toxunmuşdu. Bildirmişdi ki, hər bir icra hakimiyyəti başçısı rayonun iqtisadi potensialı ilə bağlı təqdimatlar hazırlamalı və yerli, xarici investorlara təqdim etməlidir: «Mən dəfələrlə icra başçıları ilə görüşlərdə demişdim ki, onların fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz bunlar olmalıdır - investisiyaları cəlb etmək, iş yerləri yaratmaq, eyni zamanda, rayon və şəhərlərdə gedən işlərə təkan vermək».

Prezidentin dediyi kimi, bu proseslər reallaşacağı təqdirdə ölkəyə, o cümlədən rayonlara böyük investisiyalar qoyulacaq və bu da, həm gəlir gətirəcək, həm də məşğulluğa müsbət təsir göstərəcək. Bir sözlə, Prezidentin investorlara çağırışı və iş adamlarının bu çağırışa dəstək vermələri onu deməyə əsas verir ki, tezliklə ölkəmizdə müxtəlif sahələrə böyük investisiyalar yatırılacaq.

Elçin Zaman, «İki sahil»