25 iyun 2019 10:29
711

Azərbaycan MDB-də ən yüksək minimum əməkhaqqı təklif edən ölkələrdəndir

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 18-də minimum aylıq əməkhaqqının 250 manata çatdırılması, hərbi və hüquq-mühafizə orqanlarında və dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşlarının 20 faiz artırılması haqqında sərəncamlar imzalayıb.

Başqa sözlə, Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan vəsaitlər və digər islahatlar nəticəsində artan büdcə gəlirləri hesabına həyata keçirdiyi bu sosial paketi ilə 2 milyondan çox insanın əməkhaqlarını artırdı. Dövlət başçısı bu gəlirləri həmişəki kimi, yenə də xalqın rifahına yönəltdi. Təbii olaraq əhalinin gəlirlərinin artması onların alıcılıq qabiliyyətinin artmasına müsbət təsir edəcək. Həmçinin ölkəmizdə inflyasiyanın kifayət qədər aşağı olacağı gözlənilir.

İqtisadçı-ekspert Vüqar Bayramov mövzu ilə bağlı qəzetimizə açıqlamasında “Əhalinin gəlirlərinin artması inflyasiya və bahalaşmaya səbəb ola bilərmi” sualını cavablandırarkən bildirdi ki, istər əməkhaqqı, istərsə də pensiyadakı artımların istehlak bazarına təsirinin minimallaşdırılması mümkündür: “Azərbaycanda minimum əməkhaqqının 2019-cu ildə iki dəfə - 100 faizə yaxın artırılması, nəticə etibarilə, son illər MDB ölkələrində müşahidə edilməyən bir haldır. Təbii ki, nadir hallarda bir sıra ölkələrdə bu tip artımlar olur. Bu, ondan xəbər verir ki, Azərbaycanda vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi prioritetdir. Eyni zamanda, Azərbaycan son artımlardan sonra MDB məkanında ən yüksək minimum əməkhaqqısı olan ölkələr kateqoriyasına daxil oldu. Nəticə etibarilə Azərbaycan MDB-də ən yüksək minimum əməkhaqqı təklif edən ölkələrdəndir”.

V.Bayramov vurğuladı ki, sözügedən əməkhaqqı və pensiya artımı mərhələli şəkildə həyata keçirilib: “Minimum əməkhaqqının 100 faizə yaxın - iki dəfə artırılması birbaşa onunla bağlıdır ki, bazara iqtisadi və psixoloji təsir və təzyiqlər yaranmasın. Bu baxımdan mərhələli şəkildə həm minimum əməkhaqqı, həm də minimum pensiya məbləğinin artırılması bazara təsir və təzyiqləri minimallaşdırmaq məqsədi daşıyır. Nəticə etibarilə vəsaitlərin bazara mərhələli şəkildə daxil olması anlamına gəlir. Bu isə təbii inflyasiya yaradıcı effektlərin məhdudlaşdırılması və tənzimlənməsinə imkan verir”.

Cavid Əkbərov, “İki sahil”