08 may 2019 20:47
244

Azərbaycan mədəniyyətinin böyük hamisi

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində və tarixində misilsiz xidmətləri olmuşdur. XX əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyə gəlməsi ilə xalqımızın mədəni həyatında yeni dövr  başlanmışdır. Məhz o vaxtdan Ulu Öndər Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu, mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” deyən Ümummilli Lider respublikamıza rəhbərliyi dövründə  musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin  birinci dövründə onun təqdimatı ilə böyük sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşlər. Ümummilli lider Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün böyük işlər görürdü.

Ulu öndər Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. 1980-ci ildə dahi rəhbərin təşəbbüsü ilə Azərbaycanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında qərar qəbul edilmişdir. 1980-ci il 4 yanvar tarixli qərarla Azərbaycanda muzey işi ilə bağlı Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin Elmi-Bərpa Mərkəzi yaradılmışdır.

Ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövründə də muzey işinin tərəqqisi sahəsində böyük işlər görülmüşdür. Ulu Öndərin hakimiyyəti illərində Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Nəriman Nərimanovun, Abdulla Şaiqin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Məmməd Səid Ordubadinin, Bülbülün, Niyazinin, Yusif Məmmədəliyevin, Cəmşid Naxçıvanskinin və onlarla böyük şəxsiyyətlərimizin ev-muzeyləri yaradılmışdır.

Respublikamızda ilk xalça muzeyinin yaradıcısı da ulu öndər Heydər Əliyev olmuşdur. 1972-ci ildə Ümummilli Liderin iştirakı ilə açılan muzey həm də qədim xalça sənətimizə olan məhəbbətin ifadəsi idi. 1982-ci ildə keçmiş İttifaq məkanında Şərq xalça sənəti ilə bağlı I Beynəlxalq simpoziumun UNESCO səviyyəsində Bakıda keçirilməsi də Ümummilli Liderin xidməti idi. Xalqımızın böyük oğlu Heydər Əliyev Lətif Kərimov və Kamil Əliyev kimi xalça sənətkarlarına böyük diqqət və qayğı göstərirdi. Görkəmli xalça sənətkarı Kamil Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi bu sənətə qayğı və məhəbbətin ifadəsi idi.

Respublikamızda görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənəsi Ulu Öndərin adı ilə bağlıdır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Aşıq Ələsgər, Süleyman Rüstəm, Əliqulu Qəmküsar, Əcəmi Naxçıvani və başqa böyük şəxsiyyətlərimizin yubileyləri Ulu Öndərimizin hakimiyyəti illərində yüksək səviyyədə qeyd olunmuşdur. Müstəqillik illərində “Dədə Qorqud” eposunun 1300 illiyinin dünya səviyyəsində qeyd olunması Ulu Öndərin xidmətidir.

Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi, ictimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra milli mədəniyyətimizin inkişafında yeni mərhələ başlandı. Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yoluna qədəm qoydu. İ.Əfəndiyev, B.Vahabzadə,  X.Rza, M.Araz, M.Dilbazi, İ.Şıxlı, Elçin, Anar,  H.Abbaszadə, Qabil kimi yazıçı və şairləri ölkənin ən yüksək mükafatları ilə təltif edilmişdi.

Ulu Öndərimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı və diqqət göstərirdi. Onun Sərəncamı ilə 24 nəfər bəstəkar və musiqişünasa Prezident təqaüdü verilmiş, onların bir çoxu “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişlər.

1995-97-ci illərdə 3 dəfə Milli Kitabxanada olan Ulu Öndər, kitabxananın işi ilə tanış olmuş, burada oxucular və kitabxanaçılar qarşısında böyük elmi, mədəni və fəlsəfi mahiyyətə malik tarixi nitq söyləmişdir. Həmin tarixi nitqində mərasim iştirakçılarına müraciət edən Ulu Öndər demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir, ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

Dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri-teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaradıb. Son on beş ildə ölkə başçısı tərəfindən mədəniyyətin inkişafına həsr olunmuş yüzlərlə Sərəncam imzalamışdır. Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir. Prezident İlham Əliyev daim vurğulayır ki, milli mədəniyyətimiz daim zənginləşməli və inkişaf etməlidir: “Müstəqillik illərində Azərbaycan xalqının mənəvi potensialı daha da zənginləşmiş, milli mədəniyyət və incəsənət, azərbaycançılıq məfkurəsi əsasında inkişaf etmişdir”.

Zahid Rza, “İki sahil”