24 iyun 2019 09:48
725

Azərbaycan Kanadadan sonra ikinci olub

Sankt - Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında  2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə müəyyənləşib.

"İki sahil" xəbər verir ki, Dünya Neft Şurasının 41 üzv ölkəsinin iştirakı ilə keçirilən səsvermədə Azərbaycandan yalnız 1 səs fərqi ilə Kanada seçilib.

Azərbaycanla yanaşı Kanada, Argentina, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın mübarizə apardığı səsvermə 4 mərhələdə keçirilib. Final mərhələsinə qalan Azərbaycan 20, Kanada isə 21 səs toplayıb.    

Qeyd edək ki, Dünya Neft Şurası tarixində  ilk dəfə olaraq  səsvermə prosesi 5 namizədlə 4 mərhələdə keçirilib. Səsvermədən əvvəl ölkələrin təqdimatları dinlənilib.   Tədbirdə Energetika naziri Pərviz Şahbazov çıxış edib. Neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatlar nümayiş etdirilib. Həmçinin, Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycan xüsusi stendlə təmsil olunub.

1933-cü ildə  yaradılan, 62 üzvdən ibarət Dünya Neft Şurasına Azərbaycan 2005-ci ildə üzv seçilərək “Milli Neft Komitəsi” İB-ni təsis edib və indiyə kimi bu mötəbər qurumun tədbirlərində fəal iştirak edib.